20 yanvar 2022 16:52
573

20 Yanvar hadisələri tariximizin qəhrəmanlıq səhifəsidir

Qeyd İctimai Birliyinin sədri Tural Nurməmmədov, qazilər, ictimai xadimlər, jurnalistlər və təşkilatın fəal üzvləri 20 Yanvar hadisələri ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etdilər. Azərbaycan gəncliyi öz tarixini hər zaman dəyərləndirib onlardan düzgün qərar çıxartmağı bacarmalıdır.

“İki sahil” xəbər verir ki, şəhidlər xiyabanına ziyarət edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vüqar İskəndərov, Ceyhun Məmmədov, Jalə Əhmədova, Rupor.az saytının rəhbəri Ceyhun Musaoğlu, qazi Zakir İmanov və digər ictimai qonaqların iştirakı ilə “dəyirmi masa” keçirildi. Görüş əsasında gənclərə 20 yanvar hadisələri, müstəqilliyimizi bizə qazandıran çətin və şərəfli yol haqqında geniş məlumat verildi.

Görüş ilkin olaraq Qeyd İctimai Birliyinin sədri Tural Nurməmmədovun iştirakçıları salamlaması və 20 Yanvar faciəsi qurbanlarının bir dəqiqəlik sükutla anılması ilə başladı.

Daha sonra millət vəkili Vüqar İskəndərov  20 Yanvar hadisələrinə qədərki siyasi müstəviyə işıq salaraq gənclər üçün həmin dövrü daha da aydınlatdı. 20 Yanvar hadisələrinin törədilməsinə yaradılan zəmin, ermənilərin planlı şəkildə həyata keçirtdiyi təxribatlarının Azərbaycanın parçalanması üçün düşünülmüş bir addım olduğunu da vurğuladı. Vüqar İskəndərov Azərbaycan xalqına qarşı törədilən bu qətliama ilkin olaraq Heydər Əliyevin birbaşa Moskvaya gedib etiraz etməsini bir daha diqqətə çatdırdı.

Növbəti çıxışçı millət vəkili Ceyhun Məmmədov isə 20 Yanvar hadisələrini tariximizin həm faciəvi, həm də qəhrəmanlıq səhifəsi olaraq qiymətləndirdi. Belə bir faciənin həyata keçirilməsinə səbəb isə Sovet imperiyasının adalətsiz yanaşması ilə birbaşa bağlı olduğunu da qeyd etdi. Millət vəkili Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verilməsi xalqımıza qarşı törədilən bu amansız faciənin mahiyyətini bu günə kimi bütün dünyaya çatdırmaqda böyük rol oynadığını da bildirdi.

Daha sonra millət vəkili Jalə Əhmədova ilkin olaraq  qazilərimizə Vətən uğrunda göstərdikləri şücaətə görə dərin təşəkkürünü bildirdi. Jalə xanım ulu öndər Heydər Əliyevin hakimiyyət illəri və onun layiqli davamçısı olan cənab İlham Əliyevin qısa bir zamanda ölkəmizi inkişaf etdirmək üçün atdıqları addımlardan, gördüyü işlərdən danışdı. Millət vəkili düzgün xarici siyasət, gücləndirilmiş ordu, 44 günlük Dəmir yumruq əməliyyatının nəticəsində artıq dünyada qalib ölkə adını bizə qazandırdığını da xüsusi vurğuladı.

Daha sonra isə Rupor.az saytının rəhbəri Ceyhun Musaoğlu çıxış edərək 20 Yanvar hadisələrində sovet imperiyasının xalqı necə "media blokadası"na aldıqları barəsində ətraflı məlumat verdi. Ceyhun bəy eyni zamanda Alibaşkomandanımızın 17 illik hər bir addımının bizi qalibiyyətə aparan bir yol olduğunu və məhz bu dövrdə yetişən gəncliyin Qarabağı işğaldan azad etməsini də bildirdi.

Daha sonra Vətən müharibəsi qazisi Zakir İmanov 44 günlük qələbə dolu döyüşdən qürur duyduğunu bildirərək öz keçdiyi bu şərəfli yol haqqında danışdı. Qazimiz xalqımızın birliyi, hər zaman ordumuzun yanında olması hər bir əsgər üçün böyük ruh yüksəkliyinin olduğunu da qeyd etdi.

Sonda xatirə şəkilləri çəkdirildi.