07 noyabr 2025 01:58
74

Dövlətçilik, milli həmrəylik və qürurun simvolu - Üçrəngli Bayrağımız

9 Noyabr  Dövlət Bayrağı Günü xalqımızın qəlbində və yaddaşında müstəqillik, əzmlə qorunan suverenlik və bir millətin birliyini təcəssüm etdirən gün kimi yaşayır

Noyabrın 9-u Azərbaycan xalqı üçün xüsusi rəmzi məna daşıyan bir gündür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il bu tarix ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu gün qeyri-iş günü olan dövlət bayramlarının siyahısına daxil edilib. Azərbaycan xalqı üçün bu tarix yalnız bir dövlət atributunun xatırlanması deyil, həm də müstəqilliyimizin, milli kimliyimizin və birliyimizin parlaq təcəssümüdür.

Üçrəngli Bayrağımızın tarixindəki ən mühüm səhifə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin qərarı ilə ilk dəfə qəbul edilən üçrəngli Dövlət Bayrağı Bakıda hökumət binasının üzərinə qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusunda olmuşdur. O zaman qəbul edilən bu Bayraq yalnız bir rəmz deyil, milli istiqlalın, azadlıq iradəsinin, milli oyanışın ideoloji təcəssümü idi.

Dövlət Bayrağımızın rəngləri və simvolik mənası isə Azərbaycan dövlətçiliyinin ideoloji təməlini əks etdirir. Mavi rəng türk kimliyimizi, qırmızı müasirlik və tərəqqi yolunu, yaşıl isə islam sivilizasiyasına mənəvi bağlılığımızı ifadə edir. Bu üç rəngin ideoloji müəllifi görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə idi. Onun irəli sürdüyü “Türkçülük, müasirlik və islamçılıq” prinsipi o dövrdə milli azadlıq ideologiyasının əsasını təşkil edirdi və bu gün də dövlətimizin mənəvi dayaqlarından biridir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli Bayrağımız uzun illər unudulmadı. Lakin onu dövlət rəmzi kimi yenidən dirçəltmək Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Ümummilli Liderin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında tarixi qərar qəbul edildi. Üçrəngli Bayraq Naxçıvanın Dövlət Bayrağı elan olundu. Bu, hələ sovet hakimiyyəti mövcud olduğu bir dövrdə milli iradənin, cəsarətin və dövlətçilik düşüncəsinin təntənəsi idi.

Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycanın rəsmi dövlət rəmzi kimi üçrəngli bayrağın qəbul olunması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də bu vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli Bayrağı yenidən Dövlət Bayrağı elan etdi. Beləliklə, Azərbaycan xalqı 70 illik fasilədən sonra öz milli bayrağını dövlət rəmzi kimi bərpa etdi.

1991-ci il oktyabrın 18-də Qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı isə bu Bayrağı yenidən dövlətin əsas simvollarından biri kimi təsdiqlədi. Bu addım həm də Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipinin təsdiqi idi. Yəni müstəqil Azərbaycan Cümhuriyyətin ideallarını yaşadan, onun dövlətçilik xəttini davam etdirən bir dövlətdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinə əsasən, Dövlət Bayrağımız eni bərabər olan mavi, qırmızı və yaşıl rəngli üç üfüqi zolaqdan ibarətdir, ortasında isə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunub. Bu təsvirlər dövlətin rəsmi qanunvericiliyi  “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə tənzimlənir.

Bayrağımıza hörmət dövlət vətəndaşının mənəvi borcudur. Konstitusiyanın 75-ci maddəsində qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı dövlətin rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməlidir. Bu, təkcə qanun qarşısında məsuliyyət deyil, həm də mənəvi və vətəndaşlıq borcudur. Bayrağa hörmətsizlik tək bir atributa deyil, bütövlükdə dövlətin ləyaqətinə və suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir.

Azərbaycan dövlətçiliyinin simvollarına verilən dəyər Prezident İlham Əliyevin imzaladığı mühüm sənədlərlə də əksini tapıb. 2007-ci il noyabrın 17-də dövlət başçısının “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncamı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2010-cu il sentyabrın 1-də açılışı keçirilən Dövlət Bayrağı Meydanı Azərbaycanın dövlətçilik simvolları içərisində müstəsna yer tutur. Burada yaradılmış Dövlət Bayrağı Muzeyi ölkəmizin qədim dövlətçilik tarixini, müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqlarını və milli atributların təkamülünü nümayiş etdirir. 2024-cü il noyabrın 8-də təmir-bərpa işlərindən sonra yenidən açılan meydanda Prezident İlham Əliyev Azərbaycan Bayrağını qaldıraraq dünyanın ən böyük bayrağını ucaltdı. Muzeydə “Zəfər qalereyası” adlı ekspozisiyanın yaradılması isə azadlıq, qürur və milli qələbə rəmzlərinin sintezidir.

Dövlət Bayrağı bu gün azərbaycançılıq məfkurəsinin, milli həmrəyliyin və birlik ideyasının ən ali simvoludur. Üçrəngli Bayrağımız həm xalqın tarixi yaddaşını, həm də gələcəyə inamını birləşdirir. Bayraq millətin varlığını, suverenliyini və müstəqil dövlət kimi yaşamaq iradəsini ifadə edir.

Ulu Öndər Heydər Əliyev bu ideyanı belə ifadə etmişdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir".

Prezident İlham Əliyevin sözləri isə bu ideyanı davam etdirərək müasir dövrün reallığında daha dərin məna qazanır: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbədən sonra üçrəngli Bayrağımız yenidən azad edilmiş torpaqlarımızda qaldırıldı. Xankəndidə, Şuşada, Laçında, Füzulidə və Qarabağın hər guşəsində dalğalanan bu Bayraq təkcə Qələbənin deyil, həm də milli kimliyin, qürurun və gələcəyə inamın təcəssümünə çevrildi.

Bu gün 9 Noyabr Dövlət Bayrağı Günü xalqımızın qəlbində və yaddaşında yalnız bir dövlət atributunun günü kimi deyil, müstəqillik, əzmlə qorunan suverenlik və bir millətin birliyini təcəssüm etdirən gün kimi yaşayır. Üçrəngli Bayrağımızın hər dalğalanışı dövlətçiliyimizin sarsılmazlığını, xalqımızın azad ruhunu və gələcək nəsillərə ötürülən milli iradənin möhtəşəmliyini nümayiş etdirir.

Nigar Orucova, “İki sahil”