Sentyabrın 14-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Qətərin Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Bin İbrahim Əl-Süleyti arasında görüş keçirilib.
DTA-nın mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı turist mübadiləsi, o cümlədən mədəni irsin idarəedilməsi üzrə təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Agentliyin tabeliyindəki qoruqların fəaliyyəti, oradakı mədəni irs nümunələrinin konservasiyası üzrə layihələr və planlar haqqında məlumat verən F.Nağıyev Lahıc, Basqal, Şəki kimi qoruqlarda maddi mədəniyyət və sənətkarlıq nümunələrinin əsas komponent olması haqqında danışıb. O, həmçinin Qətərin ölkəmiz üçün hədəf turizm bazarlarından biri olduğunu vurğulayıb, turizm potensialının tanıdılması və təbliğatı məqsədilə Katarada keçirilən festivallarda Azərbaycanın da təmsil olunmasından məmnunluq duyacağını qeyd edib.
Xalid Bin İbrahim Əl-Süleyti Katara Mədəniyyət Şəhərciyinin Qətərin ən çox turist cəlb edən məkanı olduğunu, bir çox beynəlxalq, regional və yerli səviyyədə festival, seminar, tamaşa və sərgilərə ev sahibliyi etdiyini bildirib. O, şəhərçikdə ölkəmizlə bağlı keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, həmçinin Azərbaycana həsr olunacaq layihələrin təşkilinə lazımi dəstəyin göstərilməsinə hər zaman hazır olduqlarını qeyd edib.
Fond rəhbəri Azərbaycanı turizm imkanlarının tanıdılması məqsədilə həmin festivallarda iştiraka dəvət edib.
Qeyd edək ki, epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar səfər məhdudiyyətlərinin götürüldüyü 42 ölkə arasında Qətər də yer alır.
Mahir Rəsuloğlu, “İki sahil”