Uşaqlar arzularının dərhal yerinə yetirilməsini istəsələr də valideynlər bunu hər zaman edə bilmirlər.
Uşağınızla alış-verişə getdiyiniz zaman, mütləq nə isə onun diqqətini cəlb edəcək. Ona nə qədər oyuncaq alsanız da, yenə də daha çoxunu istəyəcək, əlindəkilərlə qane olmayacaq. Bu davranış uşaqlar üçün tamamilə təbiidir.
Valideynlər əksər hallarda "yox" deməyə çəkinirlər, bunun səbəbi isə uşaqlarını sevmələri və onları məmnun etmək istəyidir. Övladlarına verəcəyi mənfi cavabın münasibətlərə də mənfi təsir göstərmə ehtimalından qorxurlar və münaqişəyə səbəb olmamaq üçün uşağı incitmək və ya qəzəbləndirmək istəmirlər. Valideynlərin bu qorxuları özlərinin uşaqlıq təcrübəsindən qaynaqlanır.
Amma ekspertlər hesab edir ki, valideynlər uşaqlarına "yox" deməyi bacarmalıdırlar. Bunun nə etmək lazımdır?
İlk növbədə situasiyanı müzakirə etmək lazımdır - Ticarət mərkəzinə getməzdən əvvəl bəzi şeyləri müzakirə etmək çox faydalıdır. Məsələn, “Bu gün dostuna ad günü hədiyyəsi almaq üçün oyuncaq mağazasına gedirik. Özünə isə yalnız bir kiçik oyuncaq seçə bilərsən” - deyə bilərsiz. Bu, mağazanın özündə xoşagəlməz hallardan qaçmağa bəlkə də kömək edə bilməz, ancaq nəzarəti sizin əlinizdə saxlaya bilər.
Bir az vaxt qazanın - Uşağınız bir şey istədikdə dərhal “yox” deməməyə çalışın. Belə bir vəziyyətdə uşaq özünü gücsüz hiss edə və qərarınıza müqavimət göstərməyə başlaya bilər. Əgər münaqişə artıq yaranıbsa, o zaman uşağa fikirlərinizi bildirin və bu haqda düşünəcəyinizi deyin.
İmtina etməzdən əvvəl uşağınıza onun arzusunu başa düşdüyünüzü göstərin. Beləliklə, ona hörmət etdiyinizi və ona əhəmiyyət verdiyinizi başa düşəcəkdir. O bilir ki, siz ona qulaq asırsınız və istəyini nəzərə alırsınız, lakin şərait bu istəyi yerinə yetirməyə imkan vermir.
Səbəbini izah edin - Məntiqli səbəbiniz varsa, uşaqların qərarınızı qəbul etməsi asanlaşacaq. Hətta sadə izahatlar da kömək edə bilər. Övladınız başqasının şarının stula bağlandığını görüb onu götürmək istədikdə, “başqasınındır, onu evə apara bilmərik”- deyə bilərsiniz.
Alternativ variant təklif edin - Daha məqbul bir şəkildə "yox" deməyin yolları var. Üç yaşlı uşağınız nahardan əvvəl dondurma istəyəndə ona alternativ yol təklif edə bilərsiniz: "İndi şirin bir şey istəyirsənsə, alma yemək daha yaxşıdır, dondurma isə axşam yeməyindən sonra olacaq".
Aysel Bayramova
(Mənbə: https://stakanchik.media/article/kak-govorit-net-svoemu-rebenku)