18 aprel 2022 15:46
854

Azərbaycanda qaz anbarlarının genişləndirilməsi üçün bır sıra işlərin həyata keçirilməsi planlaşdırılıb

Azərbaycanın Qaradağ və Qalmaz yeraltı qazsaxlama anbarının (YQA) aktiv tutumunun ilkin mərhələdə artırılması məqsədi ilə 2022-ci ildə bir sıra işlərin həyata keçirilməsi planlaşdırılıb.

SOCAR-dan “İki sahil”ə bildirilib ki, 2022-ci ildə Qalmaz Qaz Saxlama Sahəsində (QSS) III blokun Qaz Paylama Məntəqəsində manifold blokunun genişləndirilməsi üçün əlavə 10 quyuluq manifold qovşağının tikintisinin başa çatdırılması nəzərdə tutulub.

Məlumata görə, Qaradağ QSS-də isə köhnə QPM-də 6 quyunun şleyf xəttinin dəyişdirilməsi, qoşa işləyən 14 quyuya şleyf xəttinin çəkilməsi nəzərdə tutulub.

“Qaradağ YQA-da 605 saylı quyuda qazmanın yekunlaşdırılması və istismara verilməsi, eləcə də burada fəaliyyətsiz quyu fondunda olan 2 quyuda yan lülənin qazılması və istismar fonduna qaytarılması planlaşdırılır”, SOCAR-dan bildirilib.

Qeyd edək ki, maksimum aktiv qaz həcmləri (tutumu) Qaradağ YQA üzrə 1 890 mln. kubmetr, Qalmaz YQA üzrə 1 450 mln. kubmetr , ümumi iki anbar üzrə 3 340 mln. kubmetr təşkil edir.

Qeyd edək ki, Azərbaycanın illik qaz istehlakının 13 mlrd. kubmetr olduğu diqqətə alınarsa, ölkədə daxili tələbatın təqribən 30%-i nisbətində təbii qaz saxlama tutumu mövcuddur. Bu da deməyə əsasə verir ki, Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkəsini üstələyir.