Bu ilin fevral ayının 23-də Xocavənd rayonu Edilli kəndi ərazisində azərbaycanlıların kütləvi məzarlığı aşkar edilib. Vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyevin Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına verdiyi ifadələr əsasında Edilli kəndi ərazisində kütləvi məzarlığın yerinin müəyyənləşdirilməsi mümkün olmuşdur.
Bundan sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə işçi qrup yaradılıb. İşçi qrupuna Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akdemiyasının Arxeologiya İnstitutu, Azərbaycan Respublikası Hərbi Prokurorluğu əməkdaşları daxil edilib.
Kütləvi məzarlıq aşkar edildikdən iki gün sonra 25 fevral tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 10-a yaxın qeyri-hökumət təşkilatının nümayəndələri Xocavəndin Edilli kəndinə səfər edib.
Xocavənd rayonu Edilli kəndi Qarabağ silsiləsinin cənub-şərq ətəyindədir. Etnotoponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin 3 paytaxt şəhərindən birinin adı İdil, Volqa çayının keçmış adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur.
Edilli kəndini təcavüzkar Ermənistan silahlı qüvvələri 2 oktyabr 1992-ci ildə işğal edib, 15 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu kəndi azad edilb.
Səfər zamanı Edilli kəndinə girdikdə bizim diqqətimizi iki məsələ cəlb etdi. Birincisi, kənd ərazisində işlək vəziyyətdə olan, lakin sayğacları sökülmüş qaz xətləri, ikincisi isə kəndin yollarına döşənmiş daşlar idi. Ərazidə xidmət aparan hərbçilərimizin verdiyi məlumata görə, Azərbaycan Ordusu həmin əraziləri işğaldan azad edənə qədər İran İslam Respublikası tərəfindən bu əraziyə qaz verilirmiş. Küçələrin səliqəli formada İçərişəhərə bənzər daşlarla düzülməsinin isə daha acı hekayəsi var. Əldə edilən məlumatlara görə, Edilli kəndinin küçələrinə döşənilmiş daşlar Füzuli ərazisindən götürülən azərbaycanlı əsirlər tərəfindən daşıdılaraq gətirilmiş və küçələrə döşənilmişdir.
Kütləvi insan cəsədi olan məzarlıqda üst-üstə qalaqlanmış insan sümüklərinə həyəcansız baxmaq mümkün deyildi. Hər biri bir ailənin ümidi, bir ocağın çırağı, bir nəslin davamçısı olan Azərbaycan türklərini məhz etnik milli mənsubiyyətinə görə ermənilər tərəfindən insanlığa sığmayan dəhşətli işgəncələrə məruz qoymaqla qeyri-insani şəraitdə də basdırıblar.
Şəmsi Şıxəliyev şahidlik edir:
1993-cü ilin avqust ayında Bakı şəhərində öz doğmalarını müharibə zonasından daha təhlükəsiz yerlərə köçürmək məqsədilə əraziyə gələn Şəmsi Şıxəliyev erməni hərbçilər tərəfindən girov götürülüb və 48 gün əsir saxlanılıb. O, Edilli kəndində saxlanılarkən qorxunc mənzərənin şahidi olub. Erməni hərbçilərinin döyüşlərdə şəhid olan azərbaycanlı əsgərlərin və digər kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini bu əraziyə gətirərək quyulara töküldüyünü öz gözləri ilə görüb. Ş.Şıxəliyevin şahidliyi ilə aşkarlanan kütləvi məzarlıqda 15-20 nəfərin cəsədinin olması ehtimal edilir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmisi Zaur İsmayılov isə bildirib ki, Edillidə tapılan kütləvi məzarlıq barədə ilkin məlumatlara görə, burada 3 metr dərinlikdə 15-20 cəsəd basdırılıb. Üst hissədə 4-5 nəfərin cəsədi görünsə də, torpağın altında da onların olması ehtimalı var. Cəsədlər eskumasiya olunduqdan sonra aidiyyəti qurumlara təhvil veriləcək.
Zaur İsmayılovun verdiyi məlumata görə, təkcə Xocavənd rayonunda deyil, o cümlədən Ağdam, Füzuli, Şuşa rayonları ərazisində fərdi və kütləvi məzarlıqların olması barədə məlumatlar daxil olub. Bu məlumatlar toplanmış materiallara, şahid ifadələrinə əsasən ümumiləşdirilmişdir. Artıq Dövlət Komissiyası bu məlumatlar əsasında həmin məzarlıqların yerini müəyyən edib, orada dəfn olunan insanların təxmini sayı müəyyənləşdirilib. Ardıcıl olaraq ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da aşkara çıxarılacaq.
Zaur İsmayılov onu da bildirdi ki, Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar əldə olunub. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına görə, Birinci Qarabağ müharibəsi dövründə 3890 nəfər itkin qeydiyyata alınıb. Hazırda 3079 itkinin ailəsindən DNT nümunələri götürülüb və proses bu ilin avqustunda başa çatdırılacaq.
Edilli kütləvi məzarlığının aşkar edilməsi 3 aspektdən qiymətləndirilməlidir.
1. Əsir, girov götürülmüş, itkin düşmüş Azərbaycan vətəndaşlarının şəxsiyyətinin müəyyən edilərək onların ailələrinə təhvil verilməsi.
2. Soyqırım cinayətlərinin tərkibi olan bu cinayətin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) səviyyəsində qiymətləndirilməsinə nail olmaq.
3. Hərbi əsirlərlə qeyri-insani davranış.
Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib. Bu konvensiyalardan biri isə hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasıdır. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir.
Cenevrə Konvensiyasına əsasən, hərbi əməliyyatda iştirak etməyən mülki əhalinin girov götürülməsi qadağan edilmişdir. Sənəddə eyni zamanda hərbi əsrlərlə davranış qaydaları müəyyən edilmişdir. Lakin göründüyü kimi, erməni tərəfi beynəlxalq hüquqla müəyyən edilmiş müharibə qanunlarına məhəl qoymadan insanlıq faciəsi törətmişdir.
Beynəlxalq hüquqa görə soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlərdən biri" kimi nəzərdə tutulub.
1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutunun 5-ci maddəsində aşağıdakı beynəlxalq cinayətlər sadalanır: soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti. Lakin bunlardan təcavüzlə bağlı məsuliyyətə cəlbetmə, ümumiyyətlə, bu cinayətin tərifinin tam və qəti müəyyən olunmaması səbəbindən uzun müddət dayandırılmışdı. 2010-cu il tarixli Kampalada qəbul olunmuş razılaşmaya əsasən, 1 yanvar 2017-ci il tarixində BCM artıq bu cinayətə görə də yurisdiksiyaya malikdir. Qeyd edək ki, Statutun müddəalarına görə, Roma Statutu onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi).
Lakin fikrimizcə, burada soyqırım və təcavüz cinayətlərinə münasibətdə fərqli münasibət olmalıdır. Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə məhkəmənin səlahiyyəti yalnız Konvensiyanın 9-cu maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırım cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırım cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsini qaldırsın.
Səməd Vəkilov,
Müvəkkil Hüquq Mərkəzinin sədri