KÖŞƏ

Məhərrəm Ağalaroğlu

İran güclü Azərbaycandan niyə qorxur?

06 oktyabr 2021 23:57
9530

Bu günlərdə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian sərsəm açıqlama ilə çıxış edib. O, Azərbaycana qarşı şər ataraq iddia edib ki, Azərbaycan terroru dəstəkləyir, Azərbaycanı İsrail ələ keçirib. Eyni zamanda qeyd edib ki, ölkəsi sərhədlərin dəyişdirilməsinə imkan verməyəcək.

Ölkəmizin timsalında güclü dünyəvi müsəlman dövlətinin varlığından narahat olan rəsmi Tehran Azərbayana qarşı hədələri ilə yanaşı, daxili birliyi təmin etmək üçün olmayan terror, sionist düşmənlər yaratmağa çalışır. Təbiidir ki, İranın məqsəd və niyyəti sionistlər və ya terror deyil. Sadəcə olaraq İran güclü Azərbaycanın mövcudluğunu özünə qarşı təhlükə olaraq görür. Belədə sual yaranır: İran nə üçün güclü Azərbaycan istəmir?

Bu suala cavab tapmaq üçün böyük rəsmə diqqətlə baxmaq vacibdir. Belə ki, İran şiə təriqətinə əsaslanan İslam Respublikasıdır. Azərbaycan isə əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan (əsasən şiələrdən) dünyəvi dövlətdir. İran əsas siyasətini “şiələri qorumaqla”, şiəlik və müsəlmanlıqla pərdələyir. Azərbaycan isə müsəlmanların hüquqlarını qoruyur, tolerant bir ölkə kimi bütün dinlərin mənsublarının bərabərhüquqlu, sülh və mehriban şəkildə yanaşı yaşamasını təbliğ edir, ölkəmizin tolerantlıq təcrübəsini nümunə göstərir. Beynəlxalq ictimaiyyət də Azərbaycan Respublikasının tolerantlıq nümunəsini öyrənir, bu təcrübəsindən yararlanmağa çalışır. Azərbaycanın müsəlman dövləti olaraq beynəlxalq müstəvidə artan nüfuzu, demokratik, dünyəvi prinsiplərə əsaslanan tolerantlığı İrandan daha cazibədardır. Bu, təkcə digər dövlətlərin əhalisi və rəsmi şəxsləri üçün deyil, eyni zamanda, İran vətəndaşları üçün də belədir. Yəni, istər İranda, istər İraqda, istər Suriyada əhali tərəfindən İran kimi İslam Respublikası yerinə Azərbaycan kimi dünyəvi, demokratik və tolerant dövlətin örnək götürülməsi, müsəlmanların Azərbaycanın ətrafında birləşməsi İranın bütün rıçaqlarının əlindən çıxması anlamına gəlir, rəsmi Tehranı regional güc kimi gündəmdən çıxarır. Azərbaycan Prezidentinin 2016-cı ildə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirakı da, ABŞ-ın sabiq Prezidenti Donald Trampın 2018-ci ildə Prezident İlham Əliyevə Ramazan bayramı ilə əlaqədar ünvanladığı təbrik məktubunda ölkəsindəki müsəlmanlarla əlaqədar hesabat xarakterli qeydində də Azərbaycanın müsəlman dövləti olaraq beynəlxalq ictimaiyyət arasında İrandan daha nüfuzlu qəbul edilməsinin bariz sübutudur.

İstər İslam Əməkdaşlıq Təşkilatında, istər dünyanın 120 dövlətini özündə birləşdirən Qoşulmama Hərəkatında nüfuzunun artması, Çinin, Rusiyanın, ABŞ və Avropa İttifaqı dövlətlərinin, o cümlədən müsəlman ölkələrinin böyük əksəriyyətinin şiə-müsəlman ölkəsi olan dünyəvi Azərbaycanla əməkdaşlığa böyük maraq göstərməsi fonunda İran nüfuzunun azaldığını hiss edir və qabaqlayıcı tədbirlər görməyə çalışır. Xüsusilə Azərbaycanın təxminən 4 il ərzində işğal edilmiş torpaqlarını cəmi 44 günə işğaldan azad edərək dünyada qalib dövlətlər sırasına çıxması, Türkiyə və Pakistanla strategi müttəfiqliyini daha üst səviyyəyə çatdırması İranın narahatlığını bir az da artırıb ki, bunun da nəticəsində əndişə və qorxunun verdiyi cəsarətlə Azərbaycana əzələ nümayiş etdirir.

Rəsmi Tehranda unudurlar ki, artıq Azərbaycan onların dedikləri kimi imperialistlərin müstəmləkəsi və ya onlara boyun əyən ölkə deyil, dünya güclərinin hesablaşdığı qüdrətli dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılda – Araz çayının sahilində verdiyi bəyanat da buna sübutdur. Dövlətimizin başçısı deyib: “Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.