KÖŞƏ

Məhərrəm Ağalaroğlu

Təfəkkürün tərəkəməsi

30 sentyabr 2019 19:12
16034

Azərbaycan dilində tərəkəmə sözü var. Bu ifadəni köçəri heyvandarlıqla məşğul olan insanlara deyirlər. Bir də “Tərəkəmə” adında folklor nümunəmiz mövcuddur. Yaxşı, şıdırğı oynamalı havadır.

Girişdə qeyd etdiklərimdən belə qənaət gətirdim ki, madam tərəkəmə dolayısı ilə yerdəyişmə mənasını verir, o zaman təfəkkürün də tərəkəməsi var. Yəni, insan sabit fikrində qalmır. Onun üçün hansı mövqe səmərəlidirsə, elə çıxış edir. Eyni ilə dağıdıcı müxalifət nümayədələri kimi. Bu gün maraqlarına uyğun gəlirsə terrorçuları dəstəkləyir, sabah müttəfiq adlandırdıqları qüvvələri söyüb təhqir edirlər.

Mən o təfəkkürə sahib insanlardanam ki, hər bir şəxsin xislətinin nə olduğunu əvvəl-axır büruzə verdiyinə inanıram. Kimliyindən və necə maskalanmasından asılı olmayaraq, hər bir insan daxili kimliyini, mənini nümayiş etdirir. Məsələn, liderlik eşqi ilə yaşayan Qubad İbadoğlu kimi... Müsavat Partiyasında başqanlığa iddia etsə də partiyadaşlarının çoxluğunun etimadını qazana bilməyən Q.İbadoğlu daxili ambisiyası ilə məğlubiyyətini həzm edə bilməyib partiya sıralarını tərk etdi. O, liderlik niyyətini gerçəkləşdirmək üçün özünə ADR (Azərbaycan Demokratik Rifah Hərəkatı) adında təşkilat yaradıb sədri oldu.  Hə, o zaman partiyadan uzaqlaşarkən ənənəvi dağıdıcı bəhanəsindən istifadə edərək seçkilərdə saxtakarlığın olduğunu bəyan etmişdi. Saxtakarlığın olub-olmadığını deyə bilmərəm. Çünki nə Müsavat Partiyasının qərargahını tanıyıram, nə də qurultaylarında iştirak etmişəm. Bildiyim bir şey var ki, dağıdıcı müxalifətçilər məğlub olduqları bütün seçkilərin saxtalaşdırıldığını bəyan edirlər. Nə isə, mövzudan uzaqlaşmayım...

Deməli, özünü xalqımıza xalq üçün çalışan şəxs kimi sırımağa çalışan Qubad İbadoğlu “YouTube” platformasında fəaliyyət göstərən “Osmanqızı TV”də danışarkən əslində şəxsi ambisiyaları üçün yaşayan birisi olduğunu, millətin, xalqın rifahının onun üçün heç bir maraq kəsb etmədiyini nümayiş etdirdi. Əvvəlscə hökumətə vəzifə istədiyinin mesajını verərək guya kiminsə Q.İbadoğlunu hansısa vəzifəyə layiq gördüyünü oxudu, cavabında da guya vəzifə həvəskarı olmadığını dedi. Adama sual verərlər ki, vəzifəyə can atan biri deyilsənsə, niyə Müsavatda başqanlığa iddia etmişdin? Niyə başqan seçilə bilmədiyin üçün partiyanın nüfuzuna xələl gətirib saxtakarlıqda ittiham etdin? Niyə sədr olmaq üçün özünə təşkilat qurdun? Nə isə, özləri bilər. Mən sadəcə yeri gəldi deyə yazdım. Q.İbadoğlu Müsavat Partiyasında keçiriləcək qurultayda başqanlığa iddialı üç namizəddən hansını dəstəkləyəcəyi ilə bağlı suala xarakterini nümayiş etdirən cavabı verdi. Dedi ki, partiya üzvü olmadığı üçün hansısa namizədi seçə bilmir, amma o, başqanlığa namizəd olarkən Tofiq Yaqublu onu dəstəklədiyi üçün o da T.Yaqublunu dəstəkləyəcək. Əgər Müsavat Partiyasından getməsəydi, o zaman T.Yaqublunun təbliğatını da aparardı.

Təfəkkürün tərəkəməsinə diqqət yetirin: siyasi iqtidara iddialı olan bir partiyanın başqanlığına iddialı şəxslər arasında dövlət idarəçiliyinə potensialı olan, bilik və bacarığı ilə fərqlənən namizədi deyil, zamanında onu dəstəkləyən namizədi dəstəkləyir. Kimsə düşünməsin ki, bu, kiçik bir məqamdır və bunun dövlət və millət üçün hər hansı bir təhlükəsi ola bilməz. Əksinə, xalqımızı məhvə sürükləyə bilər. Çünki Q.İbadoğlunun bir cümlədə ifadə etdiyi fikirlər belə qənaətə gəlməyə əsas verir ki, mövcud hökuməti bəyənməyib iqtidar olmağa iddialı olan Q.İbadoğlu “sabah” tutacağı istənilən dövlət vəzifəsində Azərbaycan xalqının deyil, onu dəstəkləyən xarici qüvvələrin və ya bu günə qədər fəaliyyət göstərdiyi xarici dövlətlərin universitetlərinin maraqlarını müdafiə edəcək.

Göründüyü kimi, insan xislətini gizlədib demokratiyadan, inkişafdan, xalqın mənafeyindən, obyektivlikdən nə qədər dəm vursa da, kiçik bir sualda özünü ifşa edərək şəxsi maraqlarını necə üstün tutduğunu ictimaiyyətə nümayiş etdirdi.