22 yanvar 2022 00:57
856

İqtisadi sabitliyin qarantı

2021-ci ildə qeyri-neft sektorunda yüksək göstəricilər qeydə alınıb

Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir və hazırda bu sahə ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın hədəfi ixracatı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir. Bu istiqamətdə də gündən-günə real uğurlar əldə edilir.

Azərbaycan iqtisadiyyatı ötən il pandemiyanın təsirlərinin yaşanmasına, dünyada maliyyə-iqtisadi problemlərin hökm sürməsinə baxmayaraq, əvvəlki həcmini üstələyib, bu sahədə müsbət göstəricilər əldə olunub: ÜDM-in real həcmi 5,6 faiz, qeyri-neft sektoru isə 7,2 faiz artıb. Beynəlxalq Valyuta Fon­dunun ötən ilin oktyabr ayındakı proqnozuna görə, hesabat dövründə qlobal iqtisadiyyatda 5,9 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 6,4 faiz artım gözlənilsə də, Azərbaycan iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunda daha yüksək göstəricilər qeydə alınıb. Həmçinin qeyri-neft sektoru üzrə ixrac 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından ötən il 270 ABŞ dollarına çatıb. Bundan başqa, 2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz qeydə alındığı halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ildə 54,5 milyard ma­natlıq və ya 2020-ci illə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri- neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artıb. Ötən il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və ya 1,2 faiz artaraq 1704,9 min nəfər olub, onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Hesabat ilinin yanvar-noyabr ayların­da ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat təşkil edib.

Keçən il ölkənin qeyri-neft sektoru­nun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında, habelə əhalinin məşğulluq səviyyəsinin təmin edilməsində sənaye parkları mühüm rol oynayıb. Bu gün ölkədə 5 sənaye parkı – Sumqayıt Kimya, Piral­lahı, Mingəçevir, Qaradağ və Balaxanı sənaye parkları fəaliyyət göstərir.

Yeri gəlmişkən, Qarabağ bölgəsində istehsal sahələri üzrə infrastrukturun ya­radılması məqsədilə ötən il mayın 28-də dövlətimizin başçısı tərəfindən Ağdam Sənaye Parkının da təməli qoyulub. Bu park investorların cəlb edilməsi, yeni iş yerlərinin açılması, bölgədə iqtisadi gücün yenidən bərqərar olma­sı, müasir çağırışlar nəzərə alınmaqla sənayenin modernləşdirilməsi baxı­mından mühüm önəm daşıyır. Belə bir sənaye obyektinin yaradılması ilə bu sahənin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşır. Burada əhalinin daya­nıqlı məşğulluğunun təmin edilməsi məqsədilə 5 potensial layihə üzrə 1100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Artıq Ağdam Sənaye Parkında sosial təminatı dəstəkləyəcək infrastruktu­run qurulması istiqamətində də işlərə başlanılıb. Burada subartezian quyusu qazılıb ki, bu da ərazinin suya olan tələbatının ödənilməsi imkanı yaradıb. Həmçinin əraziyə çəkilən 10 kV-luq elektrik xətti və quraşdırılan 630 kV-luq komplekt transformator məntəqəsi enerji təminatının yaxşılaşdırılmasını şərtləndirib.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə həm də yeni beynəlxalq nəqliyyat dəhlizləri yaranır. Belə nəqliyyat dəhlizlərinin gələcəkdə rəqabətqabiliyyətli fəaliyyətinin təmin olunması üçün regionda logistika im­kanlarının artırılması vacibdir. Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərəcək “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bu imkanların reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, iş adamları tərəfindən indiyədək sənaye zonalarına 6,2 milyard manat­dan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulub.

Sevinc Azadi, “İki sahil”