18 aprel 2022 14:57
878

Azərbaycanın yeraltı anbarlarına vurulacaq qazın həcmi açıqlanıb

Qazgötürmə mövsümündə Azərbaycanın Qaradağ və Qalmaz yeraltı qaz anbarlarından (YQA) 1 786 mln. kubmetr qaz çıxarılıb.

Bu barədə “İki sahil”ə SOCAR-dan bildirilib.

Məlumata görə, mövsümdə çıxarılan qazın 1 025 mln. kubmetri Qaradağ YQA-nın, 761 mln. kubmetri isə Qalmaz YQA-nın payına düşüb.

Qeyd olunub ki, qazgötürmə mövsümü 02.04.2022-ci il tarixində başa çatıb.

SOCAR-dan bildirilib ki, 2022-ci ilin qazvurma mövsümündə yeraltı qaz anbarlarına ümumilikdə 2 228 mln. kubmetr qazın vurulması planlaşdırılıb, bundan Qaradağ YQA-ya 1 272 mln. kubmetr , Qalmaz YQA-ya 956 mln. kubmetr qaz vurulacaq.

Məlumata əsasən, maksimum aktiv qaz həcmləri (tutumu) Qaradağ YQA üzrə 1 890 mln. kubmetr, Qalmaz YQA üzrə 1 450 mln. kubmetr , ümumi iki anbar üzrə 3 340 mln. kubmetr təşkil edir.

Qeyd edək ki, Azərbaycanın illik qaz istehlakının 13 mlrd. kubmetr olduğu diqqətə alınarsa, ölkədə daxili tələbatın təqribən 30%-i nisbətində təbii qaz saxlama tutumu mövcuddur. Bu da deməyə əsasə verir ki, Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkəsini üstələyir.