Respublikanın neft, qaz və neft-kimya sənayesi üçün kadr potensialının möhkəmləndirilməsi, SOCAR-ın struktur bölmələrinin, kənar müəssisələrin və fiziki şəxslərin tələbatı əsasında qabaqcıl metodlar və innovativ texnologiyalar ilə tədris və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 2021-ci il ərzində öz işini xüsusi karantin rejiminin tələblərinə uyğun quraraq, "Skype for business" proqramı vasitəsilə onlayn rejimdə və ənənəvi şəkildə təlim kurslarının təşkilini davam etdirib.
Kadr hazırlığının təşkili mərkəzində ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə, təlimatlandırma kursları və yeni fəhlə kadrlarının hazırlanması istiqamətində 400-dən çox ixtisas üzrə müxtəlif istiqamətlərdə təkmilləşdirmə kursları təşkil edilir. Ötən il ərzində Kadr hazırlığının təşkili mərkəzində 137 ixtisas üzrə 495 qrupda tədris edilən kurslara 5992 nəfər dinləyici cəlb olunub ki, onlardan da 19 nəfəri kənar müəssisələrin payına düşür. Həmçinin 240 qrupda 4396 nəfərin iştirakı ilə onlayn təlimlər və 2550 nəfərin iştirakı ilə 68 vebinar keçirilib.
Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Dənizdə insan həyatının mühafizəsi”nə dair Beynəlxalq Konvensiyasının (SOLAS-74), “Dənizçilərin hazırlanması, onlara sertifikatların (diplomların) verilməsi və növbə çəkmə”yə dair Beynəlxalq Konvensiyasının (STCW-78) və “Dəniz neft-qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyə” adlı Qətnaməsinin (Qətnamə A.891/21); Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatı (OPİTO) standartlarının və Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (IMCA) tələblərinə əsasən 50 adda yenidənhazırlanma, təlimatlandırma, maarifləndirmə, təkmilləşdirmə və ixtisasartırma kursları tədris olunur. Ötən il ərzində Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində 25 ixtisas üzrə 246 qrupda tədris edilən kurslara 2212 nəfər dinləyici cəlb olunub ki, onlardan da 302 nəfəri kənar müəssisələrin payına düşür. Həmçinin 16 qrupda 116 nəfərin iştirakı ilə onlayn təlimlər və 3859 nəfərin iştirakı ilə 96 vebinar keçirilib.
Qobustan regional təlim mərkəzində müasir avadanlıqlarla komplektləşdirilmiş və beynəlxalq standartların tələblərinə cavab verən qaynaq emalatxanası, qazma simulyatoru, kran simulyatoru, VEBER-1 karotaj stansiyası, hasilat simulyatoru, kimyəvi analiz laboratoriyaları, 3-D qaynaq simulyasiya aparatları və proqramlaşdırıla bilən məntiqi kontrollerlər qurulub. Ötən il ərzində Qobustan regional təlim mərkəzində 26 ixtisas üzrə 66 qrupda tədris edilən kurslara 548 nəfər dinləyici cəlb olunub. Həmçinin 20 qrupda 251 nəfərin iştirakı ilə onlayn təlimlər və 2869 nəfərin iştirakı ilə 135 vebinar keçirilib.
Sumqayıt təlim-tədris mərkəzi Sumqayıt şəhərində yerləşən "Azərikimya" İB, Karbamid zavodu, “SOCAR Polymer” MMC-nin və digər müəssisələrin kadr hazırlığına olan tələbatını ödəyir. Ötən il ərzində Sumqayıt təlim-tədris mərkəzində 32 ixtisas üzrə 63 qrupda tədris edilən kurslara 374 nəfər dinləyici cəlb olunub ki, onlardan da 12 nəfəri kənar müəssisənin payına düşür. Həmçinin 14 qrupda 105 nəfərin iştirakı ilə onlayn təlimlər və 2447 nəfərin iştirakı ilə 114 vebinar keçirilib.
Qala təlim-tədris mərkəzi istehsalat obyektlərinin mühafizəsi və mülki müdafiə işinin təkmilləşdirilməsi üzrə əsas təlim bazası olmaqla yanaşı, tədris proqramlarının keyfiyyətlə tərtib olunmasına və hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyətinin peşəkar hazırlığına xidmət edir. Ötən il ərzində Qala təlim-tədris mərkəzində 9 ixtisas üzrə 90 qrupda tədris edilən kurslara 752 nəfər dinləyici cəlb olunub ki, onlardan da 168 nəfəri kənar müəssisənin payına düşür. Həmçinin 2 qrupda 21 nəfərin iştirakı ilə onlayn təlimlər və 135 nəfərin iştirakı ilə 14 vebinar keçirilib.
Neft-qaz və neft-kimya sənayesi, inşaat və nəqliyyat sahələrində metal konstruksiyaların hazırlanması və boru kəmərlərinin çəkilməsi üçün əsas texnoloji proseslərdən biri də qaynaq işləridir. İdarənin Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi vasitəsilə 2021-ci il ərzində nəzərdə tutulmuş 556 nəfər plana qarşı 678 nəfər qaynaqçı heyətinin peşə bacarıqları yoxlanılıb ki, onlardan da 34 nəfəri işə qəbul proseduru üzrə namizədlərin və 1 nəfər kənar qaynaqçının payına düşür. Yerinə yetirilmiş prosedurların yekunu olaraq məqbul nəticə göstərmiş 416 nəfər qaynaqçıya müvafiq sertifikatlar və rəylər verilib. Ötən il ərzində 360 qaynaq tikişi ultrasəs müayinə usulu ilə, 21 qaynaq tikişi rentgen müayinə usulu ilə, 43 qaynaq tikişi maqnit tozlama müayinə üsulu ilə yoxlanılıb. Həmçinin SOCAR-ın müəssisələrində çalışan Qeyri-destruktiv müayinə (NDT) mütəxəssisləri üçün "Ultrasəs müayinə metodu", "Penetrant müayinə metodu", “Rentgen müayinə metodu", "Maqnit müayinə metodu" üzrə kurslar keçirilib.
Eyni zamanda, 2021-ci il ərzində İSO 45001:2018 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" (334 nəfər), İSO 9001:2015 "Keyfiyyət idarəetmə sistemi" (177 nəfər), İSO 14001:2015 “Ekologiya idarəetmə sistemi” (50 nəfər), İSO 31000 “Risklərin idarə edilməsi sistemi” (27 nəfər), İSO 50001:2018 “Enerji idarəetmə sistemi” (47 nəfər), İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyi” (7 nəfər), İSO/İEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının fəaliyyət dairəsi üzrə ümumi şərtlər" (22 nəfər) beynəlxalq standartları əsasında tədris olunan kurslarda 670 nəfər dinləyici iştirak edib. Qeyd etmək lazımdır ki, 2011-ci ildən bu günədək İSO kurslarına cəlb olunmuş dinləyicilərin sayı 6644 nəfər təşkil edir. Bununla yanaşı, İdarənin təlim mərkəzləri daxilində 7201 nəfər, o cümlədən Kadr hazırlığının təşkili mərkəzində 3908 nəfər, Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində 2178 nəfər, Sumqayıt təlim-tədris mərkəzində 240 nəfər, Qobustan regional təlim mərkəzində 123 nəfər, Qala təlim-tədris mərkəzində 752 nəfər dinləyici üçün ƏMTT kursları tədris edilib. Qeyd olunan 7201 nəfərdən 451 nəfəri kənar təşkilatların payına düşür ki, onlardan da 7 nəfəri Kadr hazırlığının təşkili mərkəzində, 168 nəfəri Qala təlim-tədris mərkəzində, 276 nəfəri Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təlim keçib.
Ümumilikdə, İdarə üzrə 2021-ci il ərzində kursları bitirmiş dinləyicilərin, şagirdlərin və attestasiyadan keçmiş qaynaqçıların sayı 10556 nəfər, o cümlədən kənar təşkilatlar üzrə 502 nəfər (Kadr hazırlığının təşkili mərkəzi - 5992 nəfər, Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi - 2212 nəfər, Sumqayıt təlim-tədris mərkəzi - 374 nəfər, Qala təlim-tədris mərkəzi - 752 nəfər, Qobustan regional təlim mərkəzi - 548 nəfər və Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi - 678 nəfər) təşkil edib ki, onların 4889 nəfəri 292 qrupda keçirilmiş onlayn interaktiv təlimlərdə iştirak edib. Bu müddətdə təşkil olunmuş 427 vebinara 11860 nəfər cəlb edilib.
Hesabat ili ərzində İdarənin təlim mərkəzlərində beynəlxalq standartların tələblərinə uyğun olaraq 960 qrupda 10556 nəfər dinləyici üçün Exam proqramı vasitəsilə keçirilmiş imtahanlarda 8391 nəfər dinləyici müvəffəqiyyət qazanıb ki, onlardan 8094 nəfəri yekun imtahanda iştirak etmiş şəxslərin, 297 nəfər isə təkrar imtahanda iştirak etmiş şəxslərin payına düşür. Eyni zamanda, tədrisin keyfiyyətinin yoxlanılması üçün 610 dərs (19 ənənəvi və 591 onlayn rejimdə) dinlənilib ki, onların 72% yüksək, 19% yaxşı, 9% qənaətbəxş kimi qiymətləndirilib.
2021-ci il ərzində Tədris resursları şöbəsi tərəfindən İdarənin təlim mərkəzlərində keçirilən bütün kurslar üzrə elektron dərsliklərin və dərs vəsaitlərinin hazırlanması, dərslik komplektlərinin yoxlanılması, metodiki materialların yenidən işlənib hazırlanması və onlayn təlimlərin təşkili ilə əlaqədar bir sıra işlər həyata keçirilib. Paralel olaraq tədris planları və proqramları müntəzəm surətdə yeniləşdirilmiş və vahid elektron bazaya daxil edilib. İdarənin təlim kataloqunda Qazma, Hasilat, Qaz təsərrüfatı, ƏMTT, İT, Mexanika, Energetika və Qaynaq sahəsində 15 adda (3 adda İADC kursu) yeni təlim növləri yaradılaraq SAP HCM sistemində aktiv edilib. Nəticə etibarilə, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən tədris oluna bilən təlim kurslarının sayı 535 adda təyin edilib. Təlim mərkəzlərində təşkil olunan təlimlərin tədris planlarına və proqramlarına əsasən dərs bölgüsü və dərs cədvəlləri dəqiq yoxlanılaraq vahid cədvəl bazasına işlənilib və ümumilikdə 960 qrupun dərs cədvəli təlim mərkəzlərinə təhvil verilib.
2021-ci il ərzində nəzəri tədris mütəxəssislərinin və istehsalat təlim ustalarının pedaqoji bilik və bacarıqlarının inkişafı, habelə təlim-tədris prosesinin izlənilməsi və qiymətləndirilməsi üçün təlim mərkəzləri üzrə müxtəlif mövzulara aid olan 41 açıq dərs təşkil edilmiş və dərslərin keçirilməsinə dair aparılan müzakirələr haqqında protokollar hazırlanaraq təhvil verilib. Təlimçilər haqqında tam məlumatlılığın təmin edilməsi baxımından mərkəzlərdə fəaliyyət göstərən nəzəri tədris mütəxəssislərinin və istehsalat təlim ustalarının portfeli və elektron bazası mütəmadi surətdə yeniləşdirilib. İmtahan suallarının tədris planlarına və proqramlarına uyğun olaraq tərtibatı, yoxlanılması və test sisteminə yüklənilməsi işi də dəqiqliklə aparılmış, eləcə də pandemiya dövründə təşkil olunan onlayn təlimlərə və vebinarlara qoşulan dinləyicilərin test imtahanlarında iştirakı üçün “Producer” proqram təminatında hazırlanan test tapşırıqları SOCAR-ın Karyera portalına daxil edilib.
Ötən il ərzində dinləyicilərin sertifikatlaşdırılması ilə əlaqədar Kadr hazırlığının təşkili mərkəzi üzrə 4513 ədəd sertifikat və 92 ədəd vəsiqə, Qobustan regional təlim mərkəzi üzrə 373 ədəd sertifikat və 49 ədəd vəsiqə, Sumqayıt təlim-tədris mərkəzi üzrə 310 ədəd sertifikat və 36 ədəd vəsiqə, Qala təlim-tədris mərkəzi üzrə 615 ədəd sertifikat, Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi üzrə 363 ədəd sertifikat, Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində 335 ədəd sertifikat və 3 ədəd kitabça, habelə Azərbaycan Respublikası Dövlət Dəniz və Liman Agentliyindən müraciətimizə cavab olaraq 1523 ədəd sertifikat aidiyyəti üzrə dinləyicilərə təqdim edilib.
2021-ci il ərzində beynəlxalq standartların tətbiqinə nəzarət sahəsində yerinə yetirilmiş işlər ilə əlaqədar, SOCAR-ın Satınalma Komitəsinin qərarı əsasında müəssisədə tətbiq edilən idarəetmə sistemləri üzrə Uyğunluğu Dəyərləndirən Orqan kimi seçilmiş Societe Generale de Surveillance Azeri Ltd şirkəti ilə imzalanmış müqavilə əsasında 2 mərhələdə sertifikatlaşdırma prosedurunun keçirilməsi üçün idarəetmə sistemlərinə dair müvafiq sənədlərdə (prosedurlarda, təlimatlarda, proseslərdə və s.) dəyişikliklər edilib. Daha sonra aşkar edilmiş 6 uyğunsuzluq halından irəli gələn zəruri düzəldici fəaliyyətlər Beynəlxalq standartların tətbiqinə nəzarət şöbəsi tərəfindən təmin edilmiş və nəticə etibarilə, “SGS Azeri” şirkəti tərəfindən İSO 9001:2015; İSO 14001:2015; ISO 45001:2018 standartları üzrə sertifikatların verilməsi qərara alınıb. Bununla bərabər, İdarə daxilində tətbiq edilən İSO/İEC 17024 Personalın sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üzrə meyarlar” standartı əsasında Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən onlayn formatda nəzarət auditi keçirilib. Audit nəticəsində müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri düzəldici prosedurlar həyata keçirilərək audit qrupunun rəhbərinə bildirilməklə TÜRKAK-ın rəsmi səhifəsində yaradılmış TTSİ başlıqlı xüsusi qovluqda yerləşdirilib.
Hesabat ili ərzində SOCAR-ın Geofizika və Geologiya İdarəsi tərəfindən daxil olmuş müraciət əsasında İdarənin Laboratoriyasının AZS ISO IEC 17025:2020 standartının tələblərinə uyğunlaşdırılması, müvafiq sənədləşdirilmiş məlumatın hazırlanması, razılaşdırılması, daxili auditin təşkili, yuxarı rəhbərlik tərəfindən sistemin təhlili və akkreditasiya auditinə tam hazırlıqla bağlı zəruri məsləhət xidməti göstərilib. Bununla yanaşı, fəaliyyət proqramına uyğun olaraq İSO standartları üzrə sertifikatlaşdırma istiqamətində SOCAR-ın 3, “Azneft” İB-nin 7 struktur bölməsində audit planı əsasında yoxlamalar keçirilmiş və nəticələr hesabat formasında hazırlanaraq müəssisələrə təqdim edilib. Bununla belə, keçirilmiş auditlər zamanı aşkar olunan 182 uyğunsuzluq halının icra vəziyyəti və effektivlik göstəriciləri növbəti ilin yoxlanışında təyin ediləcəkdir. Eyni zamanda, SOCAR-ın struktur bölmələrində Əməliyyatların Bütövlüyü Sisteminin (SOİMS) tətbiqi ilə əlaqədar Baş ofisin aidiyyəti Departamentlərinin əməkdaşları ilə birlikdə il ərzində I və II mərhələ monitorinqlərinin icrası üçün işçi qrup yaradılıb.
Ötən il ərzində beynəlxalq əməkdaşlıq sahəsində İdarənin Böyük Britaniyanın Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (İMCA) “Dalğıc” kateqoriyası üzrə quruma üzvlüyünün etibarlılığının saxlanılması istiqamətində işlər yerinə yetirilib.
Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun “Təhlükəsiz idarəetmə” (Managing Safely) təlim kursunun lisenziyasının yeniləşdirilməsi istiqamətində təşkilati işlər icra olunub.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yaranmasının 10 illiyi münasibətilə hesabat jurnalı, bülleten və təqdimatlar hazırlanıb.
Böyük Britaniyanın Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatının (OPİTO) BOSIET, HUET, FOET standartları əsasında Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin yenidən akkreditə edilməsi ilə əlaqədar təşkilati işlər və audit prosesi uğurla yerinə yetirilib.
Böyük Britaniyanın City & Guilds kvalifikasiya qurumu tərəfindən 3 ixtisas üzrə Qobustan regional təlim mərkəzinin akkreditasiya müddətinin uzadılması üçün təşkilati işlər həyata keçirilib.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə Societe Generale de Surveillance Azeri Ltd şirkəti arasında beynəlxalq müqavilənin imzalanması üçün müvafiq işlər görülüb.
Ələt Azad İqtisadi Zonanın fəaliyyəti ilə əlaqədar xarici investora təqdim edilməsi üçün Qobustan regional təlim mərkəzi və Sumqayıt təlim-tədris mərkəzi haqqında ssenari və konsepsiya hazırlanıb.
ABŞ-ın Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (İADC) WellSharp proqramı əsasında “Qazma zamanı quyuda baş verən təzahürlərə nəzarət” (Well Control) təlim kursunun akkreditə edilməsi ilə əlaqədar təşkilati işlər və audit prosesi uğurla yerinə yetirilib.
Ötən 10 ildən çox müddətdə tərəfimizdən həyata keçirilmiş işlərə nəzər salsaq, deyə bilərik ki, 2011-ci ildən 2022-ci ilədək cəmi 124789 nəfər dinləyici və şagird (Kadr hazırlığının təşkili mərkəzi - 52944 nəfər, Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi - 46553 nəfər, Sumqayıt təlim-tədris mərkəzi - 5292 nəfər, Qala təlim-tədris mərkəzi - 8453 nəfər, Qobustan regional təlim mərkəzi - 2529 nəfər və Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi - 9018 nəfər) İdarənin təlim mərkəzlərində ayrı-ayrı istiqamətlərdə təlim kurslarına cəlb edilib və onların peşə bacarığı yoxlanılıb. Həmçinin 2005-2021-ci illər üzrə yeni fəhlə kadrlarının hazırlanması kurslarını bitirmiş şagirdlərin sayı 2898 nəfər təşkil edib (Kadr hazırlığının təşkili mərkəzi - 907 nəfər, Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi - 66 nəfər, Sumqayıt təlim-tədris mərkəzi - 712 nəfər, Qobustan regional təlim mərkəzi - 1213 nəfər).
Qeyd olunanlar onu deməyə əsas verir ki, SOCAR-ın müəssisələrində çalışan mühəndis-texniki heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və struktur bölmələrin sertifikatlaşdırma prosedurlarının yerinə yetirilməsi ilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 2021-ci il ərzində fəaliyyəti bir sıra yeniliklər ilə yadda qalıb.
Fuad Süleymanov,
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb