23 sentyabr 2021 17:09
878

Korrupsiyaya qarşı mübarizədə Prezident- xalq birliyi mühüm faktora çevrilib

Otuz ilə yaxın davam edən erməni işğalından sonra  44 günlük Vətən  müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan Ordusunun və qəhrəmanlar yetişdirən xalqımızın möhtəşəm qələbəsi ilə başa çatdı. Bu tarixi Zəfər bütün dünyanın, hətta düşmənlərimizin qibtə edə biləcəyi gücə, birliyə və əfsanəvi döyüş ruhuna malik olduğumuzu göstərdi. Vətən müharibəsində savaşında Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hər gün yeni qələbələrə imza atırdı. Düşmənin üzərinə hücuma keçən igidlərimiz şəhidlik məqamını ən yüksək mükafat kimi qəbul edirdilər. Yaralı əsgərlərimizin yerə yıxılmadan, çökmədən, qəzəblə düşmənin üzərinə yerimələri erməni işğalçıları üçün kabus idisə, dünya hərb tarixində cəsarət və qəhrəmanlıq nümunəsi idi.

Azərbaycan xalqı cəbhəyə gedən oğullarını toy-bayramla yola salırdı və ondan daha təmtəraqla, daha böyük izdihamla şəhidlərini qarşılayırdı. Analarımız, bacılarımız, qız və gəlinlərimiz göz yaşlarını gizlədirdilər, kişilər oğul dərdini, qardaş itkisini içlərinə çəkirdilər, «Vətən sağ olsun» deyirdilər. Bəli, bu savaş bizə bir daha özümüzü, kimliyimizi tanıtdı. Bildik ki, biz bu gün  gücünü dərk edən yenilməz xalqıq. Bunu hamı, hətta düşmən də anlayır və qəbul edir. Məhz bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bildirirdi ki, o döyüşən gənclər  onun prezidentliyi dövründə yetişən vətənpərvərlərdir. Prezident İlham Əliyev 44 günlük müharibədə və ondan sonrakı dövrdə xalq- iqtidar birliyini möhtəşəm bir hadisə kimi qiymətləndirərək məmurlara xalqın xidməçisi olmağı sərt şəkildə tapşırırdı.

Prezident İlham Əliyev son dövrlərdə vəzifəyə təyin etdiyi nazirləri  və icra hakimiyyətlərinin başçılarını videoformatda qəbu edərkən qəti şəkildə bildirir ki, özündə şərəf və ləyaqət hissi duyan hər bir məmur vəzifəsindən və qulluq yerlərindən asılı olmayaraq qalib, özünə güvənən Azərbaycan xalqı naminə daha vicdanla və məsuliyyətlə işləməlidirlər. Ölkəmizin başçısı vurğulayır ki, bu gün mövcud xalq-iqtidar birliyinə xələl gətirən ən ciddi problem korrupsiyadır. Dövlətin və xalqın malına əl uzadanlar bununla da dövlətin zəifləməsini və insanların hakimiyyətə inamını sarsıtmağa çalışırlar. Bu isə birbaşa xəyanətdir, xalqa və dövlətə arxadan vurulan zərbədir.

Prezident İlham Əliyev korrupsiya hallarına görə həbs edilən məmurları hədəf götürərək bildirir ki, indi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Bununla da dövlət başçısı sadə insanların diqqətinə çatdırır ki, dövlətin ən məsul vəzifəsi xalq-iqtidar birliyini qorumaq və inkişaf etdirməkdir. Bu birliyin qorunması dövlətin daxili siyasətinin ana xəttidir. Kim bu birliyə biganə yanaşarsa, vəzifəsindən şəxsi məqsədləri, varlanmaq üçün istifadə edərsə, cəzasız qalmayacaq.

Prezident İlham Əliyev üçün məmurların iş prinsipi və vəzifə meyarı belə olmalıdır: «Siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz». Bəli, ölkəmizin başçısının fikirlərindən belə qənaətə gəlmək olur ki, kadr islahatları bundan sonra davam edəcək, korrupsiya ilə mübarizədə heç bir cinayət əməli cəzasız qalmayacaq və heç kimə qanundan yuxarıda dayanmağa imkan verilməyəcək.

Bütün bunlar bir daha göstərir ki, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sözdə yox, real işdə həyata keçirilir. Təbii ki, Prezident İlham Əliyevin bu istiqamətdəki qətiyyətli siyasəti  xalq tərəfindən yüksək qiymətləndirilir.  Eyni zamanda, ölkəmizin başçısı bu mübarizədə xalqdan dəstək istəyir və ictimai nəzarət işinin gücləndirilməsini arzulayır. Çünki xalqla iqtidar birliyinin ən böyük göstəricisi korrupsiyaya və digər qüsurlu hallara qarşı mübarizədə çəkici bir yerə vurmaqdan ibarətdir.

Elçin Zaman, «İki sahil»