Zaman keçdikcə cəmiyyətimizin yaxşı tanıdığı psevdodemokratlar özlərinin əsl simalarını büruzə verirlər. Yəni, həqiqətlər ortaya çıxdıqca heç kim onların yalanlarına inanmır. Yalançı karyerist siyasətbazların, saxta demokratların, fırıldaqçı “siyasi məhbuslar”ın, çirkli qrantlarla fəaliyyət göstərən bloggerlərin Vətənimiz üçün bu cür həssas bir vaxtda öz şəxsi mənafeləri naminə anti-Azərbaycan dairələrdən aldıqları maliyyə dəstəyi ilə ölkəmizə qarşı apardıqları qara piar kampaniyasını gücləndirmələri cəmiyyətimizdə ikrah hissi doğurur, hər kəsin damarında qanını dondurur. Azərbaycan əleyhdarlarının maşası rolunu oynayan bu xüsusi təyinatlı agentlər, ura-patriotlar erməni lobbisinin təsiri altında olan beynəlxalq təşkilatlardan, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarından yalnız maliyyə dəstəyi və sifarişlər almırlar. Bu xəyanətkar zümrə həm də sosial şəbəkələrdə Azərbaycana qarşı mübarizə aparmağın vasitə və metodlarını, daha doğrusu, texnologiyasını öyrənmək üçün xüsusi mərkəzlərdə geniş çeşidli təlim kursları da keçirlər. Bütün bunları sübut etmək üçün heç də dünyanın ən populyar detektivi, “Qorxu vadisi”, “Dördlərin işarəsi”, “Baskervillərin iti”, “Al-qırmızı etüd” və neçə-neçə maraqlı hekayədə müşahidə və məntiqin köməyi ilə müxtəlif cinayətlərin üstünü açan Şerlok Holms olmaq lazım deyil. Sadəcə bu zombiləşmiş sürünün sosial şəbəkələrdə, “Facebook”da, “Youtube”dakı çıxışlarına, bəzən isə özlərinin bilərəkdən və ya bilməyərəkdən etdikləri etiraflara diqqət etmək lazımdır.
Son vaxtlar antimilli düşərgənin müxtəlif cinahlarında yer alan AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, bu təşkilatın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublunun, “siyasi mühacir” donuna bürünərək ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının maşası rolunu oynayan Tural Sadıqlının, Qənimət Zahidin, Sevinc Osmanqızının, Azər Kazımzadənin ölkəmizin əleyhinə uydurduqları yalanları saxta rəqəm və “faktlarla” zənginləşdirib cəmiyyətə sırımağa çalışsalar da heç nəyə nail ola bilmirlər. Yəni arzuladıqları bəlli auditoriyanı qazana bilmirlər. Elə buna görə də yalanı yalana calayaraq şər-böhtandan, təhqirlərdən belə çəkinmirlər. Məsələ burasındadır ki, bu satılmışlar bəzi hallarda yalan danışdıqlarını, iftira atdıqlarını belə deməkdən çəkinmirlər. Mayası xəyanətlə, satqınlıqla yoğrulmuş bu qrant dəllalları, tarixdə az-az hallarda təsadüf olunan nankorlar xəyanətkarlıq simvolları öz yaxın ətrafları, trolları və sosial şəbəkələrdə saxta profillərlə fəaliyyət göstərən əlaltıları vasitəsilə dövlətimizə və dövlətçiliyimizə qarşı “cihad” elan edənlər həyasızcasına yalan danışmağın və ya faktlar, proseslərə dair fikirlərlə manipulyasiyalar edərək fikir yürütməyin normal və təəccüb doğurmayan bir hal olduğunu deməkdən belə çəkinmirlər.
Bu günlərdə antimilli düşərgənin ən fəal üzvlərindən olan, anti-Azərbaycan dairələrdən aldığı qrantlar hesabına lüks həyat tərzi keçirən S.Osmanqızının YAP Gənclər Birliyinin üzvləri, eləcə də xalqına, dövlətinə, dövlətçiliyinə bağlı media nümayəndələri haqqında söylədiyi hədyanlar bir daha onu göstərir ki, bu xanım və onun təmsil olunduğu düşərgə ağır mənəvi-psixoloji sarsıntılar girdabında boğulur. Konkret S. Osmanqızına gəldikdə, bu pəricadu “xanım”ın ermənipərəst dairələrlə birbaşa əlaqəsinin olduğunu, onlardan çirkli qrantlar hesabına ölkəmizin əleyhinə qara piar kampaniyası aparmaq tapşırığını almasını sübut edən faktlar göz qamaşdırır. Məhz onun ABŞ-dakı lüks həyat tərzi dediklərimizə şübhə yeri qoymur. Gəlin bir anlığa düşünək. Necə olur ki, təxminən 2012-ci ildə ABŞ-a köçən xanım jurnalist qısa müddətdə burada bahalı mənzil maşın alır, ən prestijli mağazalardan alış-veriş edir və sairə. Onun 261 min ABŞ dollarına alınan mənzili Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində - Biscayne küçəsində yerləşir. Bəli, çörəyi ilə böyüdüyü Azərbaycanın mənafelərini xarici ölkədə bahalı mənzilə, maşına, lüks həyat tərzinə dəyişən xəyanətkar, satqın, mənəvi-psixoloji sarsıntılar içində olan S.Osmanqızının əsl sifəti budur. Yəqin ki, indi çoxları üçün antimilli ünsürlərin mətbuat xidməti rolunu oynayan bu xanım jurnalistin qəlbində Azərbaycan xalqına qarşı bu qədər kin-küdurətin haradan qaynaqlandığı bəlli olur. Fəlsəfədən də bilirik ki, səbəbsiz nəticə, nəticəsiz səbəb olmur. Həqiqətlər üzə çıxdıqca S. Osmanqızı ifşa olunur. İfşa olunduqca da əsl siması üzə çıxır. Bu isə onu çilədən çıxarır, həyəcanlandırır, yerdən-yerə vurur, bəzən meyxoş, bəzən də turşməzə edir...
Zahid Rza, “İki sahil”