14 iyul 2021 18:27
1973

Postmüharibə dövründə şəhid ailələri və müharibə əlilləri sosial-psixoloji dəstəklə əhatə olunub

Vətən müharibəsində şanlı Qələbəni bizə yaşadan qazilərimizin aldığı travmaların, psixoloji problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilir.  2019-2020-ci illərdə Yevlax, Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi əsaslı təmir olunaraq və yenidən qurularaq, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. 2021-ci ilin 25 fevralında dövlət başçısının iştirakı ilə ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatının açılışı olub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı Pansionat 128 palatadan ibarət olmaqla, 250 çarpayılıqdır. İldə 5 minə yaxın əlilliyi olan şəxsə effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməklə, qabaqcıl metodika və texnologiyalardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstərməyə imkan verir. 

Postmüharibə dövründə 2 951 ailəyə psixoloji dəstək, 1 300 nəfərə reabilitasiya müəssisələrində xidmət göstərilib. 84  hərbçiyə yüksək texnologiyalı protez, 957 nəfər əlilə 6 400 reabilitasiya vasitəsi verilib. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Postravmatik stress pozuntu­su diaqnozu təyin edilmiş hərbçilərə həm klinik psixoloqlar tərəfindən psixoloji yardımın müxtəlif növləri (psixoloji profilaktika, psixoloji konsultasiya, psixoloji dəstək, psixoterapiya), həm də psixiatrlar tərəfindən dərman müalicəsi təyin olunur.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov məsələ ilə bağlı “İki sahil”ə bildirdi ki, 44 günlük Vətən müharibəsi zamanı hər bir əsgərimiz, zabitimiz hər an ölümlə üz-üzə olublar. Nəticədə onların psixoloji durumunda gərginlik, posttravmatik stress pozuntusundan dolayı yaranan yuxu pozuntusu, aqressiya,  stresə qarşı dözümsüzlük, apatiya kimi halların mövcudluğunun şahidi oluruq: “Onların bir qismi müharibədən tərxis olunub, bir qismi isə hal-hazırda yenə də hərbi xidmətlərini davam etdirirlər. Ona görə də bu kateqoriyadan olan insanlara mütəmadi olaraq psixoloji yardımın göstərilməsi çox vacibdir. Müharibə iştirakçıları, qazilər, şəhid ailələri üçün psixoloji yardım düşünürəm ki, əlçatan olmalıdır. Xidmətdə olmuş hərbi qulluqçulara psixoloji yardım bir istiqamətdə göstərilə bilər. Həmin strukturun özünün tərkibində psixoloji yardım mərkəzi yaradılmalı və mütəxəssislər cəlb olunmalıdır. Onlarla əvvəlcə psixoloji maariflənmə və psixoloji prafilaktika, daha sonra isə psixoloji diaqnostika işləri aparılır. Diaqnostikadan sonra isə artıq psixoloji korreksiya işi həyata keçirilməlidir.”

Psixoloq qeyd edib ki, ucqar rayonlarda, kəndlərdə yaşayan müharibə iştirakçıları var ki, biz bəzən onların hansı psixoloji gərginlik, sarsıntı yaşadıqlarını belə, bilmirik: “Bu işdə əsas problem kadr çatışmazlığıdır. Ona görə də biz bunun üçün mövcud kadrları səfərbər etsək, daha yaxşı olar. Çox istəyərdim ki,  bu işlərə məktəb psixoloqları da cəlb olunsun. Çünki Azərbaycanın bütün bölgələrində məktəblər var və hər birində də demək olar ki, məktəb psixoloqu var. Ən azından 3 kənddən bir məktəb psixoloqunu hazırlayıb, ona ixtisasartırma təlimləri, müharibə iştirakçıları ilə ünsiyyətqurma metodları istiqamətində intensiv kurslar keçib onları da bu işə cəlb edə bilərik. Bununla da bölgələrdə, kəndlərdə olan müharibə iştirakçıları ora müraciət edib psixoloji yardım ala bilərlər.”

Röya Rasimqızı, “İki sahil”