16 sentyabr 2021 00:57
1342

Heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz

Ölkə Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən məsuliyyət hissinin vacibliyini önə çəkərək dövlət məmurlarına bir daha xəbərdarlıq etdi

Cənab  İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən enerji sektorundan asılılığın minimuma endirilməsini qarşıya prioritet vəzifə kimi qoydu. Bununla bərabər neft-qaz sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas amil olduğunu xüsusi qeyd etdi. 2003-cü ildən bu günədək enerji sektorunda əldə olunan uğurlara diqqət yetirsək davamlı xarakter aldığını böyük inamla qeyd edə bilərik. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişafı istiqamətində addımların atılmasını stimullaşdırır.  Yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması,  elmin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Uğurların davamlılığının təmin edilməsində elmin, təhsilin və iqtisadiyyatın birliyinin yaradılması son 18 ildə həyata keçirilən siyasətin əsasında dayanır.  2012-ci ildə təsdiqlənən və 2020-ci ilə  qədərki dövrü əhatə edən  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının icrasında  da əsas hədəflərdən biri məhz  insan amilinin yüksək inkişaf səviyyəsinə nail olunması,  bilik və bacarıqların səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan inkişaf modelinə keçidin təmin olunması idi.

İqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini xüsusi qeyd edən dövlət başçısı İlham Əliyev regionların malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə 2004-cü ildə ilk  regional inkişaf Proqramını təsdiqlədi. Bu o dövr idi ki,  hər bir bölgənin inkişafında əsas faktor olan infrastruktur tamamilə köhnəlmişdi. 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası nəticəsində  infrastruktur layihələri uğurla həyata keçirilərək bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün zəruri olan bütün işlər görüldü. Həmin sənədə əsasən 600 min yeni iş yerinin yaradılması əsas prioritet məsələ kimi qarşıya qoyulmuşdu. Dövlət Proqramının icrası başa çatanda yeni yaradılan iş yerlərinin sayı 700 min olmuşdur. Bu statistika ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan ilkin addımların nəticələrinin qənaətbəxş olmasından xəbər verirdi. Hər bir sənədin uğurlu icrası növbəti proqramın qəbul olunmasını zərurətə çevirdi. Artıq 3 Dövlət Proqramının icrası uğurla başa çatıb. 2019-cu ildən dördüncü sənəd uğurla icra edilir. Bununla yanaşı, əvvəldə də qeyd etdiyimiz kimi, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin uğurlu icrası həyata keçirilib.

Dövlət başçısı İlham Əliyev regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq bölgələrə səfər edir,  ictimaiyyət nümayəndələri ilə görüşür, onları narahat edən məsələləri özlərinin dilindən eşitməyə çalışır. Məhz bu baxımdan dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki,  Dövlət Proqramları hazırlanarkən yerlərdən gələn təkliflər  xüsusi olaraq nəzərə alınır.

Cənab İlham Əliyev sentyabrın 14-də Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən məsuliyyət hissinin vacibliyini önə çəkərək dövlət məmurlarına bir daha xəbərdarlıq etdi: Heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz.

Dövlət başçısı İlham Əliyevin çıxışlarında hər zaman  qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni  çağırışlar qarşımızda durur. Azərbaycanda  təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Bu fakt  inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Xatırlasaq, ölkəmizin ev sahibliyi etdiyi   BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın bu sahədə mövcud imkanlarına bir daha işıq saldı. Forumun  keçirilməsində də  məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual  məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə  qabaqcıl təcrübələrinin mübadiləsi idi.  Forum  Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmin tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət»in, ABAD-ın  uğurlarından geniş bəhs edərək bildirmişdir ki, bu günədək “ASAN”-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında  10 Anlaşma Memorandumu imzalanmış,  bununla  kifayətlənməyərək  dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyi davam etdiririk.

Dövlətimizin başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. «Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar» söyləyən ölkə Prezidenti  davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırır. Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin  təcrübəsinə istinadən hazırlanması əsas yer tutur.

Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Belə ki, Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil etmişdir. Bu, böyük nailiyyətdir. Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır.  Bu,  həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır. Son dövrlər regionlarda yeni istehsal, emal və xidmət müəssisələrinin açılması əhalinin paytaxta axınının qarşısını demək olar ki, alıb. Həmçinin  bölgələrə qayıtma halları da diqqətdən kənarda qalmır. Dövrdüncü Dövlət Proqramının  icrasına uyğun olaraq bölgələrdə sahibkarlığı inkişaf etdirmək məqsədilə bir sıra işlər görülüb. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək verməsi sayəsində bir sıra bölgələrdə  KOB mərkəzləri fəaliyyətə başlayıb.

Daim ilklərə imza atan   Azərbaycan əvvəldə də qeyd etdiyimiz kimi,  «ASAN xidmət»,  ABAD, DOST layihələri də diqqət mərkəzindədir. Bu layihələr  şəffaflığın  artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə,   elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. «Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir» söyləyən cənab İlham Əliyev bildirir ki,  “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.

Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən ABAD, hər bir vətəndaşın yaxın dostuna çevrilən DOST idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir. Dövlət başçısı eyni zamanda bildirir  ki, rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz.
Biznesin sadələşdirilməsi, «bir pəncərə» prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə  beynəlxalq səviyyədə   qiymətləndirilir,  öyrənilir və tətbiq olunur.   Lüzumsuz yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti  orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının bəzi hallarda  sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımları ilə sahibkarlığın inkişafına yaradılan imkanları daha da genişləndirir. Qeyd olunan qəbulda dövlət başçısı bildirmişdir: «Sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam.»

Son bir ildə aparılan struktur  və kadr islahatları hakimiyyətin bütün qollarının səmərəliliyinin artırılmasının daha da yüksəlməsini təmin edir.  Ölkəmizdə gəncləşmə siyasətinin həyata keçirilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Yüksək ixtisaslı gənc kadrların  yetişdirilməsi və dövlət idarəçiliyindən təmsil olunmaları onların potensial imkanlarını düzgün  istiqamətləndirmələrində əhəmiyyətli rol oynayır.  Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.  Yuxarıda qeyd etdiyimiz Forumda  BMT-nin təmsilçisi bildirmişdir ki, Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısaldılıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyət şəffaflaşdırılıb.  Azərbaycan bu misilsiz nəticəyə xidmətlərin göstərilməsini müasirləşdirməklə,  ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə nail olub.

Azərbaycanın mühüm uğurları sırasında yer alan 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi barədə qərarın qəbul olunmasında da bu kimi uğurlarımız əhəmiyyətli rol oynayır. Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması  bir daha  bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olacaq. «XX əsr texnoloji mübarizə  əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» deyən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi  ifadə edir ki,  genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində  son illər ərzində  əldə edilmiş  təcrübə bizə imkan verir ki, Konqres ən yüksək səviyyədə  keçirilsin. Bundan sonra da  kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində  əlavə addımlar atılacaq. 

Göründüyü kimi,  yenilikləri, təkmil islahatları ilə biri-birindən önəmli uğurlara imza atan, qarşıdakı dövr üçün hədəflərini müəyyənləşdirib onlara çatmaq mexanizmini müəyyənləşdirən Azərbaycan inkişaf modeli ilə   dünyaya nümunə göstərir. Yeni iqtisadi və sosial inkişaf konsepsiyası  innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Artıq Zəfərimizin diktə etdiyi reallıqları yaşayırıq. İşğaldan azad edilmiş torpaqlarda quruculuq və bərpa işləri həyata keçirilir. Həmin rayonların malik olduğu iqtisadi imkanlardan istifadə etməklə gələcəkdə dayanıqlı inkişafa böyük töhfələr vermək qaçılmazdır. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də hədəflər öz əksini tapıb. Məqsəd Qarabağımızı cənnət məkana çevirməkdir. Dövlət başçısı İlham Əliyevin  qeyd olunan qəbulda dövlət məmurları qarşısında qoyduğu  vəzifələr, verdiyi tapşırıqlar, etdiyi xəbərdarlıqlar  qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa stimul verəcək.

Yeganə Əliyeva, «İki sahil»