KÖŞƏ

Vəli İlyasov

Burada şarlatanlıq edib qəbirdə düzəlmək kimə lazımdır?

14 sentyabr 2021 01:57
745

Dağıdıcı müxalifət burnunun ucundan uzağı görmür

Azərbaycan öz ordusunu və iqtisadiyyatını gücləndirərək cəmi 44 gün çəkən ildırımsürətli  müharibə ilə torpaqlarımızı 30 illik işğaldan xilas etdi. Bu müharibə regionda yeni reallıqlar yaratdı, o cümlədən Azərbaycanın daxilində siyasi mənzərə dəyişdi. Çünki dağıdıcı müxalifətin illərdir tirajlanan tezisləri alt-üst oldu.
Bu tezislər həm də sosial dayağı olmayan radikal qüvvələrin yapışdıqları “saman çöpü” idi. Bəhanələr sıradan çıxandan sonra dağıdıcıların mövcudluğu sual altına düşdü: indi nədən danışacaqlar, hakimiyyətə qarşı hansı ittihamları irəli sürəcəklər?
Onlar əvvəllər utanmadan “Əvvəlcə Bakını azad edək, sonra Qarabağı azad edərik”, “Bu hakimiyyətlə Qarabağı azad edə bilməyəcəyik”, “Hakimiyyət  işğal edilmiş əraziləri azad etmək iqtidarında deyil” kimi eybəcər “tezislər” irəli sürüdülər. Bu kimi tezislər dağıdıcıların çox sevdikləri tezislər idi.  Düşünmək olardı ki, Qarabağ azad ediləndən sonra narazıların bəhanələri kəsiləcəkdir. Ancaq möhtəşəm Qarabağ Zəfərindən sonra daha da həyasızlaşan bu nankorlar qələbənin miqyasını kiçiltməyə və nə qədər gülünc olsa da heçə endirməyə çalışırlar. Müharibənin getdiyi günlərdə okeanın o tayından süni ağlamaq və zarıltı səsləri də eşidilirdi: “Oyyy, ay xalqım, qoyma, iqtidar Qarabağı satır”.
Xüsusilə Vətən müharibəsində tarixi zəfərin qazanılması Azərbaycan iqtidarının gücünün, xalqın inamının dəfələrlə artırmasına səbəb olması radikal qüvvələri ciddi narahat edir. “Orkestr”in ifaçıları çıxış yolu kimi əvvəlki tezisləri başqa formada davam etdirməkdə görürlər: “Müharibə hələ bitməyib, torpaqlar tam azad olunmayıb”.
Maraqlıdır ki, bu tezis Ermənistandakı revanşist qüvvələrin və onların xaricdəki havadarlarının leksikonunda da çox işlənir.
Eyni tezislərdir və eyni fikirlər 4 istiqamətdə irəli sürülür.
Birncisi, Ermənistandakı revanşist qüvvələr Azərbaycan torpaqlarına iddialarını davam etdirir; ikincisi, revanşizmi dəstəkləyən xarici qüvvələr münaqişənin bitmədiyini irəli sürməklə regional maraqlarını təmin etməyi planlaşdırırlar; üçüncüsü, Azərbaycanın radikal müxalifəti hakimiyyəti ittiham emək və öz mövcudluğunu saxalamaq üçün bu tezislərdən istifadə edir; dördüncüsü,  ATƏT-in Minsk qrupunun ABŞ-dan və Fransadan olan həmsədrləri  bəyan edirlər ki, Qarabağ məsələsi danışıqlar masasında həll olunmalıdır. Halbuki, Qarabağ məsələsi müharibə meydanında həll olunub. Təbii ki, indiyədək heç bir iş görməyən, hərdən “komandirovka”ya kabab yeməyə gələn həmsədrlər də öz “məzə yerlərini” itirmək istəmirlər.
Müharibədən sonra istər xaricdə, istərsə də ölkə daxilində qarayaxma prosesi davam etdirilir. Həm Azərbaycandakı, həm də “mühacirətdəki” radikal müxaliflər Ermənistandakı revanşist qüvvələrin ortaya atdıqları ən xırda və əhəmiyyətsiz xəbəri də dərhal sosial şəbəkələr vasitəsilə şişirdərək gündəmə çevirməyə cəhd edirlər. Bununla da Azərbaycanda məlum qüvvələr  hakimiyyəti ittiham etmək məqsədilə faktiki olaraq dövlət suverenliyinə qarşı çıxır, Ermənistanın revanşist qüvvələrinin və havadarlarının ölkəmizin ərazi bütövlüyünə qarşı apardıqları kampaniyaya dəstək verirlər. Bütün bunlar  bir daha sübut etdi ki, bu qüvvələr  44 günlük müharibədən sonra yaranmış reallıqları hələ də dərk etmir və bu yanaşmada erməni revanşistlərindən fərqlənmirlər. Hər iki siyasi qüvvə “Qarabağ kartı” kimi həssas mövzudan istifadə edərək gündəmdə qalmağa cəhd edir. Radikallar ya prosesləri doğru analiz etmirlər, baş verənlərdən nəticə çıxarmırlar, məsələnin mahiyyətini dərk etmək qabiliyyətində deyillər, nə baş verdiyini anlamırlar və onilliklər boyu olduğu kimi, hələ də boş hay-küy və isterika ilə hərəkət edirlər, ya da bilərəkdən Azərbaycan dövlətini və xalqını hədəf götürüblər. Necə düşünmək olar ki, sadə vətəndaşın başa düşdüyü həqiqətləri Müsavat partiyasının sədri Arif Hacılı, AXCP sədri Əli Kərimli, “Milli Şura” rəhbəri Cəmil Həsənli və digər bu kimi şəxslər başa düşmürlər?

1992-93-cü ildə dövləti də bu cür isterika ilə “idarə edib” ölkəni xaos içində vətəndaş müharibəsi ərəfəsində qoyub qaçanlar bu gün Azərbaycanın böyük qələbəsini, regiondakı yerini və rolunu qəbul etmək istəmirlər.

Bunlar həzm edə bilmirlər ki, Azərbaycan 1992-93-cü illərin məğlub ölkəsi yox, qalib dövlətdir və qarşıya çıxan maneələri hay-küy və isterik çığırtı ilə deyil, ağılla, səbirlə, təmkinlə, düzgün siyasəti və hərbi gücü ilə həll edir. Bu reallığı radikal müxalifətin də qəbul etməsi ən azı vətəndaşı olduqları  və firavan yaşadıqları ölkənin təəssübünü çəkmək baxımından özləri üçün də yaxşı olardı. Ancaq bunlar başqa istiqamət götürüblər və heç vaxt düzələn deyillər, qəbirdə isə düzəlməsələr də olar. Burada şarlatanlıq edib qəbirdə düzəlmək kimə lazımdır?

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?