25 sentyabr 2021 18:46
412

Tarixçi: Ermənistan milli azlıqların kimliyini itirmək siyasəti yürüdür

Ermənistanda aysor (assur) milli azlıqları etiraz aksiyası keçirib. Onlar ölkə parlamentində "Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklik edilməsinə etiraz edirlər. Belə ki, onlar yaşadıqları Dmitrov kəndinin Ararat bölgəsinin digər məntəqələri ilə birləşdirilməsinin aysorların assimliyasiyasına gətirib çıxaracağı qənaətindədirlər.

“İki sahil” xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən AMEA-nın Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov Ermənistanda tarixən milli azlıqların assimilyasiyası istiqamətində siyasət yeridildiyini bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanda aysorların milli kimliyinin itirilməsinə hesablanmış addımlar da bunun bariz nümunəsidir: "Ermənilərin digər millətlərə, xalqlara düşmən münasibəti 1918-ci ildə erməni dövləti yaranandan sonra xüsusən artıb. Bu ideologiya faşizmin qatı təmsilçisi olan Qaregin Njde tərəfindən işlənib hazırlanmışdı. O, ermənilərin ali irqə mənsub olması barədə fikirləri irəli sürəndən sonra milli azlıqlara, o cümlədən ruslara, aysorlara, yezidi kürdlərinə və s. qarşı etnik təmizləmə və assimliyasiya siyasəti yeridilməyə başlanıldı. Həm dini, həm etnik mənsubiyyətinə görə ermənilər onlara yuxarıdan aşağı baxırdılar. Qərbi Azərbaycandan köçürülən azərbaycanlıların taleyi də məlumdur. Yəni, Ermənistandan söhbət gedirsə, burada təəccüblü bir şey yoxdur. Milli azlıqlara qarşı daim nasist mövqedən yanaşılıb. Qaregin Njdeyə abidə qoyulması, erməni dövlət rəsmilərinin o abidənin açılışında iştirakı da həmin siyasətin dəyişmədiyinin göstəricisidir. Erməni Qriqoryan kilsəsi də bu ideologiyanın daşıyıcısıdır".