20 yanvar 2022 00:31
757

Neftin qiymətində son 7 ildə rekord: Bahalaşma nə ilə nəticələnə bilər?

Dünya bazarlarında xam neftin bahalaşması davam edir. "Brent" neftinin mart ayı üzrə fyuçersləri 2014-cü ilin oktyabr ayından ilk dəfə olaraq 87 ABŞ dollarını ötməyə müvəffəq olub. Həmçinin WTI markalı neftin 1 barelinin qiyməti  1 faiz artaraq 86,43 dollar təşkil edib.

Maraqlıdır, neftin qiyməti 100 dollarlıq səddi keçə bilərmi? Artımın davam etməsi nə ilə nəticələnə bilər?

Əvvəlcə ondan başlayaq ki, "JPMorgan" “Brent” markalı neftin qiymətinin 120 dollara,  "Bank of America" isə 125 dollara yüksələcəyini proqnozlaşdırıblar.  "Goldman Sachs"ın yenilənmiş proqnozuna görə isə  bu il "Brent" markalı neftin bir barelinin qiyməti 96 ABŞ dolları ətrafında dəyişəcək. İnvestisiya bankında hesab edirlər ki, sözügedən markalı neftin bir barelinin qiyməti 100 dollarlıq səddi 2023-cü ildə keçərək 105 dollar ola bilər. Baxmayaraq ki, əvvəlki proqnozda bu rəqəm elə 100 dollara bərabər idi. Qurumun analitiklərinin  gözləntisinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv  ölkələrin neft  ehtiyatları yayadək 2000-ci ildən bəri ən aşağı həddə düşəcək ki, bu da ilin sonunda “Brent” neftinin  bir barelinin 100 dollara çatmasına səbəb olacaq.

Neftin bahalaşmasına səbəb ola biləcək amillər sırasına “OPEC+” üzvü Rusiya ilə Ukrayna arasında gərginliyin artması, Yəməndəki husi qrupunun Birləşmiş Ərəb Əmirliklərində yanacaq çənlərinə dron və raket  zərbəsi də aid edilir. “Fitch” beynəlxalq reytinq agentliyində isə bu qənaətdədirlər ki,  hazırda neftin qiymətinin sabit artımı üçün heç bir fundamental səbəb yoxdur.  Ümumilikdə  isə ekspertlər hesab edirlər ki, istehsal artmasa bahalaşma davam edəcək. Baxmayaraq ki, Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, dekabrda gündəlik qlobal neft hasilatı noyabr ayı ilə müqayisədə 130 min barel artıb. Belə ki, Ekvador, Liviya və Nigeriyada hasilatın azalmasına baxmayaraq, ABŞ, Səudiyyə Ərəbistanı, Norveç, Kanada və digər "OPEC+" razılaşması ölkələri hasilatı artırıblar. "OPEC+” iştirakçıları hesabat dövründə gündəlik hasilatı 400 min barel yox, 250 min barel artırıblar. Bununla da razılaşmadan əvvəl olan həcmlərdən gündəlik 790 min barel az neft hasil edilib ki, bu da hasilatın azaldılması ilə bağlı öhdəliyin 121 faiz yerinə yetirilməsi deməkdir.

“Qiymətlər artmağa davam edərsə, bu, tələbata təsir edə və iqtisadi artıma mənfi təsir göstərə bilər”, - deyə, “Fitch” agentliyin təbii ehtiyatlar və əmtəələr üzrə baş direktoru Dmitri Marinçenko bildirib. “The Financial Times” qəzeti isə neftin bahalaşmasının  qlobal inflyasiyanı daha da artıra biləcəyini yazıb.

Qiymət artımı hasilatçılar üçün də risklər yaradır. Belə risklərdən başlıcası ABŞ-ın şist nefti istesalçılarıdır. Hesab edilir ki, neftin bir barelinin  50 dolları keçməsi şist nefti istehsalını rentabelli edir. Nəticədə ABŞ-da şist nefti istehsalında sürətli artım olarsa bunun, ucuzlaşmanı qaçılmaz edəcəyi istisna edilmir. Elə “OPEC+” iştirakçılarının dekabrda hasilatı nəzərdə tutulandan az artırmalarına baxmayaraq  qlobal istehsalın artması və bu sırada ilk yerdə ABŞ-ın qərarlaşması da onu deməyə imkan verir ki, şist nefti hasilatı da artmağa başlayıb. Təsadüfi deyil ki, ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya Agentliyi dekabrda əvvəlki ayla müqayisədə şist nefti hasilatının 85 min barel artacağını proqnozlaşdırmışdı. Ancaq görünən odur ki, qiyməti aşağı salmağa heç şist neftinin hasilatının artmasının da “gücü çatmır”.

Ceyhun Piriyev, “İki sahil”