SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 2022-ci ildə əsaslı təmirə dayanma işlərinin uğurla icrasından sonra NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu “SOCAR Downstream” Şirkətinin baş direktorunun müavini, NEZ-in modernizasiya və yenidənqurma layihəsinin direktoru Emil Alxaslı bildirib.
Onun sözlərinə görə, modernizasiya layihəsi çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlılığı proqramı həyata keçirilir. NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində 2021-ci ilin əvvəlindən kompleks tədbirlər planı hazırlanıb və hazırda icrası həyata keçirilir. Nəticədə razılaşdırılmış plana əsasən, cari il aprelin 4-dən etibarən NEZ əsaslı planlı təmirə dayandırılıb.
Emil Alxaslı onu da əlavə edib ki, layihənin növbəti mərhələlərinin icrası nəticəsində bir neçə ildən sonra təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub.
Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması ilə bağlı SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Bu səbəbdən, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkə daxilində yanacaq qıtlığının yaranması gözlənilmir, Emil Alxaslı əlavə edib.
Ceyhun Piriyev, "İki sahil"
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb