“SABAH” qrupları və “Sağlam təhsil - sağlam millət” layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH” qruplarında ibtidai sinif müəllimliyi ixtisasında təhsil alan üçüncü kurs tələbələri üçün təcrübə proqramı təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tələbələr Bakı şəhərindəki 23, 26, 83, 114 və 214 nömrəli tam orta məktəblərin “Sağlam təhsil sinifləri”ndə pedaqoji təcrübə keçirlər. Təcrübənin fevralın 12-dək davam etdirilməsi nəzərdə tutulur.
Təcrübə müddətində “Sağlam təhsil - sağlam millət” layihəsinin metodistləri, psixoloqu, eyni zamanda, ADPU-nun “SABAH” mərkəzinin rəhbəri tələbələrə dəstək verirlər.
Təcrübə proqramının yekununda tələbələrin planlaşdırdıqları açıq dərs izlənəcək və onlar müəyyənləşdirilmiş tədqiqat mövzuları üzrə təqdimat edəcəklər. Davamiyyət, ünsiyyət, şagirdlərlə davranış, fəallıq və digər meyarlar üzrə metodist, psixoloq, sosioloq və sərbəst müşahidəçilər tərəfindən qiymətləndirilən tələbələr Təhsil Nazirliyinin və Milli Təhsil Texnologiyaları Mərkəzinin sertifikatını əldə edəcəklər.
Xatırladaq ki, 2014-2015-ci tədris ilindən etibarən yeddi ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali məktəbdə fəaliyyət göstərən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən “SABAH” qrupları ali təhsil sahəsi üzrə ən aparıcı layihələrdəndir.
“Sağlam təhsil-sağlam millət” layihəsi isə ümumi təhsil məktəblərində təhsilalanların sağlamlığının qorunmasına, təlim və yaradıcılıq nailiyyətlərinin yüksəldilməsinə xidmət edir.