Bu əməkdaşlıq optimal yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir
İyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
İki illik fasilədən sonra bərpa olunan ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın, həmçinin iştirakçı dövlətlərin enerji sektorunda qazandıqları uğurların hesabatıdır. 30 ölkədən 249 şirkəti bir araya gətirən builki sərgidə hazırkı dövrün enerji gündəliyi geniş müzakirə olunur.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin cari ilin 1 iyun tarixində rəsmi açılış mərasimindəki çıxışı zamanı SOCAR və BP arasında strateji tərəfdaşlığı xüsusi vurğulayıb. Neft və qaz sahəsində BP-nin bizim üçün strateji tərəfdaş və aparıcı investor olduğunu bildirən dövlət başçısı qeyd edib ki, bu şirkət bərpa olunan enerji sahəsinə maraq göstərir. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir və tezliklə yaxşı nəticələr olacaq.
BP şirkəti Azərbaycanla, o cümlədən SOCAR ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir. Ölkəmizin bu şirkətlə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var. Uzun illər Azərbaycanla əməkdaşlıq edən BP şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir. Cənub Qaz Dəhlizi kimi olduqca mürəkkəb və nəhəng bir layihənin SOCAR və BP şirkətləri tərəfindən vaxtında, qrafikə uyğun olaraq, yüksək keyfiyyətlə və smetadan aşağı qiymətə tamamlanması beynəlxalq miqyaslı bir nümunə kimi qiymətləndirilib.
Belə ki, BP şirkətinin Azərbaycan və SOCAR ilə münasibətləri çox sıx, səmimi və səmərəlidir, qarşılıqlı səylərlə yaranmış əməkdaşlıq modeli ən yüksək səviyyədə inkişaf edir. “Azəri-Çıraq-Günəşli” layihəsinin 30 ilə yaxın, “Şahdəniz” layihəsinin 20 ildən artıq müddətdə uğurla davam etdirilməsi, “Əsrin müqaviləsi” üzrə 4 milyard bareldən artıq neftin çıxarılması bu davamlı və səmərəli münasibətlərin parlaq təzahürüdür. BP şirkətinin rəhbərliyi biznes əlaqələrinin davam etdirilməsində, hasilatın stabil saxlanılmasında və artırılmasında, eləcə də yeni yataqların kəşfi istiqamətində səylərin bundan sonra da davam etdirilməsi əzmində olduqlarını, bunun üçün həm iradə, həm də geniş resursların mövcud olduğunu bildirib. Azərbaycanla əməkdaşlığın daim şirkətin dayağı olduğu, bu əməkdaşlığın daha da genişləndirilməsinin BP-nin biznes maraqları ilə uzlaşdığı vurğulanıb..
BP və tərəfdaşları Azərbaycanda ilk hasilatın pay bölgüsü sazişini SOCAR-la 1994-cü ildə “Azəri”, “Çıraq” “Günəşli” (AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalayıblar. Saziş üzrə hasilat 1997-ci ildə başlayıb və həmin vaxtdan etibarən bu yataqlardan, ümumilikdə, 4 milyard bareldən artıq neft hasil edilib. 2017-ci ildə SOCAR və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən tərtib olunmuş HPBS-i imzalayıb, bununla da həmin sazişin müddəti 2049-cu ilin sonuna qədər uzadılıb. SOCAR və bp “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, habelə Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinə daxil olan boru kəmərləri layihələrində uğurla tərəfdaşlıq edirlər. Son dövrdə iki şirkət arasında əməkdaşlıq daha da genişlənərək “Şəfəq-Asiman” yataqlarında, eləcə də Abşeron yarımadasının dayazsulu hissəsində aparılan yeni kəşfiyyat layihələrini də əhatə edib.
BP şirkəti, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı ölkəmizin bəyan etdiyi kimi, “yaşıl enerji” ərazisinə transformasiya etmək işinə xidmət edir. Bu işlər böyük potensiala malikdir. Çünki Azərbaycan qonşu ölkələrlə şaxələndirilmiş enerji bağlantılarına malikdir və ölkəmizdə tələbatdan artıq enerji istehsal olunur.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər uğurla davam etdirilir. Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.
Cavid Əkbərov, “İki sahil”
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb