Yaponiyada xüsusi olaraq yetişdirilən və əl ilə işlənən 1 kiloqram yaşıl çay auksionda 1,96 milyon yapon yeninə (təxminən 26261 manat) satılıb.
Yaponiyanın Şizuoka əyalətində yetişdirilən yaşıl çay yarpaqları mövsümün ilk auksionunda həvəskarlara təqdim edilib. Fujinomiya bölgəsinin xüsusi istehsal olunan çaylarla yanaşı, keyfiyyətli məhsulların da satıldığı hərracda tacirlər ən keyfiyyətli çayları almaq üçün qızğın rəqabət aparıblar.
Hərracda ən yüksək qiymət Fujinomiya bölgəsindən toplanan və tamamilə əl əməyi ilə hazırlanan 1 kiloqram yaşıl çaya verilib. Bu qurudulmuş yaşıl çay öz rəngi, qoxusu və yarpaq forması ilə digərlərindən seçilib.
Şizuoka yapon çay bazarının rəhbəri Yasuhide Uchino xammal qiymətlərinin davamlı artmasına baxmayaraq, istehlakçılara ləzzətli çay təqdim etmək üçün işləri davam etdirəcəklərini bildirib.
Qeyd edək ki, yapon mədəniyyətində mühüm yeri olan yaşıl çay ölkədə ən çox istehlak edilən içkilərdən biridir. Şizuoka əyaləti isə yaşıl çayı ilə məşhurdur, çünki ölkənin ən keyfiyyətli məhsulları bu bölgədə yetişdirilir.
Bir maraqlı faktı da bildirək ki, Yaponiya xüsusi üsulla istehsal edilən meyvə və tərəvəz kimi məhsullara ödənilən rekord qiymətlərlə tez-tez diqqəti özünə cəlb edir.
Vüsal Cahanov, “İki sahil”