Aprelin 22-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, paytaxtın gecə klubunda baş verən partlayışdan sonra «Azəriqaz» İB-lə Fövqəladə Hallar Nazirliyinin yaratdığı birgə komissiyanın fəaliyyəti çərçivəsində Bakıda və Abşeronda 1500-dək sənaye obyektinə baxış keçirilib. Baxış zamanı 356 müəssisədə nöqsan aşkarlanıb. Nöqsanlar əsasən tikinti və layihə-smeta qaydalarının pozuntusu ilə əlaqədardır.
İlkin Behbudov qeyd edib ki, qeyri- qanuni qoşulmalara və müqavilə şərtlərinin pozuntusuna görə 274 qaz sayğacı istismardan çıxarılaraq, digər 82 halda isə qaz sayğacları saxlanılma şərti ilə qaz infrastrukturu plomblanıb. Artıq birgə komissiya regionlarda da yoxlamalara başlayıb.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev «Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyətinin (ASC) «Azəriqaz»a yaranmış külli miqdarda borcu barədə sualını İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev cavablandırıb. Bildirib ki, «Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyəti bu mövsümü «Azəriqaz» İstehsalat Birliyinə 41 milyon manat borcla başa vurub.
Onun sözlərinə görə, qarşı tərəf mövcud borcunu dəfələrlə az həcmdə qeyd edir. Lakin «Azəriqaz» satdığı qazın həcmini də bilir, qiymətini də: « Bu baxımdan ümidvaram ki, qarşı tərəf də məsələyə məsuliyyətlə yanaşacaq ki, növbəti dəfə iki dövlət qurumu arasında mübahisə yaranmasın. Güman edirik ki, «Azəristiliktəchizat» ASC borcunu yaxın zamanda ödəyəcəkdir. İnanıram ki, növbəti mövsümdə bu qurum sözün bütün mənalarında, bütün sahələrə, mənzillərdən tutmuş, münasibətlərə qədər hər bir problemə məsuliyyətlə yanaşacaqdır.»
Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bildirib ki, bu ilin qazlaşma proqramı çərçivəsində «Azəriqaz» İstehsalat Birliyi tərəfindən işlər sürətlə aparılır. Artıq iki yaşayış məntəqəsinə qaz verilib və səkkiz yaşayış massivi üzrə işlər də başa çatdırılıb.
Elçin Zaman, «İki sahil»
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb