14 yanvar 2022 22:03
2311

Türkiyə-Azərbaycan dostluğunun tarixi inkişaf zənciri qırılmazdır

"Bu gün Türkiyə və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Cənab Prezident İlham Əliyevin fikrinə istinadən bildirsək dünyada eyni kökdən olan dövlətlər var ki, bir-biri ilə konflikt yaşayır, münasibətləri olduqca pisdir. Bu reallıq fonunda Türkiyə və Azərbaycan qardaşlığı tarixi və dərin köklərə malik olmaqla bərabər, böyük sınaqlardan çıxmış, dövlətlərimiz və xalqlarımız arasında olan səmimi münasibət hər keçən il daha da dərinləşmişdir."

Bu fikirləri politoloq Şəbnəm Həsənova  "İki sahil" qəzetinə açıqlamasında bildirib.

Şəbnəm Həsənova qeyd edib ki, Türkiyə və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin inkişaf mərhələsi hələ ötən əsrin əvvəllərindən başlayıb. Çanaqqala döyüşlərində türklərlə yanaşı azərbaycanlıların iştirakı, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk əsgərlərinin Bakının azad olunmasında iştirakı ortaq tariximizin real və qürurlu faktlarıdır. Tarix boyu imperialist qüvvələrin apardıqları siyasət nəticəsində kökümüzə, milli-mənəvi dəyərlərimizə zərbə vurmağa, aramızda süni divarlar hörülməyə çalışılsa da xalqlarımız sıx bağlılığı unutmamış, ən çətin günlərdə qardaş-qardaşa yardım etmişdir. Vətən müharibəsi zamanı Türkiyədən hər gün gələn dəstək bəyanatları Cənubi Qafqazı öz məkirli planları üçün döyüş meydanına çevirməyə çalışan qüvvələrin birmənalı şəkildə planlarını yerlə bir etdi. Azərbaycan bayraqlarının sadəcə Bakı küçələrində deyil, bütün Azərbaycan ərazisində dalğalanması faktı da göstərdi ki, sadəcə dövlətlərimiz deyil, xalqlarımız, cəmiyyətlərimiz bir-birinə ayrılmaz tellərlə bağlıdır. Tarix boyu illər ərzində Türkiyə və Azərbaycanın bir-birinə olan dəstəyinin hüquqi müstəviyə qaldırılması baxımından Şuşa Bəyannaməsinin imzalanması olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqliyini bildirən Şuşa Bəyannaməsinin imzalanması bir daha göstərdi ki, Türkiyə və Azərbaycan dostluğunun tarixi inkişaf zənciri bütün dövrlərdə və şərtlərdə qırılmazdır. Türkiyə və Azərbaycan arasında əlaqələr siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrində inkişaf edir. Artıq reallıqdır ki, Azərbaycan Ordusu türk ordu modeli üzərində formalaşdırılır, mütəmadi olaraq hərbi təlimlər keçirilir. Dövlət başçımızın da bildirdiyi kimi, Türkiyənin müdafiə sənayesi gündən-günə inkişaf edir və Azərbaycan da bundan yararlanacaq. Beynəlxalq münasibətlər sistemində mövcud olan hal-hazırkı nizamsızlıq, yeni dünya nizamının qeyri-bərabər və ədalətsiz şəkildə formalaşması, bölgəmizdə cərəyan edən mürəkkəb proseslər kontekstində Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşdirilməsi mövcud reallıqlara və çağırışlara cavab verən önəmli amil və düşünülmüş uzaqgörən siyasətin nəticəsidir.

Ş.Həsənova vurğulayıb ki, Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsinin dünyaya çatdırılması məsələsində Türkiyə mətbuatının rolunu xüsusilə qeyd etməliyik. Belə ki, Gəncə, Bərdə, Tərtərdə terror hadisələrinin törədilməsi dünya mətbuatında anti-Aazərbaycan və antitürk amillərinin qabardılması məsələsinin qarşısını aldı. Türkiyə Azərbaycana dəstəyini konkret əməllərlə sübut edən bir dövlətdir. Belə ki, Türkiyə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə cavab olaraq öz qapılarını Ermənistanın üzünə bağladı. Azərbaycan xalqı ikinci dəfə müstəqillik qazandıqdan, suveren dövlət qurduqdan sonra bu müstəqilliyi tanıyan ilk dövlət məhz Türkiyə olub.

 Politoloq əlavə edib ki, Türkiyə və Azərbaycan dövlətlərinin atdıqları addımlar, verdikləri qərarlar sadəcə iki ölkənin və onun xalqlarının inkişafına istiqamətlənmiş addımlar deyil. Türkiyə dövlətinin başçısı Rəcəb Tayyip Ərdoğan region dövlətlərini özündə birləşdirən əməkdaşlıq platforması təşəbbüsü ilə çıxış etdi ki, bu məsələyə ilk dəstək Azərbaycandan gəldi. Təklif olunan əməkdaşlıq platformaları bütün region xalqlarının rifahını təmin edəcək məsələdir. Zəngəzur dəhlizinin açılması sadəcə Türkiyə və Azərbaycanın siyasi və iqtisadi maraqlarını təmin etməyəcək, bu, eyni zamanda regionun investisiya cəlbediciliyini artıracaq və hal-hazırkı iqtisadi çətinliklər kontekstində bütün regiona fayda gətirəcək. Ermənistanın konstitusiyasında Türkiyə dövlətinə qarşı ərazi iddialarının mövcud olduğu, monoetnik erməni cəmiyyətində antitürk ideyalarının təbliğ olunduğu reallıqlar kontekstində bu gün Azərbaycan və Türkiyədə digər etnik azlıqlar kimi, ermənilər də yaşayır. Türkiyə və Azərbaycan dövlətləri Ermənistana sülh təklif edirlər. Buna baxmayaraq Ermənistan daxildəki revanşistlərin və xaricdən onları idarə edənlərin əsirinə çevrilmişdir. Ermənistana artıq aydın olmalıdır ki, inkişafı, bir dövlət kimi mövcudluğu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir.

Ş.Həsənova xüsusi olaraq qeyd edib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə söylədikləri «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir» və «Bir millət, iki dövlət» ifadələri indiki və gələcək nəsillərimiz üçün ən düzgün yol xəritəsidir. Reallıq odur ki, bu gün Azərbaycan – Türkiyə dostluq və qardaşlığının ən yüksək səviyyədə olan növbəti nümunəsi müşahidə edilir. Bu dostluq və qardaşlıq regionda düşmənçiliyin aradan qaldırılmasına, sülhün təmin olunmasına töhfə  verir.

Şəmsiyyə Əliqızı, "İki sahil"