Bu, bir tarixi ənənədir ki, Vətən dara düşəndə qeyrətli oğullar meydana çıxar, sinəsini elinə, obasına, torpağına sipər edər. Onlar Vətənin və xalqın azadlığı uğrunda canlarından belə keçməyi özlərinə böyük şərəf hesab edərlər. Belə qəhrəmanlarımızdan biri Hüseynov Tofiq Mirsiyab oğludur.
Tofiq 1954-cü il fevralın 16-da Xocalıda dünyaya gəlib. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumunda kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinə qəbul olunub. Texnikumu bitirdikdən sonra 1974-cü ildə hərbi xidmətə çağırılıb. İki illik hərbi xidmət illərində vətənpərvər bir yurddaş kimi yetişib. 1976-cı ildə əsgəri xidmətini Qazaxıstan Respublikasının Alma-Ata (indi Almatı) şəhərində başa vurub doğma yurduna qayıdan Tofiq Xocalı qəsəbə orta məktəbində hərbi hazırlıq müəllimi işləyib.
1988-ci il hadisələri başlayanda Xocalı sakinləri ilə bərabər o da dərin narahatlıq keçirirdi. Ermənilərin əsassız torpaq iddiaları, getdikcə kəskinləşən münasibətlər, dava-dalaş və tək-tək qətllər süni surətdə yaradılan münaqişənin böyüyb məcrasından çıxmasına doğru aparırdı. Açıq hiss olunurdu ki, sovet dövlətinin rəhbərləri ermənilərin nəinki torpaq iddialarının və özbaşınalıqlarının qarşısını almır, hətta onları bu işə ruhlandırır və hər cür lazımi dəstəyi verirlər. Ermənistanı silahlandıran sovet hökuməti azərbaycanlıların ov tüfənglərini belə yığdırmışdı. İrəvandan və xarici ölkələrdən Qarabağa yığışan muzdlu başkəsənlər bir çox kəndlərə hücum edərək günahsız azərbaycanlıları öldürür, kəndləri yandırır, talayıb aparırdılar. Yaraqlı erməni saqqallıları onların yolunda alınmaz qala kimi duran Xocalıya hər tərəfdən hücum planı hazırlayırdılar. O zamankı qorxaq respublika rəhbərliyi Xocalının müdafiəsini təşkil etmirdi. Gənc Xocalı şəhəri və onun sakinləri taleyin ümidinə buraxılmışdılar. İrimiqyaslı silahlı qarşıdurmanın lap yaxında olduğunu hiss edən xocalılılar vəziyyətdən çıxış yolunu özünümüdafiədə görürdülər. Vəziyyətin acınacaqlı hal aldığını görən ehtiyatda olan baş leytenant Tofiq Hüseynov Xocalının əli silah tutan kişilərinə silah tapıb dəstə yaratmaq və müdafiəni təşkil etmək lazım olduğunu bildirdi. 1991-ci ildə Xocalıya rayon ( şəhər) statusu verildi. Bacarıqlı hərbçi kimi Tofiq Hüseynov ərazi özünümüdafiə dəstəsinin təşkilatçılarından biri oldu və komandir təyin edildi. Ermənilərlə müqayisədə zəif silahlanmış bu dəstə ilk döyüşlərdə düşmənə ağır zərbələr vurdu. Əhalidə böyük ümid yarandı. Döyüşlərdə mətinləşmiş və təcrübə qazanmış igid komandir Tofiq rayonda "Mixaylo” ləqəbi ilə tanınırdı. Meşəli kəndi uğrunda gedən döyüşdə onun dəstəsi onlarla erməni yaraqlısını məhv etməyə müvəffəq oldu. Onun təşkil etdiyi əməliyyat nəticəsində Noraguh kəndində yerləşən və Xocalı şəhərini daim atəş altında saxlayan erməni topçu batareyası susduruldu, Mehdikənd kəndinin fermasında yerləşən erməni quldurlarının “Alazan” tipli artilleriya qurğusu məhv edildi və bir neçə erməni əsir götürüldü.
1992-ci il fevral ayının 25-dən 26-a keçən o dəhşətli gecədə Tofiq döyüş yoldaşları ilə birlikdə Xocalının müdafiəsində igidliklə vuruşdu. Qorxmaz komandir dinc əhalinin təhlükəsiz yerlərə müşayiət edilməsində, düşmən hücumunun qarşısının müvəqqəti də olsa alınmasında rəşadət göstərdi. Bu, çox çətin idi, şaxtanın qılınc kimi kəsdiyi soyuq havada, qarda-çovğunda hərəkət etməyin özü ölümə bərabər idi. Qeyri-bərabər döyüşdə Tofiq Hüseynov son gülləsinə qədər vuruşaraq, axırda əsir düşməmək üçün qumbaranı sinəsinə sıxıb partlatdı və özü ilə bərabər yaxınlığındakı bir neçə erməni yaraqlısını da məhv etdi. Tofiq beləcə otuz səkkizinci yaşında şəhadətin zirvəsinə yüksəldi. Sonradan cənazəsi tapılaraq Bakıya gətirildi. Qəhrəman komandirin cənazəsi Şəhidlər xiyabanında böyük ehtiramla dəfn edildi. Ailəli idi. Üç övladı var. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə baş leytenant Hüseynov Tofiq Mirsiyab oğlu göstərdiyi döyüş rəşadətlərinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Onun işıqlı əməlləri tariximizin və xalqımızın yaddaşında əbədi yaşayacaq.
Vəli İlyasov, “İki sahil”