KÖŞƏ

Vəli İlyasov

Nikolun pişiyi asqırıb…

12 noyabr 2021 00:59
1091

Və yaxud Arşak Karapetyanın Qarabağda nə iti azıb?

Siyasətdə gəhgirlik edən Ermənistanın başbilənləri dövlətin idarəçiliyini çeviriblər lağlağıya. Baş nazir postunu boş yerə məşğul edən Nikol Paşinyan cəmi bir həftə əvvəl Azərbaycan rəhbəri ilə görüşə hazır olduğunu bildirmişdi. Ya pişik asqırdı, ya beçə banladı, bilinmir, bundan sonra Paşinyan dik dirənib ki, mən görüş-filan planlaşdırmamışam.

Paşinyan üçtərəfli görüşün planlaşdırılmadığını dedi, ardınca müdafiə naziri Arşak Karapetyan həyasızcasına Qarabağa oğurluq səfər etdi. Kremlin sözçüsü Dmitri Peskov isə bir neçə gün əvvəl görüşlə bağlı Paşinyanın fikirlərinin əksini səsləndirdi.

Nə baş verir? Yoxsa Paşinyanın ağlı yenə başından çıxıb? Bəlkə qulağının dibində yenə “dəmir yumruq” görmək istəyir?

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın videokonfrans formatında görüşü gözlənilirdi. Paşinyan Peskovun bununla bağlı açıqlamasına “9 noyabrda görüş keçirilməyəcək” cavabını verdi. Nikol Vovayeviçin bu sayıqlaması guya 8 noyabrda mitinq keçirən müxalifətə arqument verməmək kimi mənalandırılırdı. Lakin Peskovun iki gün əvvəl verdiyi açıqlama Ermənistanın ümumiyyətlə görüşdən yayındığını deməyə əsas verir. Kremlin sözçüsü bildirib ki, “üçtərəfli görüşün tarixi hələ müəyyən edilməyib, hazırda konkret anlayış yoxdur”. Peskovun əvvəlki açıqlamasına düzəliş etməsi isə o deməkdir ki, görüş gündəmdədir, lakin Ermənistan adəti üzrə baş-ayaq ataraq razılaşmır.

Üçtərəfli görüşün iki gündəmi var: Zəngəzur dəhlizinin, yəni, kommunikasiyanın açılması və sərhədlərin delimitasiyası məsələsinin müzakirə edilməsi. Mümkündür ki, kommunikasiyaların açılması qrafiki təsdiq edilsin və sərhədin delimitasiyasının hansı xəritələrə əsasən aparılması razılaşdırılsın.

İrəvan kommunikasiyaların açılmasına qarşı deyil, Paşinyan sonuncu müsahibəsində də bunu təsdiq etdi. Razılaşdırılmayan məsələ sərhədlə bağlıdır və gizli deyil ki, problem hansı ilin xəritəsinin əsas götürülməsidir. Sərhədlərin müəyyən olunması ermənilərin ən qorxunc yuxusudur. Çünki on illərlə yüz hiylə və fitnə-fəsad törətməklə qopardıqları torpaqları dinməz-söyləməz Azərbaycana qaytarmalıdırlar. Başqa çıxış yolu yoxdur. Ona görə də ermənilər bu məsələdə  necə deyərlər, “burcutmağa” cəhd edirlər.

Üçtərəfli görüşə razılaşmayan Paşinyanın müdafiə nazirini Qarabağa göndərməsi də İrəvanın öz istəyinə nail olmaq üçün etdiyi gediş hesab oluna bilər və burada iki məqsəd var: Birincisi, Rusiyanın vasitəçiliyi ilə əldə olunan mövcud stabilliyi pozur: bununla üçtərəfli masada maraqlarının təmin edilməsi üçün Moskvaya mesaj verir; ikincisi, Qarabağda separatçı-terrorçu rejimin qondarma “müqəddəratını” guya  aktual olaraq saxlayır; üçüncüsü, Paşinyan “sərhəd, kommunikasiya və Qarabağ mövzusunun bir-birindən ayrı məsələ” olduğunu açıqladı və sərhəd-kommunikasiya məsələsinin əsas gündəm olduğu vaxt “Qarabağ iddiasını” da ayrı istiqamət kimi aktuallaşdırır.

Paşinyanın gözlənilməz  gedişləri ABŞ Dövlət katibi müavininin köməkçisi Erika Olsonun regiona səfəri fonunda etməsi də təsadüfi deyil. İrəvan Vaşinqtonun bölgəyə müdaxilə istəklərindən həm “Qarabağ məsələsi” üçün istifadə etməyə, həm də Moskvanın qurduğu masada öz mövqeyini gücləndirməyə cəhd edir.

General Arşak Karapetyanın Qarabağa səfərinə Azərbaycan Müdafiə Nazirliyinin cavabı diqqət çəkir. Azərbaycanın hərbi rəhbərliyi ona iki xəbərdarlıq edir: 44 günlük müharibədə məhv edilmiş erməni generallarının aqibətini xatırlatmaqla Karapetyana da Qarabağda həyatının təhlükəsizlikdə olmadığını deyir. İkincisi isə antiterror əməliyyatının keçirilə biləcəyinin mesajını verir. Çünki Ermənistan müdafiə nazirinin səfəri ən azı məcburetmə əməliyyatını zəruri edir. İrəvan bu cür davranışları ilə təsdiq edir ki, 10 noyabr razılaşmasının 4-cü bəndini – erməni qoşunların çıxarılmasını icra etmək niyyətində deyil.

Qeyd etməliyik ki, Qarabağda rus sülhməramlılarının dayandığı mövqelərlə yanaşı, erməni terrorçularının da mövcud olduğu postlar var və bu postlarda hətta davamlı istehkam-mühəndislik işləri görülür. General Karapetyan həmin postlardakı mühəndislik işləri ilə tanış olub. Onun “sülhün ən vacib təminatçısı ordunun döyüş qabiliyyətidir” açıqlaması da Qarabağdakı erməni terrorçularının təxribatlara davam edəcəyini deməyə əsas verir. İnsan nə qədər həyasız olmalıdır ki, özgənin torpağında saxladığı quldur dəstəsini “sülhün təminatçısı” adlandırsın? General xəcalət çəkmədən bir il əvvəl darmadağın edilmiş ordusunun “döyüş qabiliyyəti”ndən danışıb. Xatırladaq ki, generalın Qaragöl yaxınlığında keçirdiyi bir əməliyyat da uğursuzluğa düçar olub. Orada erməni hərbçilərinin postunu qurmaq istəsə də Azərbaycan Ordusunun əsgərləri 50 nəfər erməni əsgərini əvvəl mühasirəyə alıb sonra isə ərazidən şillə-təpiklə qovub çıxarıblar. Təəccüblü və gülməli orasıdır ki, ac və susuz qalmış erməni əsgərləri Azərbaycan əsgərlərindən isti çay və yemək istəyiblər.

Baş verənlər Azərbaycan sərhədləri daxilində və sərhəddə yeni təxribatlar, yeni gərginlik vəd edir. Şuşa və  Kəlbəcər istiqamətində törədilən təxribatlar da bunu təsdiqləyir. Bu, o deməkdir ki, Ermənistan delimitasiya prosesinə mane olmaq və ən azı prosesdə öz maraqlarını təmin etmək üçün həm sərhəddə, həm də Qarabağda yeni gərginlik yaratmaq niyyətindədir. Ancaq bunların heç biri ermənilərə xeyir gətirməz, heç olmasa otuz il çıxardıqları oyunların hansı biabırçılıqla qurtardığını xatırlasınlar. Çox keçməyib ki?!