25 sentyabr 2021 01:00
1551

“Dəmir yumruq”un tarixi Zəfəri

Tariximizin ən şərəfli səhifəsi...

Ötən ilin payızının 27 sentyabrnda, səhər saatlarında televizor qarşısına keçdiyimdə artıq nələr baş verdiyini anlamışdım. Ermənistan Silahlı Qüvvələri təxribat törədərək cəbhəboyu zonada  yerləşən Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar  və müxtəlif çaplı artillerya qurğularından atəşə tutmağa başlamışdılar.

Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tərəfindən elə ilk günlərdən düşmənin ön müdafiə xəttinin yarılması, bir neçə kənd və strateji yüksəkliklərin  işğaldan azad edilməsi xalqımızı bayram ovqatına kökləyirdi. Döyüşlərdə xeyli az itki ilə böyük irəliləyişlərə imza atırdıq. Bütün xalq yumruq olub Ali Baş Komandanın ətrafında sıx birləşmişdi. Müharibəyə könüllü olaraq yollanmaq istəyənlər saysız-hesabsiz idi.  Vətənimizin azadlığının bərpa olunacağı günü səbrsizliklə gözləyirdik. Hər yeni gündə azadlığına qovuşduğumuz ərazilərin adlarını eşitdikcə sevinc gözyaşlarımızı tökürdük. Davam edən müharibə ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonları, Xocavəndin böyük hissəsində, azad edilən hər bir torpaqlarımızda  üçrəngli bayrağımız dalğalandırılırdı. 

Belə bir deyim var: İnsan birisinin həsrətini çəkməyincə, həsrətin nə olduğunu anlamaz. Bizlərinsə sinəsi Vətən həsrəti ilə göynəyirdi. İgid oğullarımız göynəyən yaramıza məlhəm oldu. 30 il düşmən əsarətində sızlayan torpaqlarımız 44 gün içərisində minlərimizin sayəsində azadlığına qovuşdu.

Ötən ilin sentyabrına qayıdıram... Yarpaq əvəzinə qan töküldü, yağış əvəzinə göz yaşları töküldü, minlərlə evin çırağı söndü. Torpağımızın qəhrəman oğulları Vətən sevgisini, bütün sevgilərdən yüksək tutub irəli getdilər. Bizlər evlərimizdə rahat olaq deyə, minlərimiz canlarını fəda etdilər. Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarda həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. El oğullarımız qanları bahasına bu torpağın azadlığını yazanlardan oldular. Həmin minlərimizin övladlarından bu il kimisi məktəbə ilk qədəmlərini atasız qoymağa məcbur oldu.Analar övladından, körpə balalar ata sevgisindən məhrum oldu. Qız-gəlinlərimizin isə gözləri intizarda qaldı.  Bir çox ana oğluna bu il toy etmək arzusunda olarkən şəhidliyinin ildönümünə hazırlaşır. Lakin bunlara baxmayaraq, dağ vüqarı daşıyır analarımız... Hər biri “Təki Vətən sağ olsun, övladlarımız Vətənə qurban olsun” ifadəsini vüqarla səsləndirib başlarını dik tutdular.

Hər daşında igid qanı olan Vətən torpağım...

8 noyabr 2020-ci il tarixi: Qarabağa qovuşduğumuz gün... Budur artıq saat 11 radələrində Ali Baş Komandanımız İlham Əliyevin Şəhidlər xiyabanından xalqımıza müraciəti oldu: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bu xəbəri eşidən zaman düşüncələrim donmuş vəziyyətdə idi. Nə yüksəkdən etdiyim hayqırtını kəsə bilir, nə də ki, göz yaşlarıma hakim ola bilirdim. Hər kəs biri-birini təbrik edir, gözümüz aydın olsun kəliməsini sevgi yanğısı ilə deyirdilər. Hər bir kəs meydanlara axışır, bu müjdəli xəbərin sevincini doya-doya yaşayırdılar. Qarabağımızın tacı olan Şuşamızı azad etmək bir o qədər də asan olmadı. Qəhrəman oğullarımız meşələri, cığırları aşaraq,  dağı-daşı yararaq əlbəyaxa döyüş taktikası ilə məhv etdi düşməni. Şuşamız hər birimizin yaddaşında  sızlayan və dərin iz buraxan yara idi. Bu yara igid oğullarımız sayəsində sağaldı. Tarixi torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Elə həmin gün Xarıbülbül həsrətinə son qoyuldu. Torpaqlarımızın üzərində olan qara duman geri çəkildi, Cıdır düzü azadlıq sədasını eşidib, doğmalarının gəlişinə hazırlıq görürdü. Xan Qızının şeiri, havamızın, suyumuzun adı, qazandığımız  zəfərin zirvəsi olan Şuşamızın dönüşü bir başqa dönüş oldu. O dönüş ki, çox insanın sevmədiyi payız fəslinə təsadüf etdi. Artıq Şuşamız azad olduğu gündən, bü günə bir çox tədbirlərə ev sahibliyi edib. İlk ev sahibliyini Novruz Bayramında “Novruz” tonqalının çatılması ilə başladı. O torpağın əsl sahibləri Cıdır düzündə rəqs etdilər. Onun ardınca Şanlı Zəfərimizin böyük sevincini Xarıbülbül festivalında yaşadıq.  “Qarabağ” şikəstəsinin sədaları ucaldıqca dağ da, daş da bayram edirdi həmin an. Sevinən təkcə dağ, daş deyildi. Sevinirdi Bülbülün, Üzeyirin, Natəvanın ruhu, sevinirdi Xan qızı Natəvanın bulağından axan hər damla su da, ot da, yenicə açan hər bir çiçək də…

Elə bu yaxınlarda Vaqif Poeziya Günlərinin keçirilməsi ilə yenidən canlandı Şuşam. Vaqifin nakam ruhu da, tədbirə yığışanların yanında idi. O müqəddəs ruh ki, 30 il məqbərəyə hər baxdığında dağıdıldığını, doğmalarını itirdiyini görürdü.

Qələbə günü iftixar və qürur mənbəyimizə çevrildi

10 noyabr 2020-ci il-Azərbaycan tarixinə Qələbə günü kimi yazıldı. II Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə bitdiyi xəbərini aldıq.  Bayram-bayrama qarışdı, gözyaşlarımız sel olub axdı.

Nəhayət, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi. Hər kəs Zəfər sevincin yaşayırdı. Bu sevinci bizlərə bəxş edən Ali Baş Komandanımıza minnətdarıq. Canını Vətən sevgisindən üstün tutan, qəhrəman oğulları böyüdən analar qaşısında baş əyirik.

Şəhid analarının yaşlı olur gözləri,
Dərddən taqəti qalmaz, ayaq tutmaz dizləri
Şəhid atalarının başı dikdir, əyilməz
Ürəyində çəkdiyi dost-tanışa deyilməz.

Nə zaman Qarabağımızın adı çəkilsə, bax həmin an sizlərin adı QÜRURLA, ƏZMLƏ, FƏXRLƏ çəkiləcək!

Nuray Əsgərova