29 aprel 2022 15:01
1232

 «Azəriqaz» 1700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb

Aprelin 29-da SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov jurnalistlərin suallarını cavabında bildirib ki, bu il SOCAR tərəfindən təsdiq edilmiş plana uyğun olaraq 69 yaşayış məntəqəsinin və 62 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur.

Şöbə rəisi bildirib ki, hazırda 32 yaşayış məntəqəsində sürətli iş gedir: « Havalar istiləşdikcə işlər daha sürətlə aparılacaq. Çünki hava şəraiti işlərin sürətinə və dinamikasına birbaşa təsir göstərir. Təbii ki, götürülmüş öhdəlik də ilin sonuna qədər 100 faiz yerinə yetiriləcəkdir.»

T. Cəfərov bildirib ki, hazırda ölkə üzrə qazlaşma səviyyəsi 96,3 faiz təşkil edir: «Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə ölkə üzrə qazlaşdırma səviyyəsi 62,2 faiz təşkil edirdi. Son 10 ildə  «Azəriqaz» İstehsalat Birliyi tərəfindən dövlət dəstəyi ilə 1700-dən çox yaşayış məntəqəsəi qazlaşdırılıb.»

«Azəriqaz» İstehsalat Birliyi ilə «Gəncə Cihazqayırma Zavodu» ASC arasında imzalanan Memoranduma əsasən, yaxın günlərdə Azərbaycanda yerli istehsallı mexaniki qaz sayğaclarının (sonradan ödənişli ) quraşdırılmasına başlanılacaq.»

 Bu fikirləri isə Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bildirib. Onun sözlərinə görə, məişət tipli qaz sayğaclarının yerli istehsalı ilə bağlı müvafiq tədbirlər görülür: « İdxaldan asılılığı azaltmaq, xarici valyutanın ölkədən axınının qarşısını almaqda və yerli sahibkarlara stimul verməkdə, eyni zamanda, inkişaf etdirməkdə bu tədbirlər mühüm əhəmiyyət kəsb edir.»

Xatırladaq ki, ötən ilin noyabrında «Azəriqaz» İB ilə «Gəncə Cihazqayırma Zavodu» ASC arasında Memorandum imzalanıb. Memorandum G-4T və G-2,5T məişət tipli mexaniki qaz sayğaclarına olan tələbatın yerli istehsalçı tərəfindən ödənilməsi,  həmçinin sayğacların istehsalının hüquqi bazasını təmin edəcək.

«Arelin 28-də «Azərsun Sənaye Parkı»nda baş verən yanğın zamanı  qaz təsərrüfatına ziyan dəyibmi» sualını cavablandıran Teymur Cəfərov bildirib ki, qeyd olunan ərazidə yanğınsöndürmə əməliyyatı yeni tamamlandığı üçün əlimizdə dəqiq məlumatlar yoxdur: «Yaxın zamanlarda tədqiqat işləri aparılacaq və kommunal xidmətlərə dəymiş ziyan bəlli olacaq.»

Elçin Zaman, «İki sahil»