22 mart 2022 17:22
2515

Rəfiqə Hüseynzadə: SOCAR səmt qazını azaldan ilk şirkətlərdən ola bilər

Dövlət Neft Şirkətinin (SOCAR) atmosferə qaz emissiyalarının azaldılması istiqamətində davamlı olaraq uğurlu layihələr həyata keçirməsini beynəlxalq təşkilatlar yüksək qiymətləndirir.

"İki sahil" şirkətə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının tədqiqatlarını dərc etdirdiyi internet səhifəsində bildirilir.

Qurum SOCAR-ın son vaxtlar səmt qazının atılmasının azaldılması üzrə ciddi addımlar atdığını qeyd edərək, onun bu istiqamətdə əldə etdiyi nailiyyətlərə görə dünyada ilk neft-qaz şirkəti ola biləcəyini bəyan edib.

Səmt qazının azaldılması istiqamətində görülən işlər barədə Dünya Bankına məlumat verən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib ki, “Hazırda şirkət davamlı olaraq atmosferə atılan qazların miqdarını azaltmaq üçün ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını tətbiq edir. SOCAR artıq səmt qazı emissiyalarını 2%-ə endirməyə nail olub və 2022-ci ildə bu rəqəmi sıfra endirməyi hədəfləyib. Görülən işlərin nəticəsi olaraq SOCAR dünyada bu nailiyyətə çatan ilk neft-qaz şirkətlərindən biri olacaq. Artıq SOCAR “Xalis sıfır” (“Net Zero”) istiqamətində bir sıra ciddi addımlar atıb. Bu işlərin davamı olaraq, SOCAR gələcəkdə “yaşıl enerji”yə keçid və hidrogen enerjisindən istifadəyə üstünlük vermək istiqamətində addımlayır”.

"Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq Təşkilatının (GGFR) peyk əsasında apardığı hesablamalara görə, Azərbaycan qazın məşəldə yandırılmasını 2012-ci ildəki 333 milyon m3-dən 2020-ci ildə 135 milyon m3-ə qədər davamlı olaraq azaldıb. Bununla yanaşı səmt qazından istifadənin səmərəliliyindən danışdıqda, məşəldə yandırma intensivliyi, habelə hasil edilən neftin hər barrelinə düşən yandırma miqdarı da zaman keçdikcə azalıb.

Bu irəliləyiş 2030-cu ilə qədər məşəldə yandırmanın sifra endirilməsi məqsədinə çatmaq üçün səmt qazına faydasız məhsul deyil, qorunmalı resurs olması, habelə onun atılmasına ekoloji problem kimi yanaşmasını əks etdirir.

Bundan başqa SOCAR və BP arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq nəticəsində hər il təxminən 265 000 ton CO2 emissiyası azaldılır.

SOCAR təbii qazdan Azərbaycanda enerjiyə çıxış imkanlarını genişləndirmək üçün istifadə edir. BMT-nin İnkişaf Proqramının NAMA layihəsi çərçivəsində SOCAR 2018-ci ildə “Siyəzənneft” NQÇİ-də “Zağlı-Zeyvə” yatağını pilot sahə kimi müəyyənləşdirərək, burada səmt qazının toplanması üçün layihə həyata keçirmişdir. Birbaşa atmosferə atılan emissiyaları azaltmaq üçün SOCAR öz infrastrukturuna sərmayə qoyaraq ərazidə üç qaztoplama məntəqəsində yeni kompressorlar, separatorlar, o cümlədən onlayn idarəetmə sistemi quraşdırıb ki, nəticədə ildə 6,8 milyon m3 səmt qazının tutulması, saxlanması və nəqli həyata keçirilir.

Dünya Bankının internet portalında dərc olunan məlumatlara istinadən deyə bilərik ki, SOCAR bundan sonra da Dünya Bankı və digər partnyorları ilə sıx əməkdaşlığı davam etdirərək qarşısına qoyduğu sıfır emissiya hədəflərinə nail olmaqdadır.