14 yanvar 2022 00:14
1528

Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir - Prezident İlham Əliyev

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində kommunikasiyalarla bağlı görulən işlərin davam etdiriləcəyini vurğulamaqla qeyd etdi ki, Zəngəzur dəhlizinin yaradılması ilə region dövlətləri arasında nəqliyyatla bağlı bütün maneələr aradan qaldırılacaq

Ötən il fevralın 26-da yerli və xarici jurnalistlərə müsahibəsində 44 gün davam edən müharibədən sonra Ermənistanın işğalından azad edilən ərazilərdə aparılan yenidənqurma, bərpa-quruculuq işləri barədə açıqlama verən Prezident İlham Əliyev infrastruktur və nəqliyyat layihələrinin əhəmiyyətindən bəhs edərkən Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini xüsusilə vurğulamışdı. Bildirmişdi ki,2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan Zəngəzur dəhlizinin bərpası bölgədə sabitliyin qarantıdır.

«Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər» söyləyən Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən bir ildə Zəngəzur dəhlizinin bərpası ilə bağlı region dövlətləri arasında danışıqlar, müzakirələr aparılmışdır.

«Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik» söyləyən Prezident İlham Əliyevin layihə ilə bağlı gördüyü işlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu mühüm kommunikasiyanın nəzərdə tutulduğu müddətdə istifadəyə veriləcəyinə əminlik yaradır.

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata Zəngəzur dəhlizi ilə bağlı məsələnin salınmasını tarixi nailiyyətimiz hesab edən Azərbaycan xalqı bu sahədə qətiyyət göstərən Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirir. Hazırda işğaldan azad edilən Şərqi Zəngəzur istiqamətində, Zəngilanla sərhəddə Azərbaycanın Dövlət Sərhəd Xidməti fəaliyyət göstərir. Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyini tez-tez dəyişməsinə, başqalarının maraqlarına xidmət edən revanşist çağırışlarına cavab dövlət başçımızın «Hətta böyük bir plakat da asmışıq orada ki, Azərbaycana xoş gəlmisiniz. Mən anlamıram, bu nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Sözün açığı, mən bunu anlamıram. Çünki orada hərəkət edən nəqliyyat vasitələri, o insanlar görməlidirlər ki, onlar Azərbaycana daxil olur və Azərbaycan ərazisindən rahat istifadə edir və heç bir problem yoxdur» sözləridir. Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan xalqı özünə məxsus torpaqları qaytarmış, başqalarının ərazisində gözü yoxdur.

 Bu günlərdə yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyevin vurğuladığı bu məsələ ilə bağlı irəliləyişləri siyasi-diplomatik müstəvidə, gündəlik həyatımızda hiss edirik. Artıq Bakıdan Naxçıvana təyyarələr Ermənistan üzərindən uçur. Bununla da Zəngəzurun hava dəhlizi ilə bağlı istəklər reallaşdı. «Hava məkanından istifadə etmək məsələsinə gəldikdə, onu da bildirməliyəm ki, biz bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq. Bu, bizim hüququmuzdur, bu, beynəlxalq dəhlizdir. Dünya aviasiya sistemində qaydalar var, yəni, mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qərara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi» söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, Ermənistan ümumiyyətlə, Zəngəzur dəmir yolu və avtomobil yolunun açılmasına, dəhliz ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Ermənilər unutmasınlar ki, Zəngəzurun tarixi Azərbaycan torpağı olmasının sübutuna ehtiyac yoxdur. Bu ərazi Zəngilan, Zəngəzur, Zəngi çayı Azərbaycan toponimidir.

«İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var» söyləyən Prezident İlham Əliyev daha bir tarixi ərazimiz olan Xudafərin, Qız qalası ilə bağlı görüləcək işlərdən, Qafandan, Mehridən, Qarakilsədən keçəcək qaz xətlərindən də bəhs edir. Prezident İlham Əliyev «Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir» sözləri ilə bildirir ki, bütünlükdə Şərqi və Qərbi Zəngəzurun iqtisadi inkişafı üçün nəzərdə tutulan layihələrin hər biri Azərbaycan üçün önəmlidir.

Zəngəzur dəhlizinin açılmasına kəskin etiraz edən Ermənistanın baş naziri, hərdəmxəyal Nikol Paşinyanın sərsəmləmələrinə baxmayaraq bu layihənin regional əhəmiyyəti beynəlxalq səviyyədə təsdiqlənir.

Müsahibəsində məsələ ilə bağlı tarixə nəzər salan, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi daim Azərbaycanda aparılan quruculuq işləri ilə maraqlanan ulu öndər Heydər Əliyevin Zəngəzurla bağlı xidmətlərindən söz açan dövlət başçımız İlham Əliyev bildirdi ki, onun göstərişi və təkidi ilə Ermənistanın o vaxtkı rəhbərliyi məcbur olub bu layihəyə icazə verib: «Necə icazə verdilər? O vaxt Dövlət Plan Komitəsi və digər aidiyyəti qurumlar yerində tanış oldular və bunu artıq plana salmışdılar. Avtomobil yolunun tikintisi də artıq başlanmışdı. Baxın, ermənilər hələ o vaxt istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil bağlantısı olsun. Hələ o vaxt buna müxtəlif bəhanələrlə etiraz edirdilər.»

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə başa çatması ədalətin bərpası olmaqla Zəngəzur dəhlizinin açılmasını da aktuallaşdırdı. Hazırda avtomobil yolunun marşrutu ilə bağlı danışıqlar gedir. Zəngəzur termini beynəlxalq leksikona da daxil edilib. Xarici qonaqlar belə bu ərazini Sunik kimi deyil, Zəngəzur adı ilə tanıyırlar. Zəngəzur dəhlizinin 3+3 formatının region dövlətlərinin maraqlarına uyğun olduğu etiraf edilir.

Zəngəzur dəhlizinin mənəvi əhəmiyyətini milli dəyərlərə bağlılıq baxımından açıqlayan Prezident İlham Əliyevin «Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir» sözləri dövlət başçımızın nəsil şəcərəsinə sadiqliyidir.

Prezident İlham Əliyevin bu sözlərinin hikmətini, mənasını Naxçıvan sakinləri daha aydın hiss edir və qəlbən sevinirlər. Hələ sovetlərin vaxtında Bakı-Noraşen, Bakı-Yerevan qatarı ilə Naxçıvana gedənlər yaxşı xatırlayarlar. O illərdə azərbaycanlıların tarixi əraziləri olan Qafan, Mehri, Mincivan stansiyalarında çalışan ermənilərin gözlərində, münasibətlərində daşnakların ötən əsrlərdə soydaşlarımıza qarşı apardıqları soyqırımların izləri görünürdü. Həmin stansiyalarda Naxçıvana gedən qatarları bəhanə ilə yubatmaqla rahatlıq tapan ermənilərin azərbaycanlı sərnişinlərə «sevgisi, hörməti» nifrətdən qaynaqlanırdı. Vaqonların pəncərələrinə daşların atılması tez-tez müşahidə olunan hallar idi. Sərnişinlər həmin stansiyalarda ermənilərin mürdar sifətləri ilə rastlaşmamaq üçün pəncərələrin pərdəsini çəkirdilər. Bu «mehribanlıq» 1988-ci ildən başlanan, 30 il davam edən Ermənistanın torpaqlarımızı işğalı ilə nəticələndi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlandığı dövrdə Bakıdan Naxçıvana gələn qatar Mehridə girov götürüldü. Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin işə qarışması ilə qatar qısa müddətdə yola salındı. 24 fevral 1992-ci ildən isə muxtar respublikanı Azərbaycanın digər rayonları ilə birləşdirən dəmir yolu ermənilər tərəfindən bağlanıldı və dağıdıldı. Muxtar respublikaya təbii qazın nəqli dayandırıldı.

«Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm» sözləri ilə varislik ənənəsinə sadiqliyini bildirən Prezident İlham Əliyevin Türkiyənin Anadolu Agentliyinə müsahibəsində söylədiyi «Biz Azərbaycanda indi Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir. Ona görə hesab edirəm ki, biz öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik. Çünki burada işin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolunun və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, bir ilə, il yarıma çəkilə bilər. Yəni, biz bunu gözləyirik» sözlərinin reallaşacağı günlərə az qalıb.

Xuraman İsmayılqızı, «İki sahil»