30 iyul 2021 23:32
498

Fərəh Əliyeva: Noyabrdan bəri azad edilmiş ərazilərdə görüləcək işlərin planlaşdırılması istiqamətində xeyli iş görülüb

Hər günü Azərbaycan xalqının tarixinə böyük qəhrəmanlıq salnaməsi kimi düşən 44 günlük müharibə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun parlaq qələbəsi ilə başa çatıb. Müharibə başa çatandan dərhal sonra dövlətimizin başçısının tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlanılıb. Məhz bu yenidənqurma işləri ilə yenilməzlik ruhumuzu təsdiqləyən Böyük Qayıdış planına start verilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində İdarələrarası Mərkəzin Elm, təhsil, mədəniyyət məsələləri üzrə İşçi Qrupunun rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva söyləyib.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, bütün məsələləri əlaqələndirilmiş şəkildə həyata keçirmək üçün dövlətimizin başçısının Sərəncamı ilə yaradılan Əlaqələndirmə Qərargahı nəzdində bir neçə işçi qrupu, o cümlədən Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupu fəaliyyət göstərir. Noyabr ayından bəri azad edilmiş ərazilərdə görüləcək tədbirlərin planlaşdırılması, layihələndirilməsi istiqamətində xeyli iş görülüb. Bu işləri daha dəqiq aparmaq üçün işğaldan azad olunmuş torpaqlarda İşçi qruplarının iclasları keçirilir.

“Biz dünən Ağdamda kifayət qədər məlumat topladıq. Ağdamın tarixi yerlərini ziyarət etdik, mədəniyyət abidələrinə baxdıq, Üzərliktəpədə olduq. Yaxın günlərdə orada da qazıntı işlərinə başlanılacaq. Ağdamda gördüklərimiz bizi çox sarsıtdı. Vaxtilə Azərbaycanın ən gözəl, inkişaf etmiş şəhərindən demək olar ki, heç nə qalmayıb. Amma biz inanırıq ki, Ağdam tarixi yaddaşımızda necə qalıbsa, gələcəkdə də çox parlaq şəhər olacaq”, - deyən Fərəh Əliyeva qeyd edib ki, İşçi Qrupunun üzvləri Ağdamda Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Zəfər parkının, İşğal muzeyinin tikintisi işləri ilə tanış olub, fikir mübadiləsi aparıblar.

Ağdamdan sonra Şuşada olduqlarını bildirən İşçi Qrupunun rəhbəri bildirib: “Bildiyiniz kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Orada şəhər dövlət qoruğu yaradılıb. Şuşada yüzlərlə mədəni-dini abidə var. Bu abidələrin inventarlaşdırılması tamamilə başa çatıb. Biz onların hamısına baxış keçirmişik, Ağdamın da tarixi məhəllələrinə baxmışıq, orada artıq bərpa-quruculuq işləri aparılır. Bütün kompleks tədbirlər müzakirə olunub, onların hamısı toplanacaq və müəyyən rəy təqdim olunacaq”.

Hadrutda Alban məbədində olduqlarını bildirən Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub, özünün olmayanı özününküləşdirmək olub. Bu baxımdan, təbii ki, alimlərimizin, memarlarımızın, arxeoloqlarımızın üzərinə böyük iş düşür.