Martın 31-də Qaradağ rayonunun Sahil qəsəbəsində soyqırımı qurbanları abidəsinin qarşısında əklilqoyma mərasimi keçirilib.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və aparat üzvləri, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının fəalları, Milli Məclisin üzvləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələri və qazilər iştirak edirdilər.
Daha sonra tədbir iştirakçıları Qobustan qəsəbəsində Aşıq Rza adına mədəniyyət evində 31 Mart soyqırımı ilə bağlı tədbiri davam etdiriblər.
Tədbir Qaradağ Rayon İcra Hakimiyyətinin, YAP Qaradağ rayon təşkilatının, Gənc Politoloqlar Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutub. Lahiyə çərçivəsində hazırlanmış “Qaradağ rayonu üzrə İkinci Qarabağ – Vətən müharibəsi şəhidləri” adlı kitabça tədbir iştirakçılarına paylanılıb. Kitabçada 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş Qaradağ rayon ərazisində yaşayan şəhidlər haqqında qısa məlumat verilir.
Tədbirdə Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov, onun müavinləri, Hümanitar və ictimai-siyasi məsələlər üzrə şöbə müdiri, “91-lər”in və YAP Ağsaqqallar Şurasının üzvü Munis Bayramov, RİH Aparatının əməkdaşları, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilarlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova, Qobustanın “Şamlı Məsçidi” dini icmasının rəhbəri Hacı Qaraoğlan Həsənov, Qobustan qəsəbəsi 222 saylı tam orta məktəbin müəlliməsi Rasimə Şahbazova, Qobustan qəsəbəsi “Şəngülüm” körpələr evinin müdiri Dünyaxanım Zülfüqarova, şəhid ailələrinin üzvləri, qazilər iştirak və çıxış ediblər. Tədbirin bədii hissəsində Qaradağ rayonu Qobustan qəsəbəsi 223 və 195 saylı tam orta məktəb şagirdləri 31 Mart - Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədər şeirlər söyləyiblərr.
Tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olunub.
Tədbir iştirakçıları verdikləri maliyyə və təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz minnətdərlıqlarını bildiriblər.
Qeyd edək ki, “Azərbaycan tarixinin şanlı səhifələrini qanı ilə yazanlar” layihəsi çərçivəsində növbəti tədbirin şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Qaradağ rayonun Ələt qəsəbəsində keçirilməsi nəzərdə tutulub.
İlkin Əliyev,
Gənc Politoloqlar Mərkəzinin sədri