12 aprel 2022 15:51
1116

Amerikalı qadın öz pişiklərinə oğurluq etməyi öyrədib FOTO

ABŞ-dan olan yaşlı qadın öz pişiklərinə qonşuların zinət əşyalarını oğurlamağı öyrədib.

İndi isə onu törətdiyi əmələ görə həbs cəzası gözləyir.  Bu barədə "New Jersey Brief" məlumat yayıb.

Qeyd edək ki, 83 yaşlı Rut Qreqsonun 65 pişiyi təxminən 650 min dollar dəyərində zinət əşyası oğurlayıb. Kolumb polisi 2021-ci ilin oktyabr ayında qonşuların məsələ ilə bağlı şikayətindən sonra araşdırma aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları patrul xidməti zamanı pişiklərdən birinin ağzında asqı ilə yanlarından qaçdığını görəndə hiyləgər xanımın izinə düşüblər.

Zərərçəkənlər onu da bildiriblər ki, həmin pişiklər əşyalar itmədən əvvəl də onların həyətinə gəlirmiş. Şəhərin polis rəisi Kim Ceykobsun sözlərinə görə, pişiklər dəstə halında gəlib-gedib, “parlayan hər şeyi” oğurlayırmış. Üç saatdan az bir müddət ərzində detektivlər pişiklərin evə yüzdən çox əşya gətirdiyinin şahidi olub. Beləliklə təşəbbüskar nənənin evində axtarış zamanı 650 min dollar dəyərində zinət əşyası aşkar edilib. Polisin hesablamalarına görə, nənə ilə 65 böyük və 17 bala pişik yaşayırmış.

Hazırda heyvanlar Columbus heyvan sığınacaqlarından birinə köçürülüb. Sorğu-sual zamanı Rut Qreqson etiraf edib ki, o, həqiqətən də pişiklərə yemək qarşılığında oğurluq etməyi öyrədirmiş. Rəsmi məlumata əsasən, Qreqsonun pişikləri ərazidəki 5000-dən çox ev və mənzili qarət edib. Bütün zərərçəkənlərdən bu barədə polisə məlumat vermələri xahiş olunub. Bu iş üzrə əməliyyat tədbirləri davam etdirilir.

Nərmin Nərimanova