27 may 2022 14:53
1052

Təbii qazdan 11 il ödənişsiz istifadə edən MTK aşkarlanıb FOTO

Mayın 27- də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb. 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, bu ilin yanvar-aprel aylarında xidmətə  qazın olmaması ilə bağlı 21 747 müraciət daxil olub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 5 707 müraciət azdır.

Onun sözlərinə görə, bu dövrdə  istehlak etdiyi qazın ödənişini etməyən 10350 abonentin qəz təchizatı dayandırılıb: «Ancaq bununla belə, həmin abonentlərin bir daha nəzərinə çatdırırıq ki, sərf etdikləri təbii qazın ödənişini hətta hissə-hissə ödəsələr  onların problemləri həll ediləcəkdir.»

«Azəriqaz» İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki,  Bakıda gecə klubunda baş verən partlayışdan sonra yaranan birgə komissiyanın fəaliyyəti çərçivəsində Birlik 2600-ə yaxın qeyri-yaşayış obyektinə baxış keçirib: « Baxış zamanı Bakı və regionlarda 420 halda nöqsan aşkarlanıb və qeyd olunan hallar üzrə qaz təminatı dayandırılıb. Nöqsanlar tikinti norma və qaydaları,  layihə-smeta sənədləri qaydalarının tələblərinin pozulması ilə bağlıdır. Bu kimi  halların əksəriyyəti Bakı şəhərini və Abşeron rayonunu əhatə edir, regionlarda bu göstərici aşağı  səviyyədədir.»

Birliyin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki,  təəssüf ki, hələ də MTK-larda təbii qazdan qeyri-qanuni istifadə halları baş verir. Belə ki, bu həftə Birliyin əməkdaşları tərəfindən  «Bakı-2010» adlı Mənzil Tikinti Kooperativinin (MTK)  təbii qazdan qeyri-qanuni istifadəsi  faktı aşkarlandı. Həm də məlum oldu ki, bu MTK 11 il ərzində qazdan pulsuz istifadə edirmiş. Hazırda «Azəriqaz» a dəymiş zərər hesablanır və  ödənilməsi istiqamətində tədbirlər  görülür.»

Elçin Zaman, «İki sahil»