04 fevral 2022 00:31
1789

Basqalın 2000 illik tarixinə dair tapıntılar və onların aqibəti FOTO

Qafar Cəbiyev,

AMEA Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

Azərbaycan Respublikası Prezidentinin "Basqal Dövlət Tarix Mədəniyyət Qoruğu haqqında" 3 oktyabr 2018-ci il tarixli sərəncamına uyğun olaraq Basqal və onun ətrafında geniş miqyaslı tikinti, quruculuq, konservasiya və abadlıq işləri görülməkdədir. Bu gün Basqal sözün əsil mənasında böyük bir tikinti meydanını xatırladır. Qəsəbə yaxınlığında inşa edilməkdə olan çoxmərtəbəli və çoxulduzlu otel və ətrafındakı digər tikililərin inşası artıq başa çatmaq üzrədir. Basqala gələn, oradan ətraf kəndlərə (Müсü, Zeyvə, Tağlabiyan, Kəlfərəc, Kürdüvan, Xan kəndi, Sulut və s.) gedən yollara asfalt örtük vurulub, yeni körpülər salınıb. Basqalın qəsəbədaxili elektrik, qaz, su və kanalizasiya xətləri tamamilə yenidən qurulmaqdadır. Tarixi binalar, o cümlədən yaşayış evləri, ictimai binalar, sənətkar emalatxanaları və dükanlar öz ilkin görkəmi saxlanılmaqla bərpa və konservasiya edilməkdədir. Qəsəbənin lap mərkəzində, Şeyx Məhəmməd məscidi ərazisində arxeoloji baxımdan öyrənilmiş orta əsr yaşayış kompleksi əsasında Basqalın son 1000 illik tarixinin əyani göstəricisi olan arxeopark yaradılması istiqamətində işlər gedir.

Basqal mənzərələri

Onu da xatırladım ki, bütün bu işlərin gedişi zamanı qəsəbə ərazisində bir neçə yerdə Basqalın tarixi keçmişindən xəbər verən neçə-neçə qədim tarixi yadigar aşkara çıxıb və müsbət haldır ki, bu barədə dərhal müvafiq tədbirlər görülməklə aidiyyəti orqanlara məlumat verilib.

Əfsuslar olsun ki, böyük Basqal layihəsinə aid təmizləyəci qurğunun tikintisi ilə məşğul olan inşaatçılar bu cür hərəkət etməyiblər. Belə ki, Basqala bitişik olan Zeyvə kəndinin (ona yerli sakinlər Basqal Zeyvəsi deyirlər) cənub tərəfində (Bu yer Basqal Dövlət Qoruğunun ərazisinə aid deyil) təmizləyici qurğu üçün ərazi hamarlanarkən üzə çıxan və Alban dövrünə aid nadir maddi mədəniyyət nümunələri buldozer və ekskavatorların ağzına verilərək dağıdılıb, məhv edilib. Həmin anda orada olan Basqal qəsəbə sakini Anar Hüseynov ağır texnikanın dağıdaraq Basqal çayının dərəsinə tökdüyü tapıntılardan bəzi nümunələri toplayaraq Basqal Dövlət Qoruğuna təhvil verib və əgər həmin şəxs zamanında o materialları qoruğa təhvil verməsəydi və qoruq rəhbərliyi də bizi məlumatlandırmasaydı Zeyvə kəndi ərazisində belə bir abidənin mövcudluğundan, onun bu tərzdə dağıdılaraq yox edilməsindən heç kəsin xəbəri belə, olmayacaqdı. Təəccüblüdür ki, Basqal Dövlət Qoruğu rəhbərliyinin və bizim məsələyə müdaxiləmizdən sonra da inşaatçılar orada işləri davam etdirərək növbəti dağıntılara səbəb olublar.

Beləliklə, İsmayıllı rayonun Zeyvə kəndi ərazisində təmizləyici qurğu tikintisi zamanı qədim Azərbaycan dövləti Albaniyaya məxsus 2000 illik tarixi olan maddi mədəniyyət nümunələri dağıdılaraq məhv edilib. Bu, tariximizə olan biganəlikdirmi, məlumatsızlıqdırmı, hörmətsizlikdirmi?! Yəni, bu insanlar qanunlardan da xəbərsizdirlər?! Bilmirlər ki, tikinti, təsərrüfat, torpaq işləri görülərkən təsadüfən tarixi yadigarlar üzə çıxarsa dərhal həmin ərazidə işlər dayandırılaraq müvafiq orqanlar bu barədə məlumatlandırılmalıdır?!

Basqalda arxeoloji qazıntılar

Görün, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununda bu xüsusda nə deyilir: "İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir". Göründüyü kimi, Basqal yaxınlığında təmizləyici qurğu inşa edənlər qanunun bu tələbini kobud surətdə pozublar. Yuxarıda adı çəkilən qanunun 28-ci maddəsinin tələbinə görə isə abidələrin qorunması haqqında qanunavericiliyi pozan şəxslər cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. 

Hesab edirik ki, baş verənlər fonunda "orada abidə olduğunu haradan biləydik" deyən inşaatçılar da, "dövlət qeydiyyatında belə bir abidə yoxdur" deməklə hərəkətlərinə və hərəkətsizliklərinə bəraət qazandırmaq istəyən şəxslər də qanun qarşısında məsuliyyət daşıyırlar.

Basqalın 2000 illik tarixindən xəbər verən tapıntılar

 

Şəkillərdə:

1-12-ci şəkillər: eramızın I əsrinə aid müxtəlif təyinatlı keramika nümunələri;

14-16-cı şəkillər: eramızın I əsrinə aid dəmir nizə ucluqları

17-ci şəkil: eramızın I əsrinə aid dəmir qılınc