“İkisahil TV” “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin baş məsləhətçisi, Xocalı sakini Samirə Hüseynova ilə müsahibəni təqdim edir.
- Samirə xanım, gəlin, Xocalıya qayıdaq. Xocalının o dəhşətli gecədən öncəki halını necə xatırlayırsınız?
- Xocalı faciəsi baş verən zaman mənim 12 yaşım var idi. Valideynlərimlə birlikdə 12 yaşıma qədər xoşbəxt, qayğısız həyat sürmüşəm. Xoşbəxtlik mənim üçün, əlbəttə, ata-anamın, doğmalarımın yanımda olmağını, doğulub, böyüdüyüm evimizdə yaşamağım demək idi. Həyatımın ən gözəl illəri 12 yaşıma kimi olub. 1988-ci ilə qədər çox sakit, rahat həyat yaşayırdıq. 1988-ci ildən etibarən ermənilərin Qarabağda təxribatlar törətməyə başlamaları ilə bizim rahatlığımız pozulmağa başladı. Bu günə qədər yadımdadır ki, 1988-ci ilin sentyabrın 18-də ermənilər Xocalıya ilk dəfə hücum etdilər. O zaman bizim heç birimizdə silah yox idi. Bəzi ailələrdə isə ola biləcək yeganə silah ov tüfəngi idi. Ermənilər hücum edəndə bizə maraqlı gəlirdi ki, hücum nə deməkdir? Təsəvvür edin, kişilərlə bərabər qadınlar və uşaqlar belə gedirdilər ki, görək ermənilər nə üçün üstümüzə gəlirlər. Artıq onlara yaxınlaşanda gördük ki, əllərində dəyənəklər, müxtəlif silahlar var. Bu zaman kişilər qadınları, uşaqları, yaşlıları evlərə göndərdilər ki, təhlükə yaşanmasın. Ermənilərin gəliş səbəbi isə məlum idi. Boş-boş ərazi və torpaq iddiaları ilə özlərinə uydurma şüarlar hazırlayaraq Qarabağın erməni torpağı olduğunu sərsəmləyir, bizimkilərə “buradan çıxın gedin” deyib hücum edərək, qovmağa çalışırdılar. Bizim cavanlarımız da təbii ki, bu sözlərə dözə bilməyib əliyalın silahlı ermənilərlə döyüşmüş və nəticədə çoxu yaralanmışdı. Daha sonra sovet hərbçiləri Xocalıya gələrək bir neçə azərbaycanlını həbs edərək Xankəndiyə aparmış, hətta orada onları döymüşdülər. Bu hadisələrdən sonra ermənilər daha da azğınlaşmağa başladılar. Artıq onların hücumları ayda 3-4 dəfə və hətta həftədə 1-2 dəfə baş verdi. Bunun nətciəsində camaatda belə bir fikir yarandı ki, özünümüdafiə dəstəsi yaratsınlar. Bu dəstəni əmim- Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov yaratmışdı. Həmin dəstənin üzvləri 3-5 nəfər olmaqla hər gecə Xocalıda post quraraq bizi qoruyurdular. Getdikcə ermənilər bizə daha böyük silahlarla hücum etməyə başladılar. 1991-ci ilin yaz ayları idi. Bir gecə yatmışdıq. İlk dəfə həyatımda “Qrad” səsi eşidirdim. O raket atəşinin səsi hələ də qulaqlarımdan getmir. Dəhşətli qorxu, həyəcanla qışqırıb oyandığım yadımdadır. Sanki yerin göyün üzü tutulurdu o səsdən. Başa düşə bilmirdik ki, bunlar nədir. İçimizdə dəhşətli qorxu olsa da biz yenə də öz ev-eşiyimizi qoyub getmirdik. Zaman keçdikcə bilirdik ki, bu cür atəşlər açılanda evlərin zirzəmisində girməliyik. Xatırlayıram ki, dərs vaxtı atəş səsləri gələndə bizi məktəbin zirzəmisinə gizlədirdilər. Atəş səsləri kəsiləndən sonra yenidən zirzəmidən çıxıb sinif otaqlarımıza gəlir və dərslərimizə davam edirdik. Yəni, biz uşaq olsaq da ermənidən və onun təxribatlarından qorxmadan normal həyatımıza davam edirdik. Beləliklə, ermənilər artıq quduzlaşmağa başladılar. Xocalı vadidə yerləşirdi, dörd bir tərəfimiz dağlarla əhatəli idi və o dağlarda da erməni mövqeləri yerləşirdi. Bu minvalla ermənilər bizi artıq 1992-ci ildən daha sıx və daha müxtəlif silahlardan atəşə tutmağa başladılar.
- Bəşər tarixinə ən qanlı qətliamlardan biri kimi yazılan o dəhşətli gecəni- 1992-ci il fevralın 25-dən 26-na keçən gecəni necə xatırlayırsız?
- Fevralın 25-i saat axşam təxmini 11 olardı. Yatmağa hazırlaşırdıq. Birdən elə bir uğultu, nərilti səsi gəldi ki, ömrümün sonuna qədər unutmaram o səsləri. Anam yenə bizi zirzəmiyə göndərmək istəyəndə atam girdi otağa və dedi ki, budəfəki hücum əvvəlkilərdən deyil. Ermənilər şəhərin baş hissəsindən Xocalıya girmişdilər və artıq çıxmaq lazım idi. O qaranlıqda, təşvişdə nə geyindiyimizi belə bilmədik. Məndə o an yaranan qorxunu hələ də aşa bilmirəm. Biz başladıq ağlamağa ki, ermənilər bizi öldürəcəklər. Atam bizi sakitləşdirdi və dedi ki, sizi silahlı dəstə Ağdama keçirəcək. Silahlı dəstə dedikləri də sadəcə bir və ya iki nəfərdə ov tüfəngi var idi. Birinci uşaqları, qadınları və yaşlıları Xocalıdan göndərdilər. Atam isə orada qaldı. O qaranlıq gecədə göyün üzünü mərmilər elə işıqlandırırdılar ki, sanki gündüz idi. Atəş səsləri, mərmi yağışı ilə son dəfə çevrilib Xocalıya baxıb öz yurd-yuvamızı tərk etdik. Bu, sadəcə dəhşət idi... Bizi qarşıda nə gözləyirdi, bundan sonrası necə olacaqdı heç bir şey bilmədən o soyuq fevral gecəsində saatlarla meşəliklərlə yol gedirdik. Mən, anam və qardaşım Xocalı sakinləri ilə birlikdə buzlu Qarqar çayını çətinliklə keçərək Kətik dağına qalxdıq, qarlı və şaxtalı, vahiməli meşə yolu ilə Ağdam istiqamətinə üz tutduq. Burada da ermənilər qarşımızı kəsib bizi atəşə tutmağa başladılar. Ermənilərin məqsədi təkcə Xocalını işğal etmək deyildi. Onlar bütün Xocalı sakinlərini məhv etmək istəyirdilər. Əgər belə olmasaydı mülki insanların meşələrdə qarşılarını kəsib öldürməzdilər.
Onlarla qadın, uşaq düşmən gülləsinə tuş gəldi. Şaxtalı havada bizimlə yola çıxan bir neçə uşaq donaraq həyatını itirdi. Mərmilər, güllələr yağış kimi yağırdı. Yanımızda partlayan mərminin qəlpəsi qardaşımın gözünü yaraladı. Qardaşım bir gözünü itirdi. Biz çox çətinliklə səhərə yaxın Ağdamın Şelli kəndinə gəlib çıxa bildik.
- Samirə xanım, qanlı gecədə sizin ailənizdə hansı faciələr yaşandı?
- 1992-ci ilin fevralın 26- da baş verən soyqırımı zamanı əksər xocalılar kimi, bizim də ailəmizdə ağır faciələr yaşandı. Bu faciədə doğmalarımı, o cümlədən atamı itirdim. Ermənilərin mühasirəsində qalan əmim Tofiq Hüseynov isə əsir düşməmək üçün özünü qumbara ilə partladıb. Biz Xocalıdan çıxanda atam bizimlə gəlmədi. Xocalıda qalıb şəhəri müdafiə etməyə çalışdı. Sonradan eşitdik ki, atam ermənilərlə döyüşdə qəhrəmancasına şəhid olub. Atam və əmimdən başqa soyqırımı zamanı babam, nənəm, bibilərim də şəhid oldular. 48 nəfər yaxın qohumum bu soyqırımında qətlə yetirildi. Əmimin itkin düşmüş ailəsinin, qızlarının, həyat yoldaşının qətlə yetirilməsindən xarici jurnalistlərin çəkdikləri şəkillər vasitəsilə xəbər tutduq. Hər biri vəhşiliklə qətlə yetirilmişdi. Təəssüf edirəm ki, 1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Faciə 1992-ci ildə baş versə də, Xocalı dəhşətinə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildə verildi. 2020-ci ilin sentyabrın 27-də başlanan və müzəffər ordumuzun həyata keçirdiyi 44 günlük müharibə zamanı torpaqlarmızın azad edilməsi bizə böyük qürur hissi yaşatdı. Bu hissi bizə yaşatdığı üçün cənab Prezidentimiz , Ali Baş Komandan İlham Əliyevə ailəm adından təşəkkürümü bildirirəm. Nəhayət, 29 ildən sonra sonra torpaqlarımız, o cümlədən atamın, əmimin, babamın, nənəmin və bibilərimin şəhid olduğu Xocalı rayonunun bir hissəsi erməni işğalçılarından azad edildi.
- 44 günlük Vətən Müharibəsində qazanılan Qələbəmiz erməni zülmünü şəxsən yaşayan biri kimi sizə necə təsir etdi?
- Bu, çox böyük qürur, fəxr hissi idi. Sevincimin həddi, hüdudu yox idi. İntiqamımız alınmış, Qarabağ həsrətimiz sona çatmışdı artıq. Uzun illərin həsrətindən sonra ailəliklə bir nəfər kimi öz yurdumuza geri dönəcəyimiz günü gözləyirik. Bilirik ki, digər şəhər, rayon və kəndlərimiz kimi, Xocalı da yerlə - yeksan olunub. Orada yaşamaq üçün heç bir şərait yoxdur. Amma bütün bunlara baxmayaraq biz yurdumuza qayıtmaq, Xocalını yenidən bərpa etmək, hayatımızın qalan hissəsini orada yaşamaq istəyirik. Mənim bütün uşaqlıq xatirələrim Xocalı ilə bağlıdır. Mən o xatirələri yenidən vərəqləmək istəyirəm. Hesab edirəm ki, biz Xocalıya qayıdandan sonra orada şəhid olmuş yaxınlarımızın ruhları rahatlıq tapacaq. Sonda isə bir daha bildirmək istəyirəm ki, heç bir xalqa Xocalı soyqırımı kimi dəhşətli faciə yaşamağı arzu etmirəm. Dünyada Xocalı soyqırımı kimi faciələrin baş verməməsi üçün dünya Xocalı soyqırımına ədalətli qiymətini verməlidir.
Nilufər Mustafaqızı, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib