Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən azərbaycanlılara qarşı törədilən qəddarlıqlar, insanlığa yaraşmayan əməllər, həmyerlilərimizin qətlə yetirilməsi, diaspor nümayəndələrimizin həbs olunması respublikamızda hiddətlə qarşılandı. Bütün bunlar Rusiyada hökm sürən şovinizmdən, diskriminasiyadan və milli ayrı-seçkillikdən xəbər verir. Rusiyanın şovinist və təcavüzkar siyasət yürüdən dövlət olması dünya üçün yenilik deyil. İstər Çar Rusiyası, istər sovet dövləti dövründə tarix bu tip hadisələrlə doludur və bu siyasət indi də Rusiya tərəfindən davam etdirilməkdədir. Belə bir deyim var: imperiya ölür, lakin imperiya iştahası və düşüncəsi yaşayır. Tarixdə çoxlu imperiyalar mövcud olub və süqut edib. Çar Rusiyası da, onu əvəz edən sovet rejimi də süqut edib. Bugünkü Rusiya da imperiya siyasətini davam etdirir və əlbəttə ki, şovinist və təcavüzkar siyasət bu dövlət üçün də mənfi nəticələrə gətirib çıxaracaq. Çünki bu siyasət, şovinist düşüncə və işğalçı siyasət dünyada qəbul edilmir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirdi.
Onun sözlərinə görə Rusiyanın təcavüzkar siyasəti bu gün də davam edir. Xüsusən vaxtilə sovet ismperiyasının əsarətində olmuş və 1991-ci ildə müstəqillik qazanan dövlətlərə qarşı Rusiyanın təzyiqləri davam edir. Bu ölkədə yaşayan azərbaycanlılara qarşı törədlmiş qeyri-qanuni hərəkətlər, o cümlədən soydaşlarımızın qətlə yetirilməsi dəhşətli cinayətdir. Bütün bunlar Azərbaycana qarşı təxribatdır və dövlətimizin müstəqil siyasətinin qısqanclıqla qarşılanmasından, Azərbaycanın regionda və dünyada nüfuzlu dövlətə çevrilməsindən irəli gəlir.
Rusiyanın Azərbaycana qarşı təxribatlarının, azərbaycanlılara qarşı edilən qəddar hərəkətlərin hər birinin cavabı qəti şəkildə verilir veriləcəkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət Azərbaycanın nüfuzunu daha da yüksəldəcək. Azərbaycan bundan sonra da dünya siyasətinə, beynəlxalq proseslərə təsir edən dövlət kimi öz müstəqil siyasətini davam etdirəcək, bağlayıcı ölkə olaraq nəqliyyat dəhlizlərində mövqelərinin gücləndirəcək. Elə bu günlərdə Azərbaycanda, Xankəndi şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü də bir daha Azərbaycanın qlobal nüfuzundan xəbər verir.
Mübariz Qurbanlı qeyd etdi ki, Azərbaycana qarşı Rusiyada edilən təxribatlar, soydaşlarımıza qarşı törədilən cinayətlər respublikamızın ictimai rəyində qətiyyətlə pislənilir. Bu hadisələr Rusiyadakı şovinist və təcvüzkar siyasətin davamı kimi beynəlxalq səviyyədə, o cümlədən xarici mətbuatda da hiddətlə qarşılanır. Lakin Rusiyanın bu təxribatları heç bir nəticə verməyəcək və bundan özü ziyan çəkəcək, olan qalan nüfuzu da ciddi şəkildə zədələnəcək. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi Azərbaycan müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir. Respublikamız suverenliyini və azadlığını hər zaman qoruyacaq, müstəqil siyasətini bundan sonra da qətiyyətlə davam etdirəcəkdir.