29 aprel 2022 11:49
2668

Rövşən Nəcəf Ramazan bayramı münasibətilə neft-qaz sənayesi işçilərini təbrik edib

Neft-qaz sənayesi işçilərinə

Əziz neftçilər,

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

İnsanları xeyirxahlığa, birliyə çağıran, öz mahiyyəti ilə ruhumuzu yeniləyən Ramazan ayı bütün dünya müsəlmanlarının ən əziz ayıdır.

Xalqımız tarixin bütün mərhələlərində dini ənənələrə sahib çıxıb, onları yaşadıb. Bu gün cəmiyyətimizdə tolerantlıq mühitinin, vəhdət və harmoniyanın, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasının əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi nümunəvi dövlət-din münasibətlərinin əsas istiqamətini təşkil edir.

Dünyəvi dövlət olan Azərbaycan bu gün ümumbəşəri dəyərlərdən də bəhrələnərək dünyaya öz tolerantlıq nümunəsini təqdim edir, ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri dinc şəraitdə birgə yaşayır, dini inanclarını qoruyub saxlayırlar. Azərbaycan, həmçinin İslam sivilizasiyasının tərkib hissəsi kimi İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik və bu kimi digər dəyərləri daim təbliğ edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə parlaq nailiyyətlərə imza atır, davamlı inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz, həmçinin neft-qaz sənayesinin inkişafı istiqamətində böyük uğurlar qazanıb. Təbii ki, bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın neft-qaz sənayesi işçilərinin böyük əməyi var. Əminəm ki, siz bundan sonra da öz üzərinizə düşən işin öhdəsindən layiqincə gələcək, ölkəmizdə neft-qaz sektorunun inkişafına, mühüm töhfələr verəcəksiniz.     

Bu günlər ölkəmizin hər yerində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur.

Əziz neftçilər, sizi bir daha mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, dualarınızın qəbul olunmasını diləyir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Hörmətlə,  

Rövşən Nəcəf, 
SOCAR-ın birinci vitse-prezidenti,
prezident vəzifəsini müvəqqəti icra edən