17 may 2022 22:34
834

Naxçıvan muzeyləri və milli-mənəvi dəyərlərin təbliği

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin akt zalında 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Naxçıvan muzeyləri və milli-mənəvi dəyərlərin təbliği” mövzusunda tədbir həyata keçirilmişdir.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd etmişdir ki, dünyada 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu əlamətdar gün Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən təsis edilmişdir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər tariximizin öyrənilib-öyrədilməsini, mədəni sərvətlərimizin toplanılıb-qorunması və təbliği ilə bağlı çox vacib müəssisələrdəndir. 

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda muzey işinin maraqlı bir tarixi vardır. Ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.1970-ci illərdən başlayaraq respublikamızda müxtəlif profilli muzeylərin yaradılması, fəaliyyət göstərən muzeylərin zənginləşdirilməsinə başlanılmışdır.1980-ci ildə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada muzey işinə aid xüsusi qərar qəbul edilmişdir. Bu, muzey şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə geniş imkanlar yaratmışdır. Respublikamızın şəhərlərində və rayon mərkəzlərində tarix-diyarşünaslıq muzeylərinin yaradılması məhz bu qərarda öz əksini tapmışdır. Tarix-Diyarşünaslıq muzeylərinin əhəmiyyətini qeyd edərək, Ulu Öndər Heydər Əliyev demişdir:“Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusilə cavan nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzinə çevrilmişdir.”  

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq yaradılır, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır. Naxçıvan MR-nın Ali Məclisinin Sədri Cənab Vasif Talıbov tərəfindən Naxçıvanda muzeylərə böyük diqqət və qayğı göstərilir. Belə ki, 2012-ci ildə Bəhruz Kəngərli Muzeyinin əsaslı şəkildə yenidən qurulması, 2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzeyi üçün binanın istifadəyə verilməsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında 2013-cü il 5 iyun tarixli Sərəncamın imzalanması, 2014-cü ildə Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin istifadəyə verilməsi, “Culfa rayonunda “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamın imzalanması, 2018-ci ildə isə Naxçıvan Duz Muzeyinin yaradılması və Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi, Qarabağlar Türbə Kompleksi restavrasiya edilməsi bunlar bütövlükdə Naxçıvanda muzeylərə dövlət qayğısının növbəti bariz nüməsidir.  

Tədbirdə Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, Naxçıvan MR-nın Əməkdar müəllimi Məmməd Əliyev “Muzeyşünaslığın inkişaf tarixi” mövzusunda, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, sənətşünas, Naxçıvan MR-nın Dövlət Mükafatı Laureatı Nizami Alıyev “Gəmiqaya Dövlət Tarix-Bədii Qoruq muzeyinin yaradılması zərurəti və muzey ərazisindəki abidələrin qeydiyyata alınması” mövzusunda, Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, Qadir Əkbərov “Dahi şəxsiyyətlərin ev muzeylərinin təşkili milli-mənəvi dəyərlərimizin təbliğində əsas vasitə kimi” mövzusunda və Milli Dəyərlər Muzeyinin baş fond mühafizi Telman İbrahimov “Muzeylər milli dəyərlərimizin qorunub saxlanıldığı yerlər kimi” mövzularında çıxışlar dinlənilmişdir.