16 may 2022 12:38
583

Atıcılıq üzrə dünya kubokuda Azərbaycanı təmsil edəcək komanda seçiləcək 

Mayın 12-dən başlayan 4 günlük yarışlarda müxtəlif bölgələrimizdən olan gənclər stend atıcılığı üzrə ölkə kubokunu qazanmaq uğrunda mübarizə aparıblar.

Azərbaycan Atıcılıq Federasiyasından "İki sahil"ə verilən məlumata görə, ölkənin müxtəlif rayonlarını təmsil edən gənclər stend atıcılığının səngər və dairəvi növlərində kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında yarışıb. Yarışda 15 idmançı müxtəlif kateqoriyalarda fərqlənərək, diplom və təltiflərlərlə mükafatlandırılıb.

“Atıcılıq idman növünün özünəməxsus xüsusiyyətlərindən biri də bu yarışla məşğul olmaq üçün uşaq vaxtlarından başlamağın lazım olmamasıdır. Belə üstünlük bizə imkan verir ki, yeniyetmələrimiz arasında bu istiqamətdə istedad və bacarığı olanları aşkarlayıb, ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə hazırlayaq” – Zemfira Meftaxetdinova belə deyib.

“Atıcılıq təkcə idman növü deyil, həm də diqqət, səbr və məqsədə gedən yolu doğru hədəfləyən vərdişlər toplusudur. Biz gənclərimizi bu sahəyə cəlb etməklə, onlarda həm də bu xüsusiyyətlərin möhkəmlənməsini arzulayırıq” – bunu Federasiyanın baş katibi Emin Cəfərov bildirib.

Qeyd edək ki, Respublika Kuboku yarışlarının qaliblərindən ibarət komanda ölkəmizi mayın 27-dən iyunun 7-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək Dünya Kuboku yarışlarında təmsil edəcək.