25 sentyabr 2021 20:36
824

Ruslan Əliyev MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin edilib

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Təbiətdən istifadə və ekologiya beynəlxalq kompleks problemləri kafedrasının müdiri, Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin (MDİM) direktoru təyin edilib.

“İki sahil” xəbər verir ki, MDBMİ-nin rektoru Anatoli Torkunov bu ali məktəbdə MDİM yaradılması və həmin mərkəzin direktoru vəzifəsinə Ruslan Əliyevin təyin edilməsi haqqında əmr imzalayıb.

MDBMİ-də qeyd ediblər ki, MDİM-in yaradılması ekologiya, iqlim dəyişmələri, dayanıqlı inkişaf, müasir beynəlxalq siyasi və iqtisadi gündəmin ayrılmaz tərkib hissəsi olan ESG-təcrübəsinin tətbiqi və inkişafı, dövlət prioritetləri, korporativ idarəçilik sahəsində müasir tələblərə uyğundur.

MDİM-in ən mühüm vəzifəsi MDBMİ-nin inkişaf strategiyasının uğurla həyata keçirilməsinə kömək, dayanıqlı inkişaf prioritetlərinin müasir cəmiyyətə inteqrasiyası məsələlərini beynəlxalq təşkilatların, dövlət idarəçiliyinin, maliyyə sektorunun, habelə biznes və elmi birliyin nümayəndələri ilə müzakirə etmək üçün universitetdə beynəlxalq ekspert məkanı yaratmaqdır.

Mərkəzdə MDBMİ-nin biznes və beynəlxalq kompetensiyalar mərkəzi ilə birlikdə “Dayanıqlı inkişafın menecmenti” adlı yeni magistr proqramının icrasına başlanıb.

MDİM-in yaxın vaxtlarda keçirəcəyi növbəti tədbir oktyabrın 14-15-də MDBMİ-də dayanıqlı inkişafa və ESG-transformasiyaya dair birinci Rusiya açıq beynəlxalq konfransı olacaq.

Xatırladaq ki, BMT-nin 2015-ci il tarixli qətnaməsinə əsasən 2016-2030-cu illərdə dayanıqlı inkişaf üzrə 17 hədəf və 169 vəzifə müəyyən edilib. Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə həmin proqramın həyata keçirilməsi üçün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycan 2030-cu il gündəliyinin icrası haqqında 3-cü Könüllü Milli Hesabat təqdim etmiş dünyada 12 ölkədən biri və öz regionunda birinci dövlətdir.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında qeyd etdiyi kimi, Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur.