30 mart 2022 11:11
1279

TTSİ-nin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində 50000-ci sertifikat dinləyiciyə təqdim edilib - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzi tərəfindən ayrı-ayrı peşələr və ixtisaslar daxilində tədris edilən kursların mühüm göstəricisi olaraq 50000-ci sertifikatın təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan idarə rəisi Fuad Süleymanov Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin və Beynəlxalq Dəniz Təşkilatının (IMO) və Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (IMCA) standartlarının tələblərinə uyğun olaraq dənizdə çalışan işçilər, o cümlədən dalğıclar üçün ixtisasartırma, təkmilləşdirmə və təlimatlandırma xarakterli müxtəlif kursların vacibliyini vurğulamaqla bərabər, Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin fəaliyyətinin göstəricisi kimi 50000-ci sertifikatın əlamətdar olduğunu qeyd edib.

Tədbirdə çıxış edən SOCAR-ın İnsan resursları departamentinin rəis müavini Elnur Hüseynov, “Kompleks Qazma İşləri” Trestinin müdir müavini Saday Allahverdiyev çıxış edərək kadrların hazırlanması istiqamətində təlim kurslarının əhəmiyyətindən danışıb və SOCAR-ın kadr potensialının möhkəmləndirilməsinə yönələn bu cür işləri yüksək qiymətləndiriblər. Daha sonra “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursunda iştirak etmiş “Kompleks Qazma İşləri” Trestinin əməkdaşı Beybalazadə Vidadi Zalbala oğluna 50000-ci sertifikat təqdim edilib.

Qeyd edək ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 5 təlim mərkəzindən biri kimi uğurla fəaliyyət göstərən Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi 2021-ci ilin mat ayında Böyük Britaniyanın Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatı (OPITO) tərəfindən Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET), Batmaqda olan helikopteri tərketmə üzrə təlim (HUET) və Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının tədrisi ilə əlaqədar akkreditə edilib. Bu akkreditasiya Xəzər regionunda dəniz neft-qaz platformalarında, üzən qazma qurğularında, gəmilərdə və barjalarda çalışan mühəndis-texniki heyətin və mütəxəssislərin sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, eləcə də fövqəladə hallarda, qəzaya yaxın vəziyyətlərdə və risklərə nəzarət sahələrində təlim ehtiyaclarının təmin olunmasına xidmət edir.

Orxan Vahidoğlu, “İki sahil”