Təhlükəsizlik qaydalarını pozanlara qarşı böyük həcmdə cərimələr yazılacaq
Aprelin 15-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
«Azəriqaz» İB-nin Hüquq Departamentinin rəhbəri Vüqar Eyvazov təkmilləşən «Qaz təchizatı haqqında» qanun layihəsi barədə məlumat verərək bildirib ki, bu, zamanın tələbidir: «Eyni zamanda, qazdan istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş sanksiyaya dəyişiklik edilməsinin obyektiv səbəbləri var. Belə ki, bu dəyişikliklərə səbəb təbii qazdan qanunsuz istifadə (qaz kəmərinə özbaşına qoşulma və ya qaz sayğacının yararsız hala salınması) ilə əlaqədar dəyən ziyanı müəyyənləşdirən normaların əvvəlki qanunvericilikdə olmaması idi.»
Departament rəhbəri bildirib ki, 2017- ci ildən qazdan təhlükəsiz istifadəyə dair tədbirləri Föqəladə Hallar Nazirliyinin müvafiq qurumları həyata keçirirdi. Lakin «Qaz təchizatı haqqında» Qanundakı təkmilləşməyə görə bu vəzifə yenidən «Azəriqaz» İB-yə həvalə olunur. Qanunun yeni variantında göstərilir ki, Birliyin səlahiyyətli əməkdaşları xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq üçün 5 gün əvvəl abonenti xəbərdar edir. Əgər abonent əməkdaşlara vəzifə səlahiyyətlərini icra etməyə mane olursa onun qaz təchizatı dayandırılır. O cümlədən təhlükəsizliklə bağlı nöqsanlar aradan qaldırılmasa böyük həcmdə cərimələr tətbiq olunacaq.
Tədbirdə «Azəristiliktəchizat» ASC-nin «Azəriqaz» İstehsalat Birliyinə olan borcu ilə bağlı sualı cavablandıran E. Vəliyev bildirib ki, «Azəriqaz» İB debitor borc məsələsinə həssas yanaşır: « Qurum topdansatış olaraq «Azərkontrakt»dan aldığı qazın pulunu, eyni zamanda, 8500 işçinin əməkhaqqını ödəməlidir. Ona görə də borcların operativ toplanmasına diqqət yetirilir».
E.Vəliyev bildirib ki, ötən il məsələ ictimailəşdi və hökumət səviyyəsində həllini tapdı: «Bu il isə hesablanan debitor borc 41 milyon manatdır. Bununla belə, «Azəristiliktəchizat» ASC bu məbləğlə razılaşmır. Lakin «Azəriqaz» isə borcun tam təmin edilməsində israrlıdır.»
Elçin Zaman, "İki sahil"
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb