18 may 2022 00:45
678

Zəngəzur dəhlizinin regional inkişafda və iqtisadi artımda strateji əhəmiyyəti FOTO

Serhat İnkişaf Agentliyi və İğdır Universitetinin birgə təşkil etdiyi konfransda Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya ilə əlaqələrin qurularaq, həm də Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan və Türk Cümhuriyyətləri arasında  tarixi İpək yolunun davamlı olacağı məsələlərinə aydınlıq gətirilib.

Tədbirdə çıxış edən İğdır valisi Hüseyn Engin Sarıibrahim Türkiyənin taleyi üçün mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrə nəzər salaraq, həmin proseslərin Türkiyə üçün önəmindən bəhs edib. İki ölkə arasında imzalanan əməkdaşlıq sənədlərinin qardaş dövlətlər üçün xüsusi əhəmiyyəti olduğunu bildirən İğdır valisi Zəngəzur dəhlizinin açılmasının Türkiyənin iqtisadi-inkişafında strateji baxımdan əhəmiyyətini qeyd edib. İki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından belə addımların böyük əhəmiyyəti olduğu qeyd edilib. Vurğulanıb ki, bu dəhliz vasitəsilə bölgənin Azərbaycanla nəqliyyat əlaqələri birbaşa təmin olunur və Ardahan, İğdır və Qarsdan ibarət olan sərhəd bölgəsi ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün mühüm potensial yaradır.

İnkişaf agentliklərinin baş direktoru Barış Yeniçeri bildirib ki, Zəngəzur dəhlizində iştirak edən regionların inkişafına töhfə verməyi əsas prinsiplərdən hesab edib. Diqqətə çatdırılıb ki, regionda kommersiya əlaqələrinin qurulması, lazımi investisiyaların layihələndirilməsi və həyata keçirilməsi, xüsusən də sərhədyanı ölkələrin inkişafı üçün əlavə səylər göstərilir. Barış Yeniçeri Şərqi Qara dəniz, Şərqi Aralıq dənizi, Şimali Şərqi Anadolu və Cənub-Şərqi Anadolu İnkişaf Agentliklərindən olan baş katiblərimiz Serhat İnkişaf Agentliyimizlə birgə bu işlərə öz töhfələrini verəcəklərinə əminlik ifadə edib.  

Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Zəngəzur dəhlizinin açılmasını regionda sülhün, iqtisadi inkişafın əsasını təşkil edəcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, region üçün böyük strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi, Azərbaycanı bölgənin nəqliyyat qovşaqlarının mərkəzinə çevirməklə bərabər, həm də regional əməkdaşlığın inkişaf etdirilməsi və perspektivdə müharibə ehtimalının minumuma endirilməsi baxımından önəmlidir. Digər tərəfdən, sözügedən dəhliz türk dünyası üçün Orta Asiyaya ticarət qapısı rolunu oynayacaq və iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək. Bildirilib ki, Zəngəzur dəhlizinin açılması əbədi dostluq və qardaşlıq münasibətləri davam edən Azərbaycan və Türkiyə eləcə də Avrasiya üçün ən mükəmməl alternativ yoldur. Rektor Vətən müharibəsində 30 illik həsrətə 44 gün ərzində son qoyan Azərbaycan xalqının daim yanında olan qardaş Türkiyənin  bu işdə də fəal rol oynamasından danışıb. Diqqətə çatdırılıb ki, böyük mübarizənin sonunda Zəngəzur dəhlizinin açılması da tarixi qələbənin əsas tərkib hissəsidir. Elbrus İsayev Türk dünyasının birliyini təmin edəcək konfransda əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.  

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev erməni işğalı nəticəsində Naxçıvanın Azərbaycanla quru sərhədlərinin kəsilməsini ölkəmizin o dövr üçün ən ağır sınaqlarından hesab edib. Vurğulanıb ki, tarixi qələbədən sonra uğurlu və məqsədyönlü siyasi diplomatik danışıqların nəticəsində Zəngəzur dəhlizinin açılması bundan sonrakı proseslərin inkişafı üçün yeni qapı olacaq və bu birlik həmçinin türk dünyası ölkələrinə də öz töhvələrini verəcək.

Serhat İnkişaf Agentliyinin baş katibi Nurullah Karaca, İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma Zəngəzur dəhlizinin açılışı və onun bölgə üçün əhəmiyyəti ilə bağlı çıxış ediblər.

Qeyd edək ki, üç gün davam edəcək və çıxışların olacağı konfrans yekun bəyannamə ilə bitəcək.

Məlumat üçün onu da bildirək ki, konfrans Türkiyənin əlaqəli qurumları və universitetlərinin iştirakı ilə Regionun Nəqliyyat və Logistika infrastrukturu, Zəngəzur Dəhlizi Çərçivəsində İmkanlar və Ehtiyaclar, Sosial-Mədəni əlaqələr kontekstində Zəngəzur dəhlizi, Zəngəzur dəhlizinin beynəlxalq ticarətin inkişafına təsiri mövzularında davam edib.  

Fəxriyyə Səyyadova,
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı