01 aprel 2022 16:21
1108

Qarabağda qaz təchizatı sistemi yenidən və müasir səviyyədə qurulacaq - FOTO

Aprelin 1-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov Xankəndidə qazın nəqlinin bərpası barədə məlumat verərək  bildirib ki, hazırda Azərbaycanın suveren ərazisi olan Xankəndi şəhəri təbii qazla təmin olunur : « Növbəti mərhələlərdə nəzərdə tutulub ki, bütün ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada qurulmaqla müasir tələblərə cavab versin. O cümlədən Xankəndi şəhərinin qaz təchizatı sisteminin də yenidən qurulması nəzərdə tutulur. Həmin ərazilərdə qurulacaq infrastrukturdan Azərbaycan vətəndaşları normal şəkildə yararlana biləcəklər.»

Onun sözlərinə görə, Xankəndi şəhəri daxil olmaqla Qarabağ iqtisadi rayonu 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb: «Hələ o dövrlərdə orada geniş qaz infrastrukturu yaradılmışdı. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılaraq viran qoyulmuşdur.»

Teymur Cəfərov qaz çəkilişləri ilə bağlı sualı cavablandıraraq bildirib ki, artıq bu işlər «Azəriqaz» İB-nin öz vəsaiti hesabına həyata keçirilir. Qazlaşdırma ilə Birliyin təmir–tikinti idarəsi məşğul olduğu üçün  podratçı təşkilatlarla işbirliyimizə son qoyulub.  Lakin istər Bakıda, istərsə də rayonlarda qazlaşdırmaya dair dövlət planına düşməyən məhəllələrin sakinləri  öz şəxsi vəsaitləri hesabına podratçı təşkilatlarla müqavilə bağlayıb qazlaşdırmanı sürətləndirə bilərlər: «Bunun üçün ilk növbədə mülkiyyəti təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsi tələb olunur. Bundan sonra  məhəllə sakinləri «Azəriqaz» İB-nin «ASAN kommunal» xidmətlərindəki nümayəndəliyinə müraciət edib layihələndirmə işlərinə icazə almalıdırlar. Daha sonra isə qazlaşdırma işləri ilə məşğul olan və müvafiq lisenziyalara malik ixtisaslaşmış podratçı təşkilatlarla razılaşmaq və müqavilə bağlamaq lazımdır. Qaz çəkilişləri ilə məşğul olan podratçı təşkilatlara nağd ödənişlər etmək qeyri-qanunidir. Yalnız bu proseslər tam başa çatandan sonra sakinlərin vəsaitləri hesabına məhəllələrin qazlaşdırılmasına başlamaq olar. Belə çəkilişlər qanuni hesab olunur və sakinlərin məişət firavanlığını təmin edir. Çəkiliş başa çatandan sonra istismara qəbul prosesini «Azəriqaz» İB-nin müvafiq qurumları həyata keçirir.»

Elçin Zaman, «İki sahil»