01 aprel 2022 15:11
1404

"SOCAR-AQŞ" İraq Qazma Şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

"SOCAR-AQŞ" neft quyularının kompleks qazma və əsaslı təmir xidmətləri üzrə İraq Qazma Şirkəti (IDC) ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilə İraqda milli və beynəlxalq neft şirkətləri üçün qazma layihələrinin həyata keçirilməsində əməkdaşlığı nəzərdə tutur.

Şirkətdən "İki sahil"ə verilən məlumata görə, "SOCAR-AQŞ"nin Baş direktoru Samir Mollayev “Beynəlxalq inkişaf və kompleks qazma layihələrini həyata keçirmək üçün imkanlarımızı genişləndirmək kimi məqsədlərimizin bir hissəsi olaraq, fəaliyyətimizin coğrafiyasını genişləndirməkdən məmnunuq. Bu əməkdaşlıq Azərbaycan və İraq arasında işgüzar əlaqələr, təcrübə və bilik mübadiləsi, eləcə də biznesin genişləndirilməsi üçün yeni imkanlar yaradır”.

Xatırladaq ki, bu ilin əvvəlində "SOCAR-AQŞ" və İraq Qazma Şirkəti qazma əməliyyatları üzrə əməkdaşlığın davam etdirilməsi haqqında ilkin razılıqları əks etdirən protokol imzalamışdır.