12 aprel 2022 21:47
1516

Formula 1 yarışları niyə bu qədər məşhurdur?

Formula 1 ən maraqlı və həyəcanverici yarışlardan biri hesab olunur. Onda hər şey var: sürprizlər, sürət, şübhə. Bu, həm də onun mərc bazarını fırtına ilə ələ keçirməsinin səbəblərindən biridir. Yarış ilk dəfə Avropada təşkil olunduğu zamanlarda necə əyləncəli idisə, hələ də öz aktuallığını elə qoruyub saxlayır. Bu yarış həm də öz bahalı xarakteri ilə məşhurdur.

Formula1 bütün avtomobil yarışları arasında tamaşaçı kütləsinə görə liderdir. Bu yarışın tarixi ilə bağlı maraqlı faktlar var:

Formula 1-in tarixi 1950-ci illərə gedib çıxır. Məhz Formula 1 tipli xüsusi yarışın keçirilməsi qərarı 1949-cu ildə Beynəlxalq Avtomobil Federasiyasının konqresində İtaliya milli avtoklubunun təklifinə əsasən qəbul olunub.

1950-ci ildə keçirilmiş ilk Formula 1 yarışının çempionu İtaliyanın “Alfa Romeo” komandasından olan Nino Farina olmuşdu. Daha sonra isə dörd müxtəlif komandada-”Mercedes”, “Alfa Romeo”, “Maserati” və “Ferrari” komandalarında iştirak etməklə Xuan Manuel Fanxio düz beş dəfə dünya çempionu adına layiq görülmüşdü. Formula 1 həvəskarları onu daim özlərinə kumir seçirlər və indiyə qədər ən yaxşı pilot hesab edirlər.

Formula 1 maşınları 4 saniyə içərisində saatda 100 milədək sürət yığa və ya sıfır sürətə qayıda bilir. Bu səbəbdən F1 yarışının sürücüləri künclərə yaxınlaşarkən qəflətən əyləc basmağa alışmaq üçün çoxlu təlim keçirlər. F1 yarışları həm zamanın, həm də sürətin eyni zamanda, bir oyunudur.

F1 avtomobilləri alınmır, milyon dollarlara hazırlanır. Şirkətlər çox zaman bir maşının dəqiq qiymətini açıqlamasalar da, bu, təxminən 7 milyon dollar təşkil edir və qiymətə əsas komponentlər aid edilmir. Qiymət dizayn dəyişiklikləri ilə əlaqəli hər il dəyişə bilər.

Formula 1-in idman və texniki reqlamentlərini Beynəlxalq Avtomobil Federasiyası təyin edir.

Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Formula 1-də yarış maşınlarını bolidlər, sürücüləri isə pilotlar adlandırırlar.

Formula 1-in bütün tarixi boyu yarışlarda cəmi beş qadın sürücü iştirak edib və onlardan yalnız biri xal qazana bilmişdi. Lella Lombardi 1975-ci ildə İspaniya “Qran-pri”sində 6-cı yeri tutaraq xal qazanmış yeganə qadındır.

Yarışın keçirildiyi ilk illərdə maşınlar baş üçün dəbilqə, eynək, əlcəklər və heç bir təhlükəsizlik kəməri ilə təchiz edilmirdilər. Təhlükəli olması səbəbindən yarışdan imtina edilməsi isə əsl qorxaqlıq hesab olunurdu. 

1950-60-cı illərin yarışçılarının sanki qanlarında benzin axırdı və özlərini bu yarışa qurban verməyə hazır idilər. Məhz buna görə də onların pərəstişkarlarının sayı-hesabı olmurdu.

1960-cı illərdən bəri yarış maşınlarının üzərinə sponsorların reklam kağızları yapışdırılmağa başlanıldı və yarış böyük gəlir mənbəyinə çevrildi.

1970-ci illərdə  yarışla bağlı bəzi təhlükəsizlik tədbirlərinin labüd olması qərarına  gəlindi. Elə həmin illərdə yollarda dairəvi maneələr yaradıldı, yanğınsöndürənlər və təcili tibbi yardım mütəxəssisləri yarışa cəlb edildilər.

1990-cı illərdə isə yarış Mixayil Şumaxer kimi ulduzu yetişdirdi.  Belə ki, o düz yeddi dəfə çempion titulu qazanaraq tarixə düşüb. M.Şumaxerin rekordunu böyük britaniyalı Lyuis Hemilton Rusiya Qran-prisində yeniləyə bildi. Hazırda o, F1 yarışlarında qələbələrinin sayına görə dünya rekordçusudur.

1996-cı ildən Formula 1 avtomobillərinin yanacağı FIA tərəfindən ciddi şəkildə tənzimlənir. Qaydaya görə, yanacağın Avro 95 standartı olması lazım idi, bu da o deməkdir ki, o, yanacaqdoldurma məntəqəsində gündəlik avtomobillərə doldurulan benzinlə eyni idi.

Bu ildən isə F1 mövsümündə yarış maşınlarına vurulan benzinin bio-komponent ratiosu 10 %-dək artırılaraq, E 10 yanacaq standartına uyğunlaşdırılacaq.

Nubar Süleymanova, “İki sahil”