06 may 2022 15:53
1180

Ruslan Əliyev: "Azəriqaz" Qarabağın qazlaşdırılması ilə bağlı proqramını hökumətə təqdim edib FOTO

Mayın 6-da SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. 

Birliyin baş direktoru Ruslan Əliyevin moderatorluğu və qurumun şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb. Xüsusilə 2022-ci ilin yanvar-aprel ayları üçün Birliyin iqtisadi göstəriciləri jurnalistlərin diqqətinə çatdırılıb. Baş direktor bildirib ki, bu ilin yanvar-aprel aylarında «Azəriqaz» 3 817 milyon  kubmetr qaz qəbul edib ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 321 milyon kubmetr çoxdur. Onun sözlərinə görə, hesabat dövründə qazpaylayıcı şəbəkəyə verilən qazın 2 926 milyon kubmetri əhali, 891 milyon kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.

Təbii qazın itki faizi barədə məlumat verən R. Əliyev qeyd edib ki, son dörd ay ərzində ümumi qazpaylayıcı şəbəkələrdəki itki faizi  3,3 faiz təşkil edib. Bununla yanaşı, həmin dövrdə istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 98 faiz təşkil edib ki, (əhali üzrə 96 faiz , qeyri-əhali üzrə 101 faiz) bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Dörd ay ərzində  19 919 yeni abonent qeydə alınıb, onlardan 18 935-i əhali, 984-i isə qeyri-əhali abonentlərinin payına düşüb. Ümumilikdə isə bu gün respublika üzrə ümumi abonentlərin sayı 2 461 172 nəfərdir.
Ruslan Əliyev bildirib ki, «Azəriqaz»  İB Qarabağ ərazisinin qazlaşdırılması ilə bağlı proqramını artıq hökumətə təqdim edib. Onun sözlərinə görə, Qarabağ ərazisinin qazlaşması ilə bağlı Birlik  Energetika Nazirliyinin tərkibində olan xüsusi qrup çərçivəsində hərəkət edir: «Hazırda konkret ərazilər üzrə layihələndirmə və digər işlər aparılır. Qazlaşdırmaya  nə vaxt start verilməsini gözləyirik. Bu gün bizdə  işlərin nə zaman başlanacağı ilə bağlı dəqiq tarix yoxdur. Ancaq biz özümüz üçün müəyyən proqram tutmuşuq və bu proqram həm SOCAR-a, həm də Nazirlər Kabinetinə təqdim olunub. Nə vaxt tapşırıq olarsa, o zaman biz başlayacağıq.»

Baş direktor «Qaz istifadəsinə görə limitlərin ləğvi və ya dəyişdirilməsi ilə bağlı müraciətlər olubmu» sualını belə cavablandırıb: «Bu gün ölkəmizdə tətbiq olunan limitlər sosialyönümlüdir. Burada əhalinin sosial vəziyyəti nəzərə alınıb. Bilirsiniz ki, cənab Prezidentin də daim bununla bağlı tapşırıqları və sərəncamları olur. Bunlar nəzərə alınaraq bizdə limit hələ ki, Tarif Şurasının tətbiq etdiyi qaydada davam edir. Bu günün reallığı belədir ki, qazı az işlədən abonent az, çox işlədən isə daha yüksək tariflə ödəyir. Amma bu  gün tarifin dəyişdirilməsi ilə bağlı heç bir müraciət yoxdur.»

Elçin Zaman, "İki sahil"