21 oktyabr 2021 22:16
835

Xalq - Prezident birliyi sarsılmazdır

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşü bunu bir daha təsdiq edir

Vətən savaşında qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin ən mühüm hadisəsidir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə o yurd-yuvalardan didərgin düşmüş soydaşlarımızın solmuş arzuları yenidən çiçək açdı, sınmış qürurları özünə qayıtdı. Bu Qələbə həm də onu göstərdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər birimiz Cənubi Qafqazın təkcə lideri deyil, həm də qalib dövlətinin vətəndaşı olmağımızla qürur duyuruq.

Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsi ilə Prezident seçilən cənab İlham Əliyev müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi. Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq, praktikada uğurla həyata keçirdi. Azərbaycanın bütün iqtisadi sistemi yenidən quruldu.

Xalq ona görə cənab Prezidenti sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltdi. Hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında dövlət başçısının əzmini, peşəkarlığını, qətiyyətini, humanizmini, xeyirxahlığını yüksək qiymətləndirərək, öz rəhbərləri ilə fəxr və qürur hissi keçirdiklərini vurğulayırlar. Artıq 18 ildir ki, Azərbaycan xalqı uğurlarımızın əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin titanik fəaliyyətinə şahidlik edir.

Əlbəttə, ötən illərin hər bir günü ölkəmiz və bütövlükdə bölgəmiz üçün həlledici idi. Xüsusilə də son illərdə  respublikanın həyatında bir çox mühüm hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq, düşmən tapdağı altındakı torpaqlarımızın xilas edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu.  Vətən müharibəsində qazanılan parlaq Qələbə tarixi ədaləti bərpa etdi. Oktyabrın 20-də Prezident İlham Əliyev Zəngilana növbəti səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bəyan etdi ki, bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir: “Çünki xalqımız bu işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı”.

Xalqın Prezidentinə olan birmənalı dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi  altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı 44 gündə işğaldan azad etdi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Bu Zəfər şəhidlərimizin ruhunu şad etdi. Bu Qələbə Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytardı. Bu gün artıq torpaqlarımızın işğal deyil, işğaldan azad olunduqları günləri qeyd edir, Azərbaycan Ordusunun, əsgər-zabitlərimizin qəhrəmanlığından qürurla söhbət açırıq. Ölkə Prezidenti cənab İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bu məqama bir daha diqqət çəkərək vurğulayıb: “Ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq”.

Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq yeraltı və yerüstü sərvətlərlə zəngin, füsunkar təbiətə malik olan işğaldan azad edilmiş rayonlarımıza, şəhərlərimizə səfərlər edir, yeni layihələrin, beynəlxalq hava limanlarının və s. əsasını qoyur, yenidənqurma işləri ilə tanış olub, ictimaiyyət nümayəndələri ilə görüşürlər. Ümumiyyətlə, əzəli torpaqlarımıza hər səfər mühüm hadisələrlə yadda qalır. “Arzularımızdan Qarabağdakı reallığa gəldik. Gördüklərimiz düşüncələrimizi çox geridə qoydu” deyərək qaçqın, məcburi köçkün statusunu üzərlərindən atmış Qarabağ sakinləri də cənab Prezidentə öz minnətdarlıqlarını bildirirlər.

Burada bir incə məqamı da xüsusi vurğulamaq istərdik ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevlə bağlı paylaşımları xalqımız tərəfindən böyük maraqla, sevgi ilə qarşılanır. Dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin postmünaqişə dövründə müsahibələrinin, xalqa müraciətlərinin hər birində, eləcə də işğaldan azad edilmiş ərazilərimizə səfərlərində keçirdiyi qürur hissi, duyğuları Azərbaycan xalqına  çatdırılır. Videogörüntülərdə cənab Prezidentin sevincinə, qüruruna, duyğulu anlarına şahidlik edirik. Ötən ay Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsi zamanı həmin videogörüntülərlə bağlı məqama toxunan cənab İlham Əliyev bunları söyləyib:  “Mən, ilk növbədə, onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər və mən gəlmişəm oraya, mən bu evi görürəm, bu binanı görürəm, onlar görmürlər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı! Mən sizi də duyğulandırdım”.

Günel Eyyubova, “İki sahil”