KÖŞƏ

Vəli İlyasov

Dövlət Departamenti nəhayət, “şeytanın qıçını sındırdı”, amma...

14 aprel 2022 23:53
1394

Axır ki, okeanın o tayında “şeytanın qıçını sındıraraq” Azərbaycan həqiqətlərinin bir qismini dilə gətirdilər. Çox şükür bu günə. ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatın Ermənistana aid olan hissəsində açılıb “sandıq”, tökülüb “pambıq.” Hesabatda bildirilir ki, 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə, işgəncəyə və ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair məlumatlar var. Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokurorluğu Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlılara aid məzarların axtarışına başlayıb.

Burada müdaxilə edərək bildirək ki, bunlar heç də hesabatda yer alan formada, yəni  “iddia” deyil, Ermənistan silahlı qüvvələri tərəfindən insanlığa qarşı  törədilmiş qatı cinayətlərdir. Artıq işğaldan azad olunmuş bölgələrimizdə kütləvi məzarlıqlar tapılmaqdadır. İkincisi, ABŞ Dövlət Departamenti Birinci Qarabağ müharibəsinin getdiyi illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına mənfi reaksiya verməyib, Xocalı, Ağdaban, Bağanis-Ayrım, Qaradağlı, Meşəli və digər yaşayış məntəqələrimizdə vəhşicəsinə törədilən soyqırımlarını pisləməyib. Belə çıxır ki, o zaman Ağ evə yaxın olan erməni lobbisinin üzvləri başlarını superdövlətin işinə soxmağa imkan əldə ediblər. Ancaq sonrakı ABŞ prezidentləri xəyanətkar erməniləri Ağ evin kandarından belə içəri buraxmadılar. Ermənilərin ayağı oradan kəsiləndən sonra Azərbaycan həqiqətləri Ağ evdə eşidilməyə başlandı və beləliklə, xəyanətin yerini həqiqət aldı.

Hesabatda daha sonra bildirilir ki, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında azərbaycanlılara məxsus onlarla qəbiristanlığın dağıdılması ilə bağlı sübutlar üzə çıxıb. Sənəddə 2021-ci ildə atəşkəsin əldə olunmasından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olduqları, xeyli sayda insanın yaralandığı qeyd edilib.

Bütün bunlara görə Dövlət Departamentinə təşəkkür etmək olardı. Amma... Əmması odur ki, hesabatda real vəziyyət tam əksini tapmayıb. Orada xüsusi qeyd edilməli idi ki, 1990-cı ildən başlayaraq üzü bu yana Ermənistan ərazisində yüzlərlə qəbiristanlığımız vəhşicəsinə dağıdılıb, günahsız azərbaycanlılar qırğınlara məruz qoyularaq kütləvi məzarlıqlarda basdırılıblar.

Dünyanın hər hansı ölkəsində bir insanın burnu qanadılanda dərhal həmin ölkədən insan hüquqlarına ciddi əməl etməsi tələb olunur. Təəssüf ki, Ermənistanda yüz minlərlə azərbaycanlının öz doğma ata-baba yurdundan didərgin salınması, Azərbaycanda isə bir milyona yaxın soydaşımızın öz doğma torpağında məcburi köçkün vəziyyətinə düşməsi dünyanın söz sahiblərini qətiyyən narahat etmədi, əksinə, işğalçı Ermənistana yardım,  işğala məruz qalan Azərbaycana qarşı isə hansısa ədalətsiz “düzəliş”lər qəbul etdilər. Halbuki həmin yardımlar isti ocağından zorla çıxarılmış və qışda soyuq çadırlarda yaşamağa məcbur edilmiş azərbaycanlılara lazım idi. Qeyd edək ki, həmin yardımlardan Ermənistan silah-sursat almaq, azərbaycanlıları qırmaq, işğalı daha da genişləndirmək üçün istifadə edirdi. Bəlkə bunu görmürdülər? Ancaq inanmaq istərdik ki, Azərbaycanın haqq işinə qarşı bir daha ədalətsiz münasibətlər göstərilməyəcək,  ikili standartlar tətbiq olunmayacaq, həqiqət öz yerini alacaq.  Necə deyərlər, zərərin yarısından qayıtmaq da xeyirdir.